Çörəyi şərəfini satmaqla əldə edənlər

Kubra Məhərrəmova yazır...
Bayaq oxudum. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə Türkiyədə rəsmi səfərdə olarkən hansısa (açıq-aşkar liberalyönümlü) jurnalist ona sual verir ki, “Sizcə niyə görə biz Azərbaycana görə qonşumuz olan Ermənistan ilə düşmən olmalıyıq?” Heydər Əliyev ona qarşılıqlı sual ilə cavab verir: “Siz türksünüz?” 
Son baş verən hadisələrə baxanda Heydər Əliyevin sualını bəzi “azərbaycanlılara” vermək istəyirəm: “Siz azərbaycanlısınız?” Daha doğrusu son günlərin “qəhrəmanlarına” çevrilən Sevinc Osmanqızına, Arif Məmmədova və Camal Əliyə vermək istərdim bu sualı? 
Yəqin ki, bunlar azərbaycanlı deyil. Bu gün Azərbaycana Türkiyədən, İsraildən, dünyanın digər ölkələrindən dəstək gəldiyi zaman bu kəslər öz Vətənini, ölkəsini, xalqını təhqir edir. Deyir ki, “azərbaycanlı barbardı, vəhşidi, dəlidi, şərəfsizdi, terrorçudu”.  Heç nə demirəm, təkcə Xocalı faciəsini yadınıza salın! Terrordan, soyqırımdan tələf olan günahsız insanları yadınıza salın! Ermənilərin vəhşiyini yadınıza salın! 
Sevinc Osmanqızı deyir ki, “təhlükə yoxdur, erməni tərəfinin ümumiyyətlə biz azərbaycanlılara qarşı heç bir pis fikri yoxdur. Bütün bu iğtişaşlar rəsmi Bakının işləridir. Rəsmi Bakıdır bu qarşıdurmaları təşkil edən”. Daha sonra da deyir ki, “niyə görə siz azərbaycanlılar səfirliyin müdafiəsinə qalxmısınız? Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyil. Hanı burada vətənpərvərlik?”
Sual yaranır Sevinc xanım, Los-Ancelesdə 50 nəfər azərbaycanlıya hücum edən 3000 nəfər aqressiv erməni deyildi, bəs kim idi? Rəsmi Bakı idi? Rəsmi Bakı “Asala” təşkilatının köynəklərini geyinib həmin qarşıdurmada Azərbaycan bayrağını yandırdı? 
Bir həftə əvvəl ermənilərin qətlə yetirdiyi general Polad Həşimovun şəklini ayaqlar altına elə ermənilər atdı. Los-Ancelesdə ermənilər beş azərbaycanlıya elə xəsarət yetirdi ki, xəstəxanalıq oldular. Bunlardan xəbəriniz var görəsən?
 
Yoxsa Brüsseldə azərbaycanlını döyən bir dəstə vəhşi erməni də rəsmi Bakı idi?  Bəlkə Moskva bazarında qarpızları azərbaycanlı olduğu üçün başına çırpılan oğlanı da rəsmi Bakı döyürdü? 
Əgər anlamırsınızsa, mən başa salım. Mənim yaşım qədər sizin peşə təcrübəniz var. Erməni hər zaman azərbaycanlını türk olduğu üçün öldürmək istəyib. Bizi biz olduğumuz üçün məhv etmək istəyib. Elə sizin atanız Osman Mirzəyevi də ermənilər qətlə yetirib. Yəqin bunu unutmadınız. Atanız Azərbaycan uğrunda şəhid olub. Bildiyim qədər siz heç vaxt bu dövlətdən, hökümətdən korluq çəkməmisiniz. Yaxşı vəzifələrdə işləmiş, yaxşı da pul qazanmısınız.  Bu gün siyasi mövqeyinizdən, aldığınız qrantlardan asılı olmayaraq, siz Azərbaycanın yanında olmalı idiniz. Əgər deməyə sözünüz yox idisə, heç olmasa susa bilərdiniz.
 
Çörək qazanmaq yaxşı şeydi, amma bu, çörək qazanmaq deyil. Bu, xəyanətdir! 
Brüsseldə baş verən hadisə ilə bağlı isə daha bir “azərbaycanlını” tanıdıq. Bu, Camal Əlidir. Qısa nəql edim ki, Brüsseldə bir neçə gün öncə döyülmüş həmvətənimizə dəstək məqsədilə orada yaşayan azərbaycanlılar bir yerə yığışıblar. Belçika polisi də soydaşlarımızı saxlayıb. Sən demə, Berlində yaşayan, bir zamanlar “Meydan” TV-nin əməkdaşı olan Camal Əli polisə zəng edib və deyib ki, ora gedənlər terror məqsədilə yığışıblar.
Bizim məhəllədə beləsinə “iş verən” deyirdilər. Sənin qarnının ağrısı başqa şey olduğu halda, necə yüzlərlə azərbaycanlını güllə qabağına verə bilirsən? Belə acından ölürsən ki, ən son yola əl atırsan? 
Bu iki “qəhrəman” bir tərəfə, bir zamanlar Azərbaycan Respublikasının Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəhbəri olan və hazırda elə Brüsseldə yaşayan Arif Məmmədovdan xəbər var. 
2004-2006-cı illərdə Azərbaycanın Belçika, Niderland və Lüksenburqdakı səfiri olan Arif Məmmədov bildirir ki,  bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. 
Qeyd edim ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev onun “fövqəladə və səlahiyyətli səfir” diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam verib. 
Maraqlı mənzərə yaranır. Bir zamanlar diplomatik statusda olan Arif Məmmədov Azərbaycan haqqında, hökumət barədə belə fikirlər səsləndirmirdi. İndi isə baş verən bütün məsələlərdə günahı Azərbaycan hökumətində və xalqında görür. 
Yeri gəlmişkən o, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunaraq, beynəlxalq axtarışa verilib. 
Məncə artıq şərhə ehtiyac yoxdur. Məhkəmənin əlinə düşməmək üçün digər qüvvələrin hamiliyinə ehtiyac yaranır. Hamilər də əvəzində bunu tələb edir. Arif Məmmədovun bütün yayımlarında isə ermənilər “ürək” atır. Qısası, Arif Məmmədovun səhifəsi əsl “ermənixanadı”. Nə müdhiş bir sevgidir bu belə? 
Sadəcə mənə maraqlıdır, qarpızı sizin və yaxınlarınızın başına erməni daşnakları çırpsaydı, yenə elə danışacaqdınız? Brüsseldə təklənmiş, bir neçə vəhşi erməni tərəfindən döyülən, təhqir olunan siz olsaydınız, yenə elə düşünərdiniz? 
Əsla yox. Avropa və Amerikada lüks həyat tərzi keçirən, meydanın, küçənin, səngərin, nə olduğunu bilməyən kəslər üçün necə də asandır azərbaycanlıya barbar demək.  
Azərbaycanlı isə öz torpağını istəyir! Ermənistan tərəfindən işğal olunan 20% torpağını geri istəyir. Bütün dünya da Ermənistanın işğalçı olduğunu etiraf edir. Tək siz dahi oldunuz, qəbullana bilmirsiniz? Bu həqiqəti eşitmək qulağınızı kar edir?  
Amma mən sizə əsl azərbaycanlını göstərəcəm.  
Qanıyla, canıyla, şərəfiylə Vətənini sevənləri!  
Dörd balaca qəhrəmanı göstərəcəm. Bu uşaqlar böyüklərə qoşularaq əsgər qardaşları üçün bütün günü istinin altında maşın təkəri yığıblar. Böyük TIR-ları doldurublar. Cəbhəyə göndəriblər. Hisin-pasın içində, yemək yemədən, su içmədən... Heç bir qrantlar almadan... Onlar nə Berlin görüblər, nə də Brüssel. Nə də Amerikada olmayıblar.  Heç onların valideynləri də sizin olduğunuz ölkələrdə olmayıb.
Bu uşaqlar bilirsiniz nə deyiblər böyüklərə? Deyiblər ki, “ bu təkərin dəmiri çıxıb, bunu at o tərəfə, əsgərlərin əlinə keçəcək”. Bu cümlədə bildiniz nə var? 
Şərəf var, ləyaqət var, qeyrət var. Vətən var, ölkə var, Azərbaycan var. Əsgər qardaşının əlinə dəmir keçməsin deyə Bakıda onun qayğısını çəkən var. Bu ürəyin yiyəsi barbar ola bilər? Vəhşi ola bilər? Terrorçu ola bilər? Əsla yox! 
Bunlardır əsl QƏHRƏMANLAR! 

Mehdizadə Mustafa Novruz oğlu 10 yaş, Mehdizadə Hüseyn Novruz oğlu 11 yaş,  
Mehdizadə Cavid Ceyhun oğlu 12 yaş və aralarında ən balacası Ağayev Əli Şahin oğlu 4 yaş... 
Və sonda. Heç kimə Vətəni, ölkəni sevməyi öyrətmək olmur. Ya sevirsən, ya da yox. O da bir xoşbəxtlikdir. Allah kiməsə verir, kiməsə yox. 
Çörəyi şərəfini satmaqla əldə edənlər necə də yazıqdır. Demək ki, bu insanların bu boyda dünyada bacara biləcəkləri heç bir iş yoxdur. Onlar yalnız satqınlıqla, xəyanətlə, kimlərisə şərləməklə özlərinə çörək qazanırlar.

Bizimlə əlaqə saxlayın


Tarix: 26-07-2020, 17:01 Oxunub: 211


Bölməyə aid digər xəbərlər