Aqiyə Naxçıvanlı: “Azərbaycan etibarlı tərəfdaş kimi bundan sonra da Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayacaq”

Aqiyə Naxçıvanlı: “Azərbaycan etibarlı tərəfdaş kimi bundan sonra da Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayacaq”


“Prezident İlham Əliyevin fevralın 4-də Bakıda, “Gülüstan” sarayında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında etdiyi çıxışında bu layihənin həm Azərbaycan, həm də Avropa ölkələri üçün əhəmiyyəti qeyd olunmuş, eləcə də ölkəmizin bu sahədə artan potensialı barədə ətraflı açıqlamalar təqdim olunmuşdur. Dövlət başçımız bildirmişdir ki, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr - Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışıb və layihənin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışlar. Bununla belə, dəyəri 33 milyard ABŞ dolları olan bu layihədə əlbəttə ki, Azərbaycanın rolu müstəsnadır və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısının da hər dəfə məhz Azərbaycanda keçirilməsi bunu təsdiqləyən mühüm amillərdən biridir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili Prezident İlham Əliyevin çıxışında Azərbaycanın enerji ehtiyatları ilə bağlı bir çox maraqlı məqamların geniş əhatə olunduğunu qeyd edərək bildirib ki, ölkəmizin mövcud potensialı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun bundan sonra daha da artmasına əlverişli zəmin yardır: “Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin xüsusi rolu var. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın istismara verilməsilə artıq daha yüksək səviyyəyə keçid almış oldu və bu nailiyyət ilk növbədə Prezident İlham Əliyevin bütün bu illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində əldə olunub. Cənub Qaz Dəhlizi qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edib. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər də getdikcə artır. Həmçinin yeni bazarlarda Azərbaycan qazına ehtiyac var və tələbat getdikcə artır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyi baxımından önəmini artıran əsas məqamlardan biri də budur ki, bu gün Azərbaycanın isbat edilmiş qaz ehtiyatları kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Bu barədə Məşvərət Şurasının toplantısında açıqlama verən Prezident İlham Əliyev bildirdi ki, bu göstərici 2,6 trilyon kubmetrdir. O cümlədən ən böyük yataq bir trilyon kubmetr ehtiyatı təsdiqlənmiş “Şahdəniz” yatağıdır. Lakin mövcud perspektivlər Azərbaycanın isbat edilmiş qaz ehtiyatları göstəricilərinin yaxın gələcəkdə dəyişərək daha yüksək olacağını deməyə əsas verir. O cümlədən, yaxşı nəticə verəcəyi gözlənilən digər böyük bir yataq “Babək”dir və onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. “Azəri-Çıraq-Günəşli”dən də böyük gözləntilər var. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir. Birmənalı olaraq vurğulamaq lazımdır ki, bu tərədaşlıq ölkəmizin milli mənafeylərinə tamamilə uyğundur.”

Daha sonra Aqiyə Naxçıvanlı deyib ki, bu gün Azərbaycanda qaza və ümumiyyətlə enerji daşıyıcılarına daxili tələbatın artması, eləcə də qonşu ölkələrə elektrik enerjisinin ixracında müşahidə olunan artım bərpa olunan enerji növlərinin istehsalı məsələsinə diqqəti daha da artırıb: “Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Eyni zamanda da ölkəmiz dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Əbəs yerə deyil ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir və bu, əlbəttə ki, çox böyük nailiyyətdir. Lakin bu gün Azərbaycan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana da elektrik enerjisi ixrac edir. Həm də bu ixracın həcmi getdikcə artır. İkinci bir tərəfdən Azərbaycanın daxilində də istər təbii qaza, istərsə də digər enerji resurslarına tələbat getdikcə artır. Bunun da bir çox səbəbləri vardır. İlk növbədə daxili tələbatın artmasına səbəb olan amillərdən biri Azərbaycanda demoqrafik vəziyyətin müsbət olması, yəni əhalinin sayının getdikcə artmasıdır. Həmçinin sənayenin inkişafı və əlbəttə ki, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün də əlavə həcmdə qaza ehtiyac var. Bir sözlə qaza və enerjiyə tələbat getdikcə artır və bu da bərpaolunan enerji növlərinin istehsalına marağı artırır. Çünki məhz bərpaolunan enerji mənbələrinin çoxluği ixrac üçün daha çox təbii qaza qənaət etməyə imkan verə bilər. Buna görə də bu məqsədlərə böyük həcmdə vəsait yatırılır, yeni elektrik stansiyaları tikilir. O cümlədən ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa, Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər kifayət qədər yüksəkdir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Beləliklə, Azərbaycan enerji sahəsində çox yüksək potensiala sahibdir və bu da, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolun bundan sonra daha da artacağını deməyə tam əsas verir.”

Tarix: 4-02-2022, 10:01 Oxunub: 83


Bölməyə aid digər xəbərlər