Bakıda möhtəşəm Orduya dəstək yürüşü və... arzuolunmaz sonluq

İyulun 12-də Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq, Azərbaycan ordusunun bölmələrini, rayonun yaşayış məntəqələrini atəşə tutublar. Təbii ki, ordumuz Ermənistanın bu təxribatının da qarşısını alıb və ermənilər öz yerlərinə geri otuzdurulub.
Azərbaycan Ordusunun dəqiq zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus dayaq məntəqəsi, ağır texnika və çoxsaylı hərbçi məhv edilib. Bu, qürurverici deyilmi? Bu cür igid, mərd hərbçiləri olan ordu alqışa, hörmətə, sevgiyə layiq deyilmi?
Təəssüf ki, döyüşlər zamanı itki də qaçılmaz olur. Ordumuz bu döyüşlərdə şəhid verib.
Oxu.Az-ın əməkdaşları da qürur hissi ilə şəhidlərin vida mərasimdə iştirak edib.
Azərbaycan xalqı ötən qürurlu və bir o qədər də kədərli günü bir olub. Xalqımız son dəfə öz yaşadıqları evlərə gətirilən şəhidlərimizi qarşılayıb, onları son mənzilə yola salıb. Bu gecə isə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.
Şəhidlərimizi qarşılayan, hərbçilərimizə, ordumuza dəstək olan insanların izdihamı istər rayonlarımızda, istər Sumqayıtda, istərsə də Bakı şəhərində müşahidə edilib. Xalqımızın igid, vətənini sevən oğulları “başını dik tut, şəhid anası” deyə şüarlar səsləndirərək, şəhid analarını bütün Azərbaycan oğullarının anası adlandırıblar. Artıq şəhid analarının saysız-hesabsız oğulları var. Bu isə hər millətdə, hər millətin vətəndaşında qarşınıza çıxacaq mənzərə deyil, əmin olun! 
Şəhidlərimizin xatirəsinə hörmət əlaməti və orduya dəstək məqsədilə ötən gecə vətənpərvər ruhlu insanlar “Qarabağa dəstək” şüarı altında paytaxtda yürüş keçiriblər. Minlərlə insan Azərbaycan dövlətinə, ordusuna dəstəklərini və hər an Qarabağ uğrunda döyüşə hazır olduqlarını dilə gətiriblər.
Şəhidlər Xiyabanının yaxınlığında qanunsuz şəkildə toplaşılmasına baxmayaraq, ətrafda olan hüquq-mühafizə orqanlarının əməkdaşları yürüşə və yürüş iştirakçılarına mane olmayıb. Çünki yürüş iştirakçıları uzaqdan olsa da, ordumuza dəstək verib, bütün xalqın onların yanında olduğunu göstərmək istəyirdi.
Əhalinin orduya dəstək yürüşünə təşəkkürlərini bildirmək üçün hətta Müdafiə Nazirliyinin nümayəndələri də meydana gəlib. Tribunadan minlərlə insana səslənən nazirlik rəsmiləri vətəndaşlarımıza dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Gecə saatlarına qədər davam edən yürüş təxminən saat 2-3 radələrində yekunlaşmağa başlayıb. Əhali yavaş-yavaş evinə qayıdarkən, bir qrup şəxsin aksiyanın mahiyyətinə uyğun olmayan davranışı diqqət çəkib.
Təəssüf ki, bu gecənin, bu yürüşün səbəbini anlamayan, şəhidlərimizin xatirəsinə sayğısızlıq edən bir qrup şəxs bu fürsəti öz məqsədləri üçün istifadə etməyə cəhd edib.
“Azərbaycanın işğal altında olan torpaqlarını hər an azad etməyə hazırıq” deyən bəzi insanların sözləri ilə əməlləri uyğun gəlmədi. Bir qrup şəxs yaranmış vəziyyətdən istifadə edərək, Milli Məclisin binasına tərəf axın edib.
Onlar şüşələri sındıraraq, qanunverici orqanın binasına daxil olublar. Polis əməkdaşları aksiya iştirakçılarına bir neçə dəfə xəbərdarlıq edərək, bu davranışlara yol verməmələrini tələb edib. Bir qrup şəxs polisin bu xəbərdarlığına məhəl qoymadan Milli Məclisin binasında olan avadanlıqlara ziyan vurub.
Vətəndaşlara mümkün olan qədər səbrlə yanaşan polis əməkdaşları artıq vəziyyətə müdaxilə etməyə məcbur qalaraq, hərəkətə keçiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Milli Məclisə daxil olan və avadanlıqları sındıran bir neçə şəxs saxlanılıb.
Əhalinin xəbərdarlığa məhəl qoymaması polisləri vəziyyətə müdaxilə etməyə vadar edib. Meydanın boşaldılması üçün xüsusi vasitələrdən istifadə olunub. Bu zaman bir qrup şəxs polisə, digər vətəndaşlara, eləcə də media nümayəndələrinə hücum edərək, onlara xəsarət yetirməyə cəhd edib.
Aksiya iştirakçılarının bu cəhdi iki polis avtomobilinə, bir sərnişin avtobusuna ciddi ziyanla nəticələnib.
Azərbaycana qarşı tarix boyu təxribat xarakterli addımlar atmağa cəhd edənlər olub. Kimlərinsə sifarişi ilə öz xalqına, xalqının şəhid olmuş oğullarının xatirəsinə hörmətsizlik edən, onlar üçün ayağa qalxan vətənpərvər xalqın nümayəndələri arasında özünün miskin cəhdləri ilə yer alan bir qrup şəxsə qiyməti xalqımız özü versin.
Bütün bu çətinliklərə rəğmən Azərbaycan polisi ərazidə asayişi bərpa etməyə nail oldu. Lakin bu davranışlara yol verən şəxslər ermənilərin dəyirmanına su tökdü. Azərbaycan Ordusunun mərd oğulları cəbhədə sizin, bizim, dövlətimizin gələcəyi üçün xidmət aparır, düşmənlə qarşı-qarşıya vuruşaraq, canlarından keçir. Bunun qarşılığında edə biləcəyiniz daha yaxşı addım yox idi?
Heç olmasa, bir günlük də olsa, yalançı vətənpərvərlik göstərişlərini kənara qoymaq olardı. Şəhid olan hərbçilərimiz Azərbaycanı, Azərbaycan xalqını belə görmək istəyərdi? Düşünmürəm...
Əhali indiki zamanda birlik nümayiş etdirməlidir. Dinindən, milliyyətindən, siyasi baxışından asılı olmayaraq, bu iğtişaşlarda iştirak edən, kimlərinsə sifarişi ilə öz xalqına, dövlətinə qarşı bu kimi addımlara əl atanlar qınanmalıdır.
Sosial şəbəkələrdə vətəndaşlar bu gecə Bakıda, Milli Məclisin qarşısında baş verənlərə səbəb olanları, səbəbkarların qərəzli istəklərini yerinə yetirən insanları xalqın içindən, millətin içindən hesab etmədikləri barədə paylaşımlar edirlər.
Azərbaycanın bir düşməni var və özünə azərbaycanlı deyən hər bir şəxs bunu bilməli, bu düşmənə qarşı birlikdə mübarizə aparmalıdır. Əsas hədəfimiz parlament binası və ya hər hansı dövlət binası deyil, Ermənistan ordusudur. Odur ki, torpaqlarımızın tezliklə geri qaytarılmasını istəyən heç bir vətəndaş bunu Bakıda qanunvericilik orqanlarının binalarına hücum çəkməkdə göstərməsin.


Tarix: 15-07-2020, 10:40 Oxunub: 170


Bölməyə aid digər xəbərlər