Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi


Olimpiya Oyunları zamanı televiziyadan azərbaycanlı tamaşaçıların maraqla və səbirsizliklə izlədiyi görüşlərdən birincisi güləş olursa, ikincisi boksdur. Boks idman növündə hər zaman komandamız medal gətirməyə namizəd olur. Təsadüfi deyil ki, son beş Olimpiadada Azərbaycan boksçuları medal qazanıb: üst-üstə səkkiz medal.
Təəssüf ki, səkkiz medalın heç birində əyar qızıl olmayıb. Lakin qızıl medalın olmamasında hakim haqsızlığı və eləcə də bəxtsizliyin olması da az rol oynamayıb. Bəxtsiz boksçularımızdan biri də 57 kq çəki dərəcəsində çıxış etmiş Şahin İmranovdur. Biz onun bəxtsizliklə, zədələrlə toqquşan, lakin Olimpiya medalına gedən uğur hekayəsindən bəhs edəcəyik.
Boks karyerası Sumqayıt çempionluğu ilə başlayıb
Hazırda Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı kimi Gömrük İdman Sağlamlıq Mərkəzində işləyən 39 yaşlı Ş.İmranov həm də ötən ilin fevralından boks üzrə gənclər millimizin məşqçilərindən biridir. Maraqlıdır ki, müsahibimizin boksa gəlməsi bir qədər təsadüfi alınıb:
“Mən idmanı çox sevirdim. Hansına getsəm, orda uğur qazanacağımdan əmin idim. Ən çox güləşi sevirdim. Sumqayıtda Rövşən Süleymanovun rəhbərliyi altında sərbəst güləşlə məşğul idim. Yaxşı da güləşirdim. Amma bir dəfə məktəbdə dalaşanda gözümün altı göyərdi deyə, evdən daha idmana getməyə qoymadılar. Dedilər ki, idmana gedəndən özünü yaxşı aparmırsan.
Bununla belə, məhəlləmizdə boks zalı açılanda nənəmdən xahiş etdim ki, bir həftə ora gedim, sonra çıxaram. Söz vermişdim ki, daha dalaşmayacağam. Amma müddət dolandan sonra yenə xahiş etdim ki, nənə, bir həftə də vaxt ver. Çünki Sumqayıt birinciliyi vardı, orda yarışmaq istəyirdim. 15 gün boksa gedən bir uşaq kimi həmin yarışda iştirak edib qalib oldum. Onda mənim 13 yaşım vardı. O vaxtdan boks karyeram başladı”.
Qaş problemi, yarımçıq saxlanan döyüşlər
Bundan sonra 14 dəfə yeniyetmə, gənclər və böyüklər arasında Azərbaycan çempionu olmuş Ş.İmranovun boks həyatı başlayır. Əvvəla onu bildirək ki, müsahibimiz mötəbər beynəlxalq turnirlərdə heç vaxt qızıl medal qazana bilməyib. 2002-ci ildə Rusiyanın Perm şəhərində, bundan dörd il sonra Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Avropa çempionatlarında qızıl medalın biraddımlığından qayıdıb. Hər ikisində Rusiya təmsilçiləri onu gümüşlə kifayətlənməyə vadar edib.
Elə bura 2004 və 2006-cı il Olimpiadalarını da əlavə etmək olar. Afina Olimpiadasında zədə onun ümumiyyətlə medalsız qalmasına, Pekindəki turnirdə isə yalnız bürünc medalla kifayətlənməsinə səbəb olub. Özü də bunu şanssızlıq adlandırır:
“İdmanda həddindən artıq şanssızlığım çox olub. Həmişə də udduğum görüşlərdə qaşım partlayıb. Dünya çempionatında medal qazana bilməməyim də məhz qaşımdan aldığım zədələrlə bağlı olub”.
Bəs qaş zədələrinin səbəbi nə imiş? Niyə tez-tez qaşı partlayırmış? Səbəbkar bunu belə əlaqələndirir:
“Mən o vaxtlar çox çəki salırdım. Sifətim arıqlayırdı. Qaşlarımda çıxıntılar vardı. O vaxt dəbilqə taxırdıq. Bu dəbilqə qaşımı sıxırdı. Ora zərbə dəyən kimi dərhal qan açılırdı. Hətta buna görə mən peşəkar boksdan gələn dəvəti geri çevirmişəm. 2008-ci il Olimpiadasından sonra mənə dəvət gəlmişdi. Amma fikirləşdim ki, hər dəfə qaşıma zərbə dəyəcək və mən döyüşü yarımçıq saxlamalı olacağam. O vaxt federasiyanın prezidenti Ağacan Abiyev idi. O, təşkilatçılara dedi ki, Şahinin zədəsi var, altı aydan sonra cavab verərik. Altı aya da mən idmandan soyudum, karyeramı təmiz bitirdim”.
Rusiyalı döyüşçülərlə qarşılaşmalar
Ş.İmranovun medal döyüşlərində uduzduğu boksçuların əksəri Rusiyanı təmsil edib. Belə düşünmək olar ki, sanki onun döyüş üslubu Rusiya idmançılarına qarşı keçərli olmayıb. Lakin boksu bilənlər əminliklə deyə bilər ki, Ş.İmranov bu rəqiblərinə yox, bayaq qeyd etdiyimiz zədələrə boyun əyib:
“2006-cı il Avropa çempionatının finalında uduzduğum Albert Səlimov (Xatırlatma: daha sonra millimizdə çıxış edib) istisna olmaqla, digərlərinə yenilməmişəm. Bura 2002-ci il Avropa çempionatının finalında qarşılaşdığım, milliyyətcə tacik olan Raimqul Malaxbəyovla döyüş də aiddir. Aleksey Tişenkoya 2004 Olimpiadasında 10 xal fərqlə qalib gəlirdim. Əgər qaşım açılmayıb, döyüş yarımçıq saxlanıb qələbə ona verilməsəydi, mən qalib idim. Sonradan o, həmin Olimpiadanın qalibi oldu”.
Müsahibimiz 2008-ci il Olimpiadasında daha təcrübəli olduğunu deyir:
“Birinci Olimpiadamda güclü olsam da, təcrübəsiz idim. Hesabda öndə olsam da, irəli atılırdım. Pekində isə artıq gücümü qoruyurdum, çünki 11 kq çəki salmışdım. Üstəlik, 2008-ci ildə sol qolumda 75% vətər qopmuşdu. Nazirlikdən mənim üçün üç həkim ayrılmışdı. İtaliyadakı turnirdə zədələnmişdim. Bununla belə, Olimpiadanın bürünc medalını öz təcrübəm hesabına qazana bildim”.
İkiqat Olimpiya, dünya və Avropa çempionu Aleksey Tişenkoya üç dəfə uduzmasından isə belə danışır:
“Mən 2004-cü ildə Varşavada Olimpiya təsnifat turnirində onu 7:2 udurdum. Orda burnum açıldı. Amma qaydalarda var ki, ikinci raundda döyüş yarımçıq saxlanırsa, o zaman hesabda öndə olan qalib olur. Lakin o vaxt rusiyalı boksçulara tərəfkeşlik edilirdi və qələbə ona verildi. Belədə o, Olimpiadaya birinci yerin, mən isə ikinci pillənin sahibi kimi vəsiqə qazandım. Bəxtdən Olimpiadada ikinci görüşdə də onunla üz-üzə gəldim. Bir dəfə də Moskvada Dünya Kubokunda onunla qarşılaşmışam. Onda da tərəfkeşlik edildi.
Sonuncu dəfə onunla Bolqarıstandakı Avropa çempionatında məşqçi kimi görüşdük, şəkil çəkdirdik. Düzdür, keçmişdən danışmadıq. Amma onun atası digər döyüşlərdə mənə azarkeşlik edirmiş. Omskda Tişenkonun xatirəsinə turnir keçirilir. Komandamız ora gedəndə atası həmişə mənə salam göndərir”.
Yalnız məşqçisi onun Olimpiadada medal qazanacağına inanırmış
2008-ci il Olimpiadasında boks millimiz cəmi iki idmançı ilə təmsil olunur. Biri Samir Məmmədov, digəri Şahin İmranov olur. Əksəriyyət daha çox medal perspektivini Samirdən gözləyir. Millinin sabiq baş məşqçisi və şəxsi çalışdırıcısı Məmməd Eyvazov isə Şahinin Azərbaycana medal gətirəcəyini deyir.
O, əvvəlcə milliyyətcə azərbaycanlı, Qazaxıstan təmsilçisi olan dünya çempionu Qalib Cəfərovu 9:5 məğlub edir. Daha sonra gürcüstanlı Nikoloz İzoriyanı 18:9, kubalı İdel Toryenteni 16:14 hesabları ilə yenir. Lakin Əlcəzair əsilli fransalı Kedafi Celkir yarımfinalda onun zədəsi sayəsində qalib elan olunur. Bununla da Şahin karyerasını heç də az nailiyyət olmayan bürünc medalla başa vurur.
Lakin indi Ş.İmranov bunu daha yüksək əyarlı medal edə bilmədiyi üçün təəssüflənir: “Mən həmin fransalı boksçunu iki il qabaq Avropa çempionatının ilk görüşündə 27:6 hesabı ilə udmuşdum. Hətta onu nokdauna salmışdım. İndi də yuxuma girir və əsəbləşirəm ki, mən bu rəqibi keçməliydim. Etiraf edirəm ki, yarımfinala çıxıb medalı özümə təmin etdiyim üçün çox eyforiyaya qapılmışdım. Həm də qolumdakı zədəm döyüşməyimə imkan vermirdi. Rəqib fiziki cəhətdən güclü idi və zədəli qolumla ona təsir edə bilmirdim. Ona görə də döyüşü yarımçıq saxlatdım. Lakin bu rəqiblə 1/4 finalda qarşılaşsaydım, onu məğlub edərdim”.
Gənclərə məsləhət və məşqçi sözü
Gənclər millimizdə uşaqlara isə bu məsləhətləri verir: “Onlara idmançı olduğum vaxt etdiyim səhvləri bildirirəm. Deyirəm ki, uğur qazanmaq istəyirlərsə, mənim məsləhətlərimə qulaq assınlar. Heç vaxt bürünc medalı özümə təmin etmişəm deyə, boşalmasınlar. Hər zaman qızıl medal üçün döyüşsünlər. Onlara bildirirəm ki, idmançının karyerasındakı enişdə onların yanlarındakı insanların da çox böyük rolu olur. Heç vaxt çox tərif olan yerdə durmayın, tərif sizi uğurdan qaçırdır”.
Təbii ki, hər idmançıya karyerasını Olimpiya medalı ilə başa vurmaq qismət olmur. Lakin Şahin İmranov buna nail olan idmançılarımızdandır. İmranovun hazırda əsas məqsədi məşq keçdiyi gənc boksçuların gələcəkdə onun nail ola bilmədiyi Olimpiya çempionu adını qazanmasıdır.
İdmançıya ən yaxşı qiyməti isə həm də onun şəxsi məşqçisi verə bilər. Onun ilk məşqçisi Eldar Əbilovun fikirləri ilə yazıya nöqtə qoyaq:
“1991-ci ildə məşqçiliyə başlamışdım. 1992-ci ildə Şahin boksa gəldi. Bir aydan sonra onun istedadını tutdum. Gördüm ki, bu talantla ondan gözəl boksçu çıxacaq. Sumqayıtda tanınan Musa adında futbol məşqçisi var. Musa müəllim mənə 20 dənə uşaq təklif edirdi ki, onların yerinə Şahini ona verim. Deyirdi ki, ondan yaxşı futbolçu çıxacaq. Mən isə deyirdim ki, yox, Şahindən əla boksçu çıxacaq. Nəhayət ümidlərim doğruldu, Şahin Olimpiada və Avropa çempionatının mükafatçısı oldu”.
Milli Olimpiya Komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün 


Tarix: 10-07-2020, 18:56 Oxunub: 423


Bölməyə aid digər xəbərlər