Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”

Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”


Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra ötən ikinci ili başa vurmaq üzrədir. 2022-ci il xalqımız və dövlətimiz üçün bir sıra önəmli hadisələrlə əlamətdar olub. Həmçinin ölkəmizin əldə etdiyi uğur və nailiyyətlər Azərbaycanın növbəti ilə daha güclü dövlət olaraq qədəm qoymasını təmin edib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə oynadığı rolun getdikcə artan əhəmiyyəti, Asiyanı Avropa ilə birləşdirən mühüm beynəlxalq nəqliyyat-logistik layihələrdə aparıcı mövqelərdə iştirakı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təsisatlarda yüksək nüfuz sahibi olması, dünya və xüsusilə də Avrasiya məkanı ölkələri ilə çoxtərəfli və ikitərəfli formatlarda dostluq və əməkdaşlıq əlaqələrinin getdikcə daha da genişlənməsi və möhkəmlənməsi bunu deməyə əsas verir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu, praqmatik xarici və daxili siyasət kursu sayəsində Azərbaycan müəyyən etdiyi bütün hədəflərə sabit ardıcıllıqla çatmaqda davam edir. Təbii ki, bu hədəflərin sırasında ölkənin iqtisadi gücünün artması və insanlarımızın rifah yüksəlişinin təmin olunması xüsusi yer tutur. Məhz bu baxımdan da bu gün Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi irimiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də ölkədə davamlı olaraq həyata keçirilən və insanların maddi təminatlarının daha da möhkəmləndirilməsinə hesablanmış sosial islahatlar respublikamızın iqtisadi gücünün ən bariz göstəriciləri kimi çıxış edə bilər.
Bütün bunlarla yanaşı növbəti illərdə Azərbaycanın öz qarşısına daha yüksək və müəyyən aspektlərdə daha vacib hədəflər qoyduğu bu gün ölkənin ictimai-siyasi həyatında cərəyan edən hadisələrin mahiyyətində duran amillərdən və ilk növbədə Prezident İlham Əliyevin öz çıxışlarında verdiyi mesajlardan aydın görünür. Yeni il ərəfəsində dövlət başçısının Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyasını irəli sürməsi də məhz Azərbaycanın qarşısında duran növbəti hədəfi müəyyənləşdirən çağırış oldu.


Bugünkü buraxılışımızda yeni Qayıdış Konsepsiyası və ölkə ictimaiyyətini maraqlandıran digər mövzular ətrafında AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, artıq yola salmaqda olduğumuz 2022-ci ilin son günlərində Sizinlə bir daha görüşmək imkanı əldə etdiyimizə görə şox şadıq. Xoş gördük Sizi.


- Salam, xoş gününüz olsun. Mən də bu görüşümüzdən çox məmnunam.

- Eldar müəllim, yəqin Siz də razılaşarsınız ki, bu gün Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzu sözsüz ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü zamanı söylədiyi nitqində səsləndirdiyi fikirlərlə bağlıdır. Bir qədər də dəqiq desək, dövlət başçısının verdiyi “Biz Qərbi Azərbaycana Qayıdacağıq” mesajı ölkə ictimaiyyəti tərəfindən xalqın artıq yüz ildən bəri davam edən və bu illər ərzində hədsiz dərəcədə böyümüş bir nisgilinə son qoyacaq qərar kimi qəbul edildi. Bu baxımdan Siz Qərbi Azərbaycandan olan soydaşlarımızın yaxın gələcəkdə öz dədə-baba yurdlarına qayıtma ehtimalını necə qiymətləndirirsiniz?

- İlk növbədə mən bir məqamı qeyd etmək istəyirəm. Bu gün Qərbi azərbaycanlıların öz tarixi yurd yerlərinə qayıdış perspektivlərinin reallaşdırılmasını bir çox ifadələrlə adlandırmaq olar – məqsəd, qarşıya qoyulmuş vəzifə, yeni müəyyən edilmiş hədəf və sairə kimi. Yalnız tək bir kəlmədən başqa. Bu da ehtimal ifadəsidir. Dekabr ayının 24-ü tarixinədək hələ bu sözü işlətməyin bəlkə də yeri var idi. Lakin bu tarixdə möhtərəm dövlət başçımız cənab İlham Əliyev Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyasını bir vəzifə kimi ortaya qoyduqdan sonra, artıq bu perspektivin bir ehtimal statusundan çıxdığı və Azərbaycan xalqının, Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixən yaşadıqları torpaqlara geri dönüşlərinin sadəcə bir zaman məsələsi olduğu heç kimdə şübhə doğura bilməz. Bu gün Azərbaycan Prezidentinin hər bir kəlməsinin ən yüksək səviyyələrdə imzalanmış istənilən bir saziş və müqavilədən daha etibarlı təminat olduğunu artıq sadəcə Azərbaycan xalqı deyil, həmçinin bütün dünya ictimaiyyəti də yaxşı bilir. Əgər dövlət başçımız bizim Qərbi Azərbaycana qayıdacağımızı deyibsə, deməli bunun baş verəcəyi artıq labüddür. Digər tərəfdən isə, cənab Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin, ifadə etdiyi fikirlərin bu qədər yüksək çəki və nüfuza malik olmasının başlıca səbəbi dövlət başçımızın hər kəlməsinin təkzibolunmaz dəlil və sübutlara, tarixi faktlara əsaslanmasıdır. O cümlədən möhtərəm Prezidentimiz dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşün gedişində Azərbaycan xalqının bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan zəruri addımlar barədə fikirlərini açıq və net şəkildə ifadə etmişdir. Əslində dövlət başçımızın çıxışının əsasında duran Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyası mahiyyət etibarı ilə bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir və bu ideyanın tezliklə həyata keçirilməsi dövlət əhəmiyyətli məsələdir. Cənab Prezidentin qeyd etdiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər və xəritələr, həmçinin tarixin özü təsdiqləyir. Öz işğalçı siyasətlərini nəyin bahasına olursa-olsun həyata keçirməyə çalışan ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Mövcud olan tarixi sənədlər və xəritələr ermənilərin bütün cəhdlərini boşa çıxarır. Bütün tarixi mənbələr sübut edir ki, indiki Ermənistan ərazisində tarix boyu məhz Azərbaycan xalqı yaşayıb. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas prioritet istiqamətlərindən biri də məhz Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu məqsədlə dövlət başçısı işlərin daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparılmasının vacib olduğunu qeyd etmişdir. Azərbaycanın tarixi torpaqlarında ermənilərin xarici havadarlarının köməyi ilə yaratdıqları Ermənistan bu gün Avrasiya məkanında mövcud olan yeganə monoetnik dövlətdir. Bu da tarixən həmin torpaqlarda yaşamış azərbaycanlıların öz dədə-baba yurdlarından zorla deportasiya olunmalarından sonra baş vermişdir. Lakin Azərbaycan iki il bundan öncə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu gün isə artıq həmin reallıqların verdiyi imkanlardan yararlanmağın və tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın tam zamanıdır.

- Mövzunu davam etdirərək cənab Prezident İlham Əliyevin 24 dekabr tarixli çıxışında toxunduğu daha bir məsələ barədə fikirlərinizi öyrənmək istərdik. Bu gün dünyada mövcud olan antiazərbaycan qüvvələrin ölkəmizə qarşı saxta ittihamlar irəli sürmək üçün istinad etməyə çalışdıqları hadisələrdən biri də sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla sərhəddə həyata keçirdikləri hərbi əməliyyatdır. Bu barədə nə deyə bilərsiz?

- İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Ermənistanla sərhəd ərazilərində bu hərbi əməliyyatı keçirməyə məcbur idi. Hər şeydən öncə bu, ölkənin təhlükəsizliyi baxımından zəruri idi. Sentyabr toqquşmaları Azərbaycanı gələcəkdə yarana biləcək böyük problemlərdən sığortalayacaq. Öz nitqində cənab Prezident İlham Əliyev də qeyd etdi ki, bu gün Ermənistanda revanşist qüvvələr xarici havadarlarının təhriki və dəstəyi ilə yenidən baş qaldırırlar. Ermənistan cəmiyyətinin şüuru azərbaycanofobiya ilə o qədər zəhərlənib ki, bu ölkənin siyasi səhnəsində faktiki olaraq normal düşüncəyə malik olan insan tapmaq qeyri-mümkündür. İkinci bir tərəfdən də Azərbaycanın xarici düşmənləri erməni revanşizmini öz məqsədləri üçün qidalandırır və bu amildən ölkəmizə qarşı yeni təhdid vasitəsi kimi istifadə etməyə çalışırlar. Ermənilər isə, hər zaman olduğu kimi, yenə də revanş almaq fikri ilə yaşayır və ümid edirlər ki, hansısa üçüncü qüvvələri Azərbaycanla müharibəyə cəlb edə biləcək, özləri isə hansısa güclü himayədarın arxasında gizlənərək bizə qarşı məkrli planlarını həyata keçirəcəklər. Məhz bütün bunlardan sığortalanmaq üçün Azərbaycan mütləq Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idi və buna da nail oldu. Bu gün Azərbaycanın mövqelərindən artıq Göyçə gölünü görmək olur. Həmçinin Azərbaycanın nəzarətində olan yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Az öncə də qeyd etdiyimiz kimi, bizi bu doğma torpaqlarımızdan ayıran ərazilər də əslində tarixi Azərbaycan torpaqlarıdır. Bizim bu ərazilərə sərhəd hüdudlarından, nisgillə baxmağımız ölçüyəgəlməz haqsızlıqdır. Bu azmış kimi, erməni qəsbkarları xalqımızı otuz il ərzində Qarabağ həsrətini də yaşamağa məcbur etdilər. Bir daha sentyabr əməliyyatına qayıdaraq demək istəyirəm ki, cənab Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu il Azərbaycanın əldə etdiyi həm hərbi, həm də siyasi uğurlar həm Qərbi Azərbaycana gələcək qayıdışımız üçün, həm də ölkəmizin təhlükəsizliyi üçün möhkəm zəmin yaradan məqamlardır. Eyni zamanda da bu qələbələr, dövlət başçımızn dediyi kimi, Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyən qüvvələrə açıq-aydın bir xəbərdarlıq mesajıdır.

- Yeri gəlmişkən, ermənilərin və onların havadarlarının öz cinayətlərini ört-basdır etmək məqsədilə ətrafında hay-küy qaldırdıqları Laçın-Şuşa yolunda cərəyan edən hadisələr də artıq neçə müddətdir ki, dünya ictimaiyyətinin diqqətini cəlb etməkdədir. Necə bilirsiz, bu baş verənlər ölkəmizin beynəlxalq nüfuzuna təsir baxımından hansı nəticələrə səbəb ola bilər?

- Azərbaycan Ermənistanla bağlı bütün digər hallarda olduğu kimi, bu məsələdə də yalnız öz hüquqlarını müdafiə edir, öz haqqını tələb edir. Təbii ki, ermənilər hər zamankı kimi, bu dəfə də Azərbaycan Respublikasının suveren ərazisi olan və müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi Laçın yolu ətrafında cərəyan edən hadisələrin mahiyyəti barədə dünya ictimaiyyətinə təhrif olunmuş məlumatlar təqdim etməklə öz cinayətlərindən diqqəti yayındırmağa çalışırlar. Və yenə də bəzi dövlətlər özlərinin Xarici İşlər Nazirlikləri səviyyəsində əsassız və qərəzli bəyanatlar səsləndirməklə ölkəmizə təzyiq göstərməyə çalışırlar. Halbuki, məsələnin əsli bundan ibarətdir ki, Ermənistan 30 il davam edən işğal dövrü ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi və ekoloji cinayətlərini bu gün də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdə davam etdirir və Azərbaycan ictimaiyyəti buna haqlı etirazlarını bildirir. Məlum olduğu kimi, bu ilin dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinq keçirmələri ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparılıb. Monitorinqin aparılmasına dair razılıq əldə olunsa da dekabrın 10-da Azərbaycan nümayəndələrinin sözügedən ərazilərə səfərinə maneçilik törədilib. Məhz bu səbəbdən də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etiraz aksiyasına başlayıblar. Bu aksiya bütün Azərbaycan xalqının haqlı narazılığının göstəricisidir və hər kəs buna hörmətlə yanaşmalıdır. Ayrı-ayrı ölkələrin məsələyə qərəzli yanaşmaları isə ermənilərin Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi fəaliyyətini və təbii sərvətlərin qanunsuz istismarına yönəlmiş hərəkətlərini, eləcə də davam edən hərbi cinayətlərini təqdir etmək anlamına gəlir. Təbii ki, bu ölkələrin Ermənistanın artıq post-müharibə dövründə də Azərbaycan ərazilərinə davamlı olaraq Laçın dəhlizi vasitəsilə silah-sursatın və son iki ildə artıq yüzlərlə insanın ölümünə səbəb olmuş minaların hələ də daşınması, ölkəmizin təbii sərvətlərinin talan edilməsi, qiymətli metal və digər yataqların qanunsuz istismarı nəticəsində Azərbaycan təbiətinin məhv edilməsi kimi cinayət əməllərini dəstəkləmələrinin həm siyasi, həm də iqtisadi motivləri var. Məsələ bundadır ki, Azərbaycanın təbii sərvətlərinin talanmasında iştirak edən xarici şirkət və korporasiyalar arasında məhz bu gün bizə təzyiq etməyə çalışan ölkələrin təmsilçiləri də yer alıblar. Təbii ki, bu məqamda iqtisadi qazanc əldə edən korporasiyalarla Cənubi Qafqazı daimi hərbi münaqişə regionu olaraq görmək istəyən güclərin maraqları üst-üstə düşür. Rəsmi İrəvan isə silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən çıxarmamaqla, Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etməklə, bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törətməklə 2020-ci ildə imzalanmış 10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən vacib bəndlərini kobud şəkildə pozur. Əminəm ki, Azərbaycan yalnız bu kimi hallara göz yummaqla öz beynəlxalq nüfuzuna xələl gətirə bilər. Əksinə, öz prinsipial mövqeyini ortaya qoymaqla həm Azərbaycan xalqı, həm də Azərbaycan dövləti dünyada sahib olduğu mövqelərini daha da möhkəmlətmiş olur. Yeri gəlmişkən ölkəmizin xüsusilə son vaxtlar bir sıra Mərkəzi və Cənub-Şərqi Avropa dövlətləri ilə münasibətlərində müşahidə olunan yüksək dinamika da bunu bir daha təsdiq edir.

- Tamamilə Sizinlə razıyam və əslində mənim növbəti sualım da məhz elə bu məqamlarla bağlıdır. Məlumdur ki, son bir neçə ayda cənab Prezident İlham Əliyevin bir sıra Avropa ölkələrinə etdiyi işgüzar səfərlər, eləcə də bu ölkələrin dövlət başçılarının Azərbaycana rəsmi səfərləri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib. Bu münasibətlərin perspektivləri barədə nə deyə bilərsiz?

- Bilirsiz ki, son vaxtlar Azərbaycan cəmiyyətində ən çox danışılan mövzulardan biri ölkəmizin Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə artan aparıcı rolu barədədir. Lakin bu barədə danışarkən biz bəzən bir vacib məqama lazım olduğundan daha az diqqət yetiririk. Bu da ondan ibarətdir ki, qarşılıqlı əlaqələrin genişlənməsində Avropa ölkələri ən azı Azərbaycan qədər, bəzi hallarda isə daha artıq maraqlıdırlar. Çünki bu əməkdaşlıq formatlarında Azərbaycan enerji ixrac edən, Avropa ölkələri isə idxal edən tərəflərdir. Bu gün Avropa ölkələri üçün yeni enerji mənbələrinin müəyyən edilməsi dövlət siyasətinin strateji əhəmiyyət kəsb edən prioritet istiqamətidir. Bu, təhlükəsizlik məsələsidir və hər bir müdrik dövlət başçısı bu kimi məsələlərdə ilk növbədə hansısa böyük qonşusunun şübhəli maraqlarını deyil, məhz öz ölkəsinin və xalqının mənafelərini düşünməlidir. Rumıniya, Macarıstan, Serbiya və bir çox digər Avropa ölkələrinin timsalında da biz bu gün məhz bunu müşahidə edirik. Buna görə də Avropanın lider dövlətlərindən olan Fransanın qərəzli çıxışları əksər ölkələrin etibarlı tərəfdaş olan Azərbaycanla münasibətlərinə qətiyyən təsir etmir. Buna nümunələr kifayət qədər çoxdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dekabrın 17-də Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfəri də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradacaq sənədin imzalanması ilə əlamətdar oldu. Həmin gün Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirildi. Tədbirdə çıxış edən Avropa liderləri birmənalı olaraq Azərbaycanla iqtisadi əməkdaşlıq müstəvisində yaxınlaşmadan məmnun olduqlarını qeyd etdilər. Bu baxımdan Macarıstanın Baş naziri Viktor Orbanın səsləndirdiyi fikirlər xüsusilə diqqətəlayiqdir: “Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar edə biləcəyinin şahidi olmuşam. Bu gün enerji sahəsində Macarıstan adından bu sazişi imzalaya bildiyimiz üçün biz Azərbaycandakı, Gürcüstandakı və Rumıniyadakı dostlarımıza, həmçinin Avropa Komissiyasının Prezidentinə minnətdarıq.” Həmçinin tədbirdə çıxış edən Rumıniyanın Baş naziri Nikolae Çuke dünyada baş verən hazırkı böhran şəraitində həmrəylik nümayiş etdirməyin və ehtiyatları bir araya gətirməyin vacibliyini qeyd edərək, 2023-cü ilin əvvəlindən Azərbaycan qazının Rumıniyaya çatdırılması ilə bağlı razılığa gəlinməsi istiqamətində irəliləyişi alqışladığını bildirdi. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmləndiyini və ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələlərində rolunun önəminin bundan sonra daha da artaçağını söyləməyə əsas verir. Həmçinin Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin inkişaf perspektivləri barədə sualınıza cavab olaraq mən Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dekabrın 21-də ölkəmizə etdiyi işgüzar səfəri çərçivəsində mətbuata verdiyi bəyanatından bəzi fikirlərini sitat gətirə bilərəm: “Prezident Əliyev, mən Sizə dostluğa, Serbiyaya səmimi münasibətinizə görə olduqca minnətdaram. Arzu edirəm və ümidvaram ki, Siz tezliklə yenidən Serbiya Respublikasına səfər edəcəksiniz və hər hansı Avropa ölkəsinə səfəriniz zamanı daim Serbiyada dayanacaqsınız və o, Sizin həmişə məmnunluqla baş çəkəcəyiniz ikinci eviniz olacaq. Mən həmişə Bakıya gələndə həqiqətən də çox xoşbəxt oluram. Ümidvaram ki, Sizin baxışınız, bizim və xalqınızın səyləri sayəsində əməkdaşlığımız üçün yeni pəncərə açacağıq.” Düşünürəm ki, bu sözlər heç bir əlavə şərh tələb etmir.

Ardı var...

Söhbətləşdi: Azər Məmmədov


Tarix: 28-12-2022, 16:10 Oxunub: 60


Bölməyə aid digər xəbərlər