Eltun Süleymanov: “Zərifə Əliyeva xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir”

Eltun Süleymanov: “Zərifə Əliyeva xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir”


“Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb emlinin parlaq səhifəsidir.
Müdriklərin fikrinə görə, insanın yetişməsində başlıca amillərdən biri də onun formalaşdığı mühitdir. 1923-cü il aprelin 28-də qədim Naxçıvan diyarının Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə ¬xanımın cəmiyyət üçün layiqli insan kimi yetişməsində boya-başa çatdığı ziyalı mühitinin böyük təsiri olmuşdur. Zəriflik, humanistlik, Vətənə qəlbən bağlılıq Zərifə xanımın nəsil şəcərəsindən, yaşadığı ailə mühitindən irəli gəlirdi. Zəngin və davamlı maarifçi ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı idealarla doğru istiqamətləndirmişdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz əlavə edərək bildirmişdir ki, “istedad, zəhmət və ağılla qazanılan uğur illər keçdikcə zənginləşir və ondan bütün cəmiyyət yararlanır. Zərifə xanım da həyat uğurlarına məhz bu keyfiyyətləri sayəsində nail olmuşdu. O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Ali təhsil illərində özünəməxsus fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü, təvazökarlığı, sadəliyi və insanpərvərliyi ilə tələbələr arasında dərin hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdir. Fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və o, öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdur. Görünür, son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi.
O, ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq xalqımızın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlamışdır. İnsanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirin həyata keçirilməsi ağır zəhmət və uzunmüddətli vaxt tələb edirdi. Zərifə xanım Əliyeva 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun qələmə aldığı “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.
Zərifə xanım Əliyeva ciddi elmi-tədqiqat işləri, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, elmi-pedaqoji fəaliyyətini də uğurla davam etdirmişdir. Görkəmli alim 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dəvət olunmuş, həmin kafedranın müdiri vəzifəsində çalışan Zərifə xanım bu institutda ¬dosentlikdən elmin ən yüksək zirvəsi olan -akademikliyə qədər yüksəlmişdir.

Eltun Süleymanov bildirmişdir ki, “1977-ci ildə Bakıda Zərifə Əliyeva¬nın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir keyfiyyətini qabarıq şəkildə üzə çıxarmış, Zərifə xanımın təşkilatçılıq bacarığı nəticəsində tədbir gözlənildiyindən də yüksək səviyyədə keçirilmişdir. ¬Zərifə xanım oftal¬mologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.
Akademik Zərifə Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində də böyük xidmətlər göstərmiş, onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Akademik oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər bu gün də Azərbaycan tibb elminin parlaq səhifələridir.”
Ümummilli lider Heydər Əliyev kimi böyük şəxsiyyətlə ailə qurmuş, bu böyük şəxsiyyətlə ömür yolunda çiyin-çiyinə addımlamış, gərgin iş rejiminə baxmayaraq Vətənə layiqli övladlar yetişdirmiş, ictimai-siyasi fəaliyyəti ilə də örnək olmağı bacarmış bir Ana haqqında ən yaxşı sözləri də məhz Ulu Öndər Heydıər Əliyev demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”
Zərifə Əliyevanın qədirbilən xalqımızın yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qaldı.
Zərifə Əliyeva xalqımızın yetişdirdiyi elə şəxsiyyətlərdən olub ki, o, təkcə elmi fəaliyyəti ilə deyil, bütün mənəvi keyfiyyətləri, nəcib xüsusiyyətlərinə görə də hər zaman sevilir. Çünki yüksək əxlaqi və mənəvi dəyərlərə malik bir ailədə göz açmış Zərifə Əliyeva işıqlı bir ömür yaşadığı kimi, insanlara da nur bəxş etdi, onlara diqqət və qayğısını heç zaman əsirgəmədi. O, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi şərəfli bir missiyanı yerinə yetirməklə yanaşı, hər zaman onun sadiq məsləkdaşı olub, gözəl, qayğıkeş bir ana kimi cəmiyyətimiz üçün layiqli övladlar yetişdirib. Məhz Zərifə xanım Əliyevadan ana öyüdü almış Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bu gün xalqımızın fəxridir”-deyə müsahibimiz fikrini yekunlaşdırmışdır.

Tarix: 17-04-2023, 10:54 Oxunub: 83


Bölməyə aid digər xəbərlər