"Onlar yeni böyük müharibəyə hazırlaşırlar, bizdə kəşfiyyat məlumatları var"

"Hesab edirəm ki, onların (Ermənistan) təxribatının səbəblərindən biri məhz zondaj aparmaq idi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyası nə olacaq? Çünki onlar yeni böyük müharibəyə hazırlaşırlar. Bizdə operativ kəşfiyyat məlumatı var. Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər"
QanunXəbər.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
“Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”,- İlham Əliyev deyib.
Müsahibədən ixtisarla
Cənab Prezident, mənim sualım Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Danışıqların hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
-Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mən çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və hesab edirəm ki, bu, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər. Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır. Siz bilirsiniz ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni, biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüd idi. Çünki Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət hakimiyyətə gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdır ki, bu məsələni həll etmək istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o əvvəlki yanlış siyasətə düzəliş edəcək. Xüsusilə mənim Ermənistanın baş naziri ilə Düşənbədəki məlum görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi. O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək. Onlar danışıqlara meyillidir, məsələni həll etmək istəyirlər və xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışıqlar aparmalıyıq və o təqdirdə, əlbəttə, atəşkəs rejimi daha da möhkəm olacaqdır. O görüşdən sonra hər iki tərəf razılıq əsasında ayrı-ayrı açıqlamalar verdi. Açıqlamaların əsas mahiyyəti ondan ibarət idi ki, biz görüşdük, yəni, qeyri-formal, qeyri-rəsmi görüş keçirdik, razılaşdıq ki, danışıqlar prosesi sürətləndirilsin və atəşkəs rejimi möhkəmləndirilsin. Çünki bu iki mövqe daim vəhdət təşkil etməlidir. Əks təqdirdə, bu, status-kvonun möhkəmləndirilməsi demək olacaqdır, buna isə biz heç vaxt razı ola bilmərik. Müəyyən müddət ərzində Minsk qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər. Ancaq keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi.
İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu da formatı dəyişdirmək deməkdir və buna əlbəttə ki, biz heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də buna əlbəttə ki, heç vaxt razı ola bilməzdilər. Düzdür, onlar diplomatdırlar və çalışırlar ki, diplomatik leksikonu dilə gətirsinlər, ancaq hesab edirəm, Ermənistan tərəfinə artıq deyildi ki, bu kimi açıqlamalar ziyanlıdır və onların özləri üçün də problemlər yaradır. Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan. Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da davam edək, bu, sadəcə, məsuliyyətsizlik olar. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. İndi baxın, onların digər addımlarına. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Onların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur – onlar bunu nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır, bizi təxribata çəkirlər. İnternetdə göstərirlər ki, Livandan hansısa erməni ailəsi gəlibdir, orada hansısa iş görür. Ondan başqa, bizim qədim tarixi şəhərimiz Şuşada o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqeyimizdə dayanmışıq. Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır. İyul təxribatı. O da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən o vaxt da demişəm, bu gün də deyirəm, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və əgər istəsəydik, biz Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur, əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün. İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. O, ifadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. Yəni, bu, çoban deyil, bu, yolunu azmış hansısa uşaq deyil. Yoxsa onlar bütün casuslarını çoban və dəli adlandırırlar. Bizdə onlardan artıq 5-6-sı var. Hamısı da dəli, hamısı da çoban? Belə çıxır ki, yəni, Ermənistanda çobanlar və dəlilər əksəriyyət təşkil edir? Buna da çoban demək istəyirdilər, amma daha deyə bilmirlər. Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik? Yox, onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar. Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yox idi. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Ona görə bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər, hesab edirəm ki, səhv edirlər. Nə qədər bunu tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır.
-Cənab Prezident, Ermənistan iyul ayında dövlət sərhədində hərbi təxribat törətdi və Azərbaycan Ordusu tərəfindən layiqli cavabını aldı. İşğalçının təxribatları bu gün də davam etməkdədir. Sizcə Ermənistanın bütün bunları törətməkdə məqsədi nədir?
-Hesab edirəm ki, bu təxribatın məqsədlərindən biri haqqında mən öz fikirlərimi ətraflı söylədim. Digər məqsəd ondan ibarət idi ki, Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirildi. Günnüt əməliyyatı onların növbəti məğlubiyyəti idi. Düzdür o vaxt, sözün düzü, əməliyyat artıq keçiriləndən sonra mən göstəriş verdim ki, bu əməliyyat haqqında geniş məlumat verməyin. Çünki biz erməni rəhbərliyindən fərqli olaraq piar üçün yox, mahiyyət üçün işləyirik. Bizə mahiyyət lazımdır. Biz o əməliyyatı keçirdik. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox böyük məharətlə, peşəkarlıqla bir itki vermədən önəmli strateji yüksəklikləri aldı, mövqelərimizi möhkəmləndirdik. Ermənilər ayılıb gördülər ki, biz artıq oradayıq. Cürət etmədilər, qorxdular ki, bizi oradan çıxarmağa cəhd etsinlər. Artıq Ermənistandan Dağlıq Qarabağa gedən yol da bizim gözümüzün qabağındadır. Onlar bunu unutmasınlar. Biz görürük, hansı maşınlar keçir, necə keçir. Onlar bunu gizlədirdilər. Çünki Paşinyan təzə gəlmişdi və gələn kimi belə acı məğlubiyyət, alçaldıcı məğlubiyyət. Onlar da gizlədirdilər. Mən də hesab edirdim ki, gizlədirlər, biz də gizlədək. Birincisi, nəyə lazımdır? Biz istədiyimizə nail olmuşuq. İkincisi, yenə də deyirəm biz istəmədik ki, bu yolla əvvəlki hakimiyyətin əlinə bir arqument verək. Çünki o vaxt Ermənistanda vəziyyət lap ağır idi, indi də sabit deyil. Əgər o vaxt bu, dərhal bilinsəydi, ola bilər ki, hansısa daxili revanş hissləri üzə çıxa bilərdi. Amma sonra ondan əvvəlki hakimiyyətin jurnalistləri gəldilər gördülər ki, onların kəndinin başında Azərbaycan əsgərləri oturublar və onlara baxırlar. Yavaş-yavaş başladılar bu mövzunu istismar etməyə. Sonra artıq bu, üzə çıxanda mən də dedim ki, indi açıqlama verin nə etmişik, qoy, hamı bilsin. Oraya çəkiliş qrupu da getdi, çəkilişlər etdi. Siz də orada olmusunuz, görmüsünüz.
Yəni, ikinci məqsəd Paşinyan üçün hər hansı bir qələbənin qazanılması idi. İyul hadisələrini onlar məhz belə planlaşdırmışdılar. Çünki onlar bilirdilər ki, bizim dövlət sərhədinin böyük hissəsində sərhəd qoşunları yerləşib. Bu da bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim artıq o sərhəddə ordu yox, sərhədin böyük hissəsində sərhədçilər yerləşir. Hesab edirlər ki, onlar rahatlıqla oradan keçib hansısa torpağı zəbt edə bilərlər. Ondan sonra belə raportlar verə bilərlər ki, onlar Azərbaycan torpağını işğal ediblər. Necə ki, onların müdafiə naziri demişdi ki, yeni ərazilər uğrunda yeni müharibə olacaq. O da təxribatın bir təzahürüdür. Amma o da alınmadı. Bir santimetr belə girə bilmədilər. Biz onlara sarsıdıcı zərbələr endirdik. O zərbələrin bəziləri internetdə göstərildi. Dəqiq atəşlə onların dayaq məntəqələri məhv edildi. Bir daha demək istəyirəm ki, artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Mənə gün ərzində dəfələrlə məlumat verilirdi. Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində. Amma getmədik. Biz məsuliyyətli ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki, Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq.
Bu da alınmadı. İndi də onlar o məğlubiyyəti qələbə kimi qələmə vermək istəyirlər. Amma sual olunur, əgər bu, qələbədirsə, haradadır bu qələbə? Nədir onda bu qələbə? Bu, birincisi. İkincisi, əgər bu qələbədirsə, onda siz niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edirsiniz? Niyə hay-küy qaldırırsınız? Niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək istəyirsiniz? Hesab edirəm ki, onların təxribatının səbəblərindən biri məhz zondaj aparmaq idi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyası nə olacaq? Çünki onlar yeni böyük müharibəyə hazırlaşırlar. Bizdə operativ kəşfiyyat məlumatı var. Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər. Bu qədər deyə bilərəm. Bundan artıq deyə bilmərəm. Ona görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. O da alınmadı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bir bəyanat da vermədi, bir şərh verdi. Ondan sonra gördülər ki, onların səyləri puça çıxdı və çəkildilər kənara. İndi yenə də əfsanələr uydururlar ki, onlar böyük qələbə qazanıblar. Amma reallıq bundan ibarətdir.
Bu, bir daha onu göstərir ki, Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.
-Cənab Prezident, iyul ayında törədilən bu təxribat zamanı və ondan sonrakı dövrdə yerli və xarici mətbuatda Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi barədə məlumatlar yayıldı. Bu məsələ ilə bağlı bir daha Sizin münasibətinizi öyrənmək istərdik.
-Birincisi, bir daha demək istəyirəm ki, Ermənistan bizim üçün daim təhlükə mənbəyidir. Ona görə Ermənistanla əlaqədar olan bütün hadisələri biz izləməliyik və bilməliyik. Sual yarana bilər, biz haradan bilmişik ki, Serbiyadan və Rusiyadan onlara silahlar göndərildi. Xüsusilə Serbiyadan göndərildi. Bunu biz, əlbəttə ki, etibarlı mənbələrdən öyrənmişik. O ölkələrə bu məsələ ilə bağlı diplomatik kanallarla siqnallar göndərildi. Eyni zamanda, hər iki ölkənin prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Onu bildirdim ki, Azərbaycan cəmiyyətində bu, bir çox suallar doğurur. Xüsusilə bu yüklərin daşınmasının intensiv xarakter alması, eyni zamanda, toqquşmaların dayandırılmasından dərhal sonra baş verməsi və iyul ayından sentyabr ayına qədər davam etməsi. Artıq bu da faktdır. Ona görə məsuliyyətli ölkə kimi mən hesab etdim ki, bu məsələni mütləq aydınlaşdırmalıyam. Mən, ümumiyyətlə, hesab edirəm ki, əgər hansısa problem, sual, narahatlıq varsa, niyə biz bunu gizlətməliyik. Biz bunu dilə gətirməliyik və bunu da etdik. Telefon danışıqları ilə əlaqədar Prezidentin Mətbuat Xidməti müvafiq açıqlamalar dərc etdi. Hesab edirəm ki, oradakı məlumat kifayətdir.
Əlbəttə ki, bu, bizi çox narahat edir. Çünki Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edib. Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Silahların göndərilməsinin intensiv xarakter alması əlbəttə ki, bizi ciddi narahat edir. Çünki bu silahlar bizə qarşı istifadə olunur. Bu silahlarla bizim uşaqlarımız, insanlarımız vurulur, həlak olur. Ona görə bu məsələ, hər bir başqa məsələ kimi, diqqət mərkəzindədir. Biz bundan sonra da vəziyyətə nəzarət edəcəyik.
Söz düşmüşkən onu da bildirməliyəm ki, mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Hökumətlərarası əlaqələr gündən-günə möhkəmlənir. Bir çox önəmli layihələr icra edilir. Bu yaxınlarda bizim Xarici İşlər nazirimiz Gürcüstana rəsmi səfər edəcək. Bu, onun Xarici İşlər naziri kimi Gürcüstana ilk səfəri olacaq. İndi səfərin proqramı hazırlanır. Bir çox məsələlər var. Bizi həm tarixi əlaqələr bağlayır, həm ortaq maraqlar. Bu gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Mən bir daha demək istəyirəm ki, Gürcüstan Hökuməti və Azərbaycan Hökuməti bir-birilə sıx təmasdadır və bu, davam edəcəkdir.
Ancaq o da həqiqətdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Çünki yenə də deyirəm, biz etibarlı tərəfdaşıq və bütün məsələləri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Mən indi bu tarixi faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Amma baxın, Ermənistan özünü necə aparır? Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Orada altdan-altdan təxribat xarakterli işlər görürlər, ideoloji iş aparırlar. Amma Ermənistan Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız iddialar edirlər. Ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər. Orada Gürcüstanın dövlət rəmzlərinə lazımi hörmət göstərmirlər. Eyni zamanda, Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub. Necə ola bilər? Sən bu ölkənin ərazi bütövlüyünü tanımırsan. Eyni zamanda, əminəm, gürcü xalqı unutmayıb ki, Abxaziyada gedən müharibədə erməni Baqramyan batalyonu hansı vəhşilikləri törətmişdir, kimin tərəfindən vuruşub və bu gün kimin tərəfindədir? Abxaziyada yaşayan və hakimiyyətin artıq böyük hissəsini zəbt etmiş ermənilər. Azərbaycan isə bütün dövrlərdə Gürcüstanın yanında olub. Bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədar birmənalı mövqe göstərib və göstərəcəkdir. Fərq bundadır. Əlbəttə, bu gün Gürcüstan xalqı hesab edirəm ki, yaxşı bilir kim onun dostudur, kim onun düşmənidir.
-Bildiyimiz kimi, Ermənistan bir sıra müsəlman ölkələri ilə sıx təmas qurmaq istiqamətində addımlar atır və bu, haqlı olaraq Azərbaycan ictimaiyyətində kəskin reaksiya doğurur. Hətta bu yaxınlarda Misir rəhbərliyi bu ölkədə səfərdə olan Ermənistanın xarici işlər nazirini də qəbul etdi. Bütün bunlar müsəlman həmrəyliyinə nə dərəcədə mənfi təsir göstərir?
-Çox mənfi təsir edir. Azərbaycan ictimaiyyəti haqlı olaraq öz narahatlığını ifadə edir. Biz dövlət səviyyəsində də bu narahatlığı ifadə edirik. Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilib. Biz həmişə çalışmışıq ki, müsəlman ölkələrinə kömək göstərək, beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin maraqlarını müdafiə etmişik, həm səsvermə zamanı, eyni zamanda, əgər hansısa beynəlxalq təşkilata müsəlman ölkəsi öz namizədliyini irəli sürübsə, həmişə onu dəstəkləmişik. Yəni, bu həmrəylik sözdə yox, əməldə olmalıdır. Biz o ölkələrdənik ki, əməldə İslam həmrəyliyinə daim öz xarici siyasətimizdə böyük yer ayırmışıq. Mənim xarici siyasət istiqamətləri ilə çıxışlarımda siz bunu görə bilərsiniz. Əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Çünki biz müsəlman dünyasının bir hissəsiyik. Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Bir çox qətnamələr qəbul edilib. Tovuz təxribatı ilə əlaqədar da, həmçinin. Ona görə müsəlman ölkələrinin Ermənistanla hər hansı yaxınlaşmasına biz həmişə çox həssas yanaşırıq. Çünki Ermənistan bizim torpağımızı zəbt edib. Eyni zamanda, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin. Eyni zamanda, mənə verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Misirdə hansısa dini liderlə görüşüb. Yaxşı, o dini liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini təhqir edib, bütün müsəlman dünyasını təhqir edib. Biz dəqiq bilirik, erməni rəsmiləri Avropada olarkən avropalıların yenə də bunlara münasibətinin müsbət olması üçün onların əsas arqumenti o olur ki, biz müsəlmanların əhatəsində yaşayırıq. Bizim üç qonşumuz müsəlman ölkələridir. Biz burada, bu bölgədə xristianlığı qoruyan xalqıq. Bizim ətrafımızda olan müsəlman ölkələri düşməndir. Bəli, Türkiyəni və Azərbaycanı Ermənistan düşmən sayır. Ancaq İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Bəs necə ola bilər? Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? Mən belə dostluğu başa düşmürəm. Mən dəfələrlə müsəlman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarımda müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsınlar.
Yenə də deyirəm, Ermənistan sıradan olan ölkə deyil. Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar.
Ona görə biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil. İkincisi, Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var - “Fail state”. Uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə. Hansı marağı ola bilər? Hansısa vəziyyətə görə, kiməsə acıq vermək üçün əgər belə addımlar atılırsa, bunlar ancaq təəssüf doğurur.
-Ermənistanın Azərbaycana qarşı iyul ayında törətdiyi təxribatla bağlı Türkiyə birmənalı şəkildə haqlı mövqeyimizi müdafiə etdi və həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın yanında olduğunu bildirdi. Bundan sonra Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi və bu, Ermənistanda böyük qorxu, bəzi ölkələrdə isə narahatlıq doğurdu. Bununla bağlı nə deyə bilərsiniz?
-İlk növbədə, mənim əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm. Tovuz hadisələrindən sonra onun birmənalı, açıq və kəskin açıqlamaları bizi çox məmnun etdi, Azərbaycan xalqını sevindirdi. Bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Eyni zamanda, digər rəsmi şəxslər - Türkiyə Böyük Millət Məclisinin sədri, Türkiyənin Müdafiə naziri, Xarici İşlər naziri, bizim digər qardaşlarımız Azərbaycana dəfələrlə həmrəylik, dəstək nümayiş etdirmişlər. Bu, bir daha onu göstərir ki, Türkiyə ədalətin, haqqın, öz qardaşlarının tərəfindədir. Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə, - bunu artıq Türkiyədə də bilirlər, Azərbaycanda da bilirlər, dünyada da bilirlər, - Türkiyənin yanında olacağıq, bir yerdə olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Bu, böyük sərvətdir. Biz bu sərvətin təməli üzərində möhkəm əlaqələr qurmuşuq, bütün sahələrdə - siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, hərbi sahələrdə. Məhz buna görə son vaxtlar bizim aramızda ticarət dövriyyəsi sürətlə artır. Azərbaycan xarici ölkələr arasında ən çox investisiyanı Türkiyəyə qoyub, Türkiyə də ən çox xarici investisiyanı Azərbaycana qoyub və bu proses davam etdirilir. İnsanlar arasındakı əlaqələr ən yüksək səviyyədədir. Ona görə bu hadisələr bir daha bu reallıqları bütün dünyaya göstərdi. Onsuz da həm Türkiyədə, həm də Azərbaycanda biz bunu bilirdik. Hər il bizim əlaqələrimiz möhkəmlənir, hər il bu ikitərəfli formata əlavə mövzular daxil edilir. Bu gün elə bir sahə yoxdur ki, biz orada birgə işləməyək və bir-birimizə dəstək göstərməyək.
O ki qaldı, təlimlərə, onu da deməliyəm ki, bu təlimlər müntəzəm olaraq keçirilir. Hər il Azərbaycan hərbçilərinin xarici ölkələrlə birgə keçiriləcək təlimlər planı təsdiq edilir. Bütün bu təlimlər plan əsasında həyata keçirilir. Deməliyəm ki, son illər ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın və mənim birgə göstərişimizlə təlimlərin sayı ciddi şəkildə artmışdır. Keçən il 10-dan çox birgə təlim keçirilmişdir, həm Türkiyədə, həm Azərbaycanda, o cümlədən “TurAz Qartalı” təlimi birinci dəfə keçirilmir. Hər zaman “TurAz Qartalı” keçiriləndə Türkiyədən “F16”lar Azərbaycana gəlirdi və bizim təyyarələrlə, pilotlarımızla birlikdə birgə təlimlər keçirirdik. Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Yəni, burada qeyri-adi bir şey yoxdur. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil Ermənistan özü baş çıxarsın. Amma bu təlimlər bir daha birliyimizi göstərir. Əlbəttə, Ermənistan rəhbəri də yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər və bu, onları qorxuya salır. Hesab edirəm ki, onlar bu qorxudan psixoloji stres keçirirlər. Çünki bizdə olan məlumata görə, daha qapı qalmayıb döyməsinlər ki, vay bunlar təlim keçirirlər, biz necə olacağıq? Yəni, öz acizliyini, necə deyərlər, öz gücsüzlüyünü göstərməklə. Prinsip etibarilə, onların siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Artıq bu, insanların psixologiyasına da müdaxilə edilib. Bu da onu göstərir ki, bu ölkə müstəqil deyil, ləyaqətli siyasət apara bilmir, asılı vəziyyətdədir. Ona-buna nökərlik etmək heç kimə, necə deyərlər, yaraşıq gətirmir. Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. İndi Ermənistanda iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi açılıb, iki keçmiş prezident, sırf onların siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır. Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur. Onların sponsoru birdir.
Beləliklə, bu təlimlərə qayıdarkən bir daha demək istəyirəm ki, təlimlər keçirilir və nə qədər lazımdır keçiriləcək. Bu təlimlər bizə lazımdır, Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Onların konstitusiyasında bu, öz əksini tapıb, təsbit edilibdir. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir. Halbuki ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən burada səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən. Sən heç olmasa öz potensialına və Türkiyənin potensialına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir.
Beləliklə, bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək - ulu öndər Heydər Əliyev demişkən, “Bir millət, iki dövlət” prinsipi əsasında. Bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq.


Tarix: 21-09-2020, 00:09 Oxunub: 320


Bölməyə aid digər xəbərlər