Torpaqları “işğal” edən məmurlar təlaşda - Prezidentin dediyi o siyahı...

Torpaqları “işğal” edən məmurlar təlaşda - Prezidentin dediyi o siyahı...



On hektarlarla sahədə tikilən villaların xəritəsi hazırlanıb

Azərbaycan torpaq ehtiyatlarına görə dünyanın “kasıb” ölkələrindən biri hesab olunur: ölkəmizdə kənd təsərrüfatına yararlı torpaqlar azdır, torpaqların əsas hissəsinin keyfiyyəti isə orta səviyyəyə güclə çatır. Bu isə ölkədə torpaqlardan maksimum səmərəli istifadəni zəruri edir. Lakin uzun illərdir bu sahədə dövlət məmurlarının iştirakı ilə reallaşan anarxiyanın şahidi olmaqdayıq: Bakı şəhərindən tutmuş, ucqar rayonlara qədər məmurlar, varlı iş adamları böyük torpaq sahələrini ələ keçirərək onun təyinatını istədikləri istiqamətdə dəyişirlər. Bir çox hallarda əkinəyararlı torpaqlarda villalar ucaldılır, ətrafdakı on hektarlarla sahə hasarlanır.

İki gün əvvəl yeni vəzifəyə təyin etdiyi icra başçılarını qəbul edən Prezident İlham Əliyev paytaxt Bakıda və rayonlarda qanunsuz ələ keçirilən torpaqlarla bağlı da sərt mövqe ortaya qoyub. Dövlət başçısı deyib ki, hər üç rayonda (Göygöl, Lerik və Masallı-red.) kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar var: “Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir”.

Prezident qeyd edib ki, torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır: “Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır. Azərbaycan ərazi baxımından o qədər də böyük ölkə deyil. Bizim üçün hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər”.

Qeyd edək ki, son illərdə torpaqların qanunsuz zəbtinin qarşısını almaq üçün bir sıra addımlar atılıb.  Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Həmin məcəllənin 112-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Bələdiyyə torpaqlarının özbaşına tutularaq istifadə olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

2019-cu ildə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, yaxud həmin torpaq sahəsini özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir. Torpaqların istehsalat və ya kimyəvi təsirdən korlanmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10000 manatadək cərimə ödəməlidir. Torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslərə 600 manatdan 1000 manatadək, vəzifəli şəxslərə 2000 manatdan 3000 manatadək, hüquqi şəxslərə isə 6000 manatdan 8000 manatadək cərimə tətbiq olunur.

Xəzəri zəbt edən milyonçuların hasarları sökülür Yeni Sabah

Prezidentin imzaladığı sərəncamla Dövlət Əmlakı Xidmətinə torpaqların qanunsuz zəbti ilə bağlı monitorinqlər həyata keçirmək və aşkarlanan pozuntuların qarşısını almaq üçün zəruri tədbirlər görmək səlahiyyəti verilib. Bir neçə il xidmətin bu istiqamətdə fəaliyyətləri geniş rezonans doğuracaq nəticələr üzə çıxarıb. Məsələn, 2018-ci ildə xidmət torpaqdan qanunsuz istifadə üzrə 500-ə yaxın pozuntu halı aşkar edib. Bununla bağlı inzibati tənbehvermə haqqında 170 qərar qəbul edilib. 950-yə yaxın hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq olunub, 230 halla bağlı inzibati protokol tərtib edilib. Son illərdə bu sahədə görülən işlərlə bağlı hesabat açıqlanmadığına görə hansı tədbirlərin görüldüyünü söyləmək mümkün deyil.

Dövlət Statistika Komitəsinin məlumat bazasına əsasən 2020-ci ilin sonuna Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar 4 milyon 780,1 min hektar təşkil edib. Bunun 2 milyon 45,2 min hektarı əkin yeri kimi istifadədə  olunub, daha 39,2 min hektarı dincə qoyulub.  272,7 min hektar çoxillik əkmələrin altında olub, 2 milyon 423 hektarını isə örüş, biçənək və otlaq sahələri təşkil edib. Son 10 ildə ölkədə əkin sahələri əsasən otlaq, biçənək yerlərinin hesabına 190,2 min hektar (1 milyon 855 hektardan 2 milyon 45,2 min hektara), çoxillik əkmələrin sahəsi isə 41,8 min hektar artıb. Otlaq, biçənək yerləri on ildə 217,6 min hektar azalıb.

Vətəndaşlar şikayət edir, məmurlar xalqı saymır” - Deputat

2018-ci il yanvarın 1-nə olan torpaq balansına görə, Azərbaycanın vahid torpaq fondu 8 milyon 655 min 481 hektar təşkil edib. Bundan 4 925 584 hektarı (56,91 faiz) dövlət mülkiyyətində,  2 027 573 hektarı (23,42 faiz) bələdiyyə mülkiyyətində, 1 702 324 hektarı isə (19,67 faiz) xüsusi mülkiyyətdə olan torpaqlar olub.

Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycanın vahid torpaq fondu 7 kateqoriyaya bölünür. Ən böyük torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bu, ümumi fondun 58,54 faizini və ya 5 milyon 66 min 761 hektarını təkil edib. Yaşayış məntəqələrinin torpaqları - 436 546 hektar (5,05 faiz),  sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar - 340 226 hektar (3,93 faiz),  xüsusi qorunan ərazilərin torpaqları - 438 142 hektar (5,07 faiz), meşə fondu torpaqları - 712 342 hektar (8,23 faiz), su fondu torpaqları - 146 339 hektar (1,69 faiz), ehtiyat fondu torpaqları - 293 595 hektar (3,40 faiz) olub.

Göründüyü kimi, ölkədə kənd təsərrüfatına yararlı torpaqların payı ümumi torpaq fondunun 60 faizinə belə çatmır. Ölkə əhalisinin artım sürətini, qlobal ərzaq bazarında formalaşan çağırışları nəzərə alsaq, qanunsuz zəbt olunaraq təyinatı üzrə istifadə olunmayan torpaqların geri alınaraq kənd təsərrüfatının inkişafı məqsədilə istifadəsinin təmin olunmasının nə qədər zəruri olduğunu görə bilərik. Bu baxımdan, Prezidentin yeni icra başçılarını qəbul edərkən açıqladığı məlumat hasarların sökülməsi prosesinin daha geniş vüsət alacağından xəbər verir.

Hansı məmurlar həbs ediləcək? — YAP-dan ANONS | KONKRET

Əldə etdiyimiz məlumata görə, son illərdə böyük şirkətlər, vəzifəli şəxslər tərəfindən ələ keçirilən və boş saxlanılan min hektarlarla torpaqların kənd təsərrüfatının inkişafına cəlb edilməsi istiqamətində ciddi addımlar atılıb. Rayonlarda əvvəllər əkin üçün istifadə olunan torpaqların mühüm hissəsinin yenidən əkin altına alınması təmin edilib. Hazırda bu sahədə əsas problem yüksək vəzifəli məmurların, iş adamlarının bağ evi kimi istifadə etdikləri böyük villaların ətrafındakı torpaqlardır. Belə ki, xüsusilə turizm baxımından əlverişli olan yaşayış məntəqələrində saysız-hesabsız villalar var ki, hər biri 10-15 hektar torpaqla əhatə olunub. Bir çox hallarda bu villalar meşələrin ortalarında, yaxud ən münbit torpaqlarda tikilib. Verilən məlumata görə, ötən ildən başlayaraq belə villaların siyahılaşdırılması həyata keçirilib, bu zaman peyk xidmətlərindən geniş istifadə edilib. Bütün ölkə boyu belə villaların qeydiyyatı aparılıb, xəritə tərtib olunaraq ölkə rəhbərliyinə təqdim edilib. Vəziyyətlə tanış olan dövlət başçısı bütün faktlar üzrə araşdırma aparılmasını, qanunsuz zəbtlərin, torpaqların təyinatının icazəsiz dəyişdirilməsi faktlarının siyahılaşdırılmasını və müvafiq tədbirlər görülməsini tapşırıb.

Onu da qeyd edək ki, haqqında bəhs olunan villaların xeyli hissəsinin yerləşdiyi torpaqlar qanuni yolla əldə edilib - özəlləşdirmə zamanı əhaliyə verilən pay torpaqlarıdır və sahiblərindən qanuni yolla satın alınıb. Lakin həmin torpaqlarda villaların tikintisi, daha sonra onların əkinə cəlb olunmaması qanun pozuntusu hesab olunur. Bəzi hallarda yüksək vəzifəli məmurlar aldıqları torpaqların təyinatının dəyişdirilməsinə də nail ola biliblər. Bunun necə həyata keçirildiyi hazırda araşdırma istiqamətlərindən biridir...

Mənbə: “Yeni Müsavat”

Tarix: 27-07-2022, 13:30 Oxunub: 72


Bölməyə aid digər xəbərlər