Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minalar hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.
Qarabağ görünən düşməndən təmizlənib, görünməyəni hələ də qalır. Dövlət başçısı bütün çıxışlarında qeyd edir ki, əsas problemlərdən biri mina məsələdir.
Hazırda azad olunan torpaqlarda tikinti-quruculuq işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənmə prosesi davam etdirilir. Tikinti işlərinin sürətlə aparılmasına, həm də kommunikasiyaların çəkilməsinə maneə yaradan yalnız minalardır. Hansı ki, düşmən həmin əraziləri 30 il ərzində mina və partlamamış sursat məzarlığına çevirib. Sirr deyil ki, bu gün də minalar və müharibələrin qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biri olaraq qalır. Təbii ki, beynəlxalq miqyasda mövcud olan bu cür problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir. Azərbaycan bütün beynəlxalq platformalarda Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və mina xəritələrinin düzgün təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini gündəmə gətirir. Eyni zamanda beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edir.
Lakin beynəlxalq təşkilatlardan bu məsələ ilə əlaqədar hər hansı bir addım atıldığının şahidi olmuruq. Bu cür hadisələrin dünyada bir çox örnəyini görmüşük, hansı ki, beynəlxalq maliyyə fondları problemin aradan qaldırılması üçün vəsaitlər ayırıb. Sözügedən dəstəyin Azərbaycana lazımi səviyyədə göstərilməməsi bu gün beynəlxalq arenadakı ikili standartların bariz nümunələrindən biridir.
Minalarla bağlı əhali arasında da geniş maarifləndirmə işlərinin də aparılmasına ehtiyac var. Bizim başqa yolumuz yoxdur.
Çünki azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub.
Bakıxanov qəsəbəsi, 74 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi Xalidə Abasquliyeva
Bölməyə aid digər xəbərlər