Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO

İyulun 12-si günorta saatlarından etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı bölmələri təxribata əl atır. İlk baxışda bu, adi atəşkəs pozulması halları kimi qiymətləndirilə bilərdi, amma sonrakı gedişat Ermənistanın niyyətinin miqyası barədə mesajların göstəricisinə çevrilir.
Azərbaycan Ermənistanın təxribatları barədə ilkin rəsmi məlumatları verir, informasiya cəbhəsində üstünlüyü ələ alır, Ermənistan tərəfi isə israrla həyasız susqunluq nümayiş etdirir. Bu susqunluğun mahiyyətində isə Ermənistanın iflasa uğramış əməliyyatları dayanır.
Azərbaycan Müdafiə Nazirliyinin bəyanatından sonra Ermənistan Müdafiə Nazirliyi məntiqi cəhətdən kasad, hərbi baxımdan gülməli açıqlama verir.
Şuşan uğursuzluğu ört-basdır edir
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan ölkəsinin sərhədinə təhlükə olduğu rəyini formalaşdırmaq üçün açıqlama verir ki, iyulun 12-də saat 12:30-da “UAZ avtomobilində hərəkət edən Azərbaycan hərbçiləri Ermənistanın Tavuş vilayəti istiqamətində dövlət sərhədini pozmağa cəhd göstəriblər”. Onun sözlərinə görə, “ermənilərin xəbərdarlıq atəşindən sonra Azərbaycan əsgərləri öz maşınlarını atıb, mövqelərinə geri çəkiliblər. Bundan sonra Azərbaycan qoşunları yenə də erməni mövqelərini ələ keçirməyə və artilleriya atəşini açmağa çalışıblar”.
Hərbi işdən elementar bilikləri olan belə bu açıqlamanın nə qədər gülünc və savadsız olduğunu anlayar. Birincisi, əgər Azərbaycan tərəfinin Ermənistanın mövqelərini ələ keçirmək planları olsaydı, bunu UAZ-lamı həyata keçirəcəkdi? İkincisi, bütün dünya bilir ki, Azərbaycan hansısa dövlətin ərazisinə iddialı deyil. Üçüncüsü, gündüz vaxtı UAZ niyə aşkar şəkildə Ermənistan tərəfinə getməli idi? Suallar ritorikdir.
Ş.Stepanyanın açıqlaması elə Ermənistanın özünün təxribat törətdiyini ortaya qoyur. Belə ki, Ermənistan silahlı bölmələri əslində Azərbaycanın mövqelərinə basqına cəhd ediblər.
Ermənilər geri oturdulandan, kəşfiyyat, taktiki planları ifşa edildikdən və adekvat cavab aldıqdan sonra Azərbaycanın Ermənistan sərhədinə təhdid yaratdığı qənaətini yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Ermənistan təcavüzkar niyyətlərinin ifşa edilməsinə paralel olaraq, informasiya platformalarında da ilk zərbəni alır.
Ağdamın girişi: Hamının qəlbi döyüşlə döyünür
İyulun 12-dən 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi operativ şəkildə vəziyyətlə bağlı məlumatlar yayır.
İyulun 13-də Oxu.Az-ın əməkdaşları hadisə yerindən materiallar hazırlamaq üçün Tovuza, təmas xəttinə ezam olunurlar. Hadisələrin episentrində olan Ağdam kəndinin girişindəyik – Azərbaycanın müxtəlif bölgələrindən gələnlər bura toplanıb, döyüşmək istəyi bu şəxslərin ruhuna hakimdir. Amma polis təhlükəsizlik baxımından onların kəndə girməsinə icazə vermir, çünki Ermənistan sərhəd zonasında yerləşən kəndləri, əsasən də Ağdam kəndini intensiv artilleriya atəşinə tutur. Bu atəşlər isə Tovuz əhalisini qorxutmur, onlar cəsarətlə güllənin qabağında dayanırlar, onlardakı mübarizlik və ruh yüksəkliyi Azərbaycan xalqının vətənpərvərlik duyğularını daha da alovlandırır. Şəhid xəbərləri isə ehtirasların üzərinə “benzin” tökür, bu xalqın mübarizlik əzminə təkan verir.
Ağdam kəndinin girişindəki izdihamın şüarları, ətraf ərazilərə səpələnən mərmilər, Azərbaycan Ordusunun adekvat cavab tədbirləri eyni anda baş verir, amma əraziyə cəlb olunan polis qüvvələri israrlar burada durmağın təhlükəli olduğunu çatdırır. Axşam saat 8-dir, izdiham geri qayıdıb, biz isə (Aqşin Kərimov, Fərdin İsazadə və Ramil Zeynalov) təkidlə polislərdən Ağdama girməyimizə icazə vermələrini xahiş edirik.
Amma polis “atdığımız qarmağa” gəlmir, inadla “hər anın öz hökmü var” deyir, jurnalist fəaliyyətimizi və prinsipiallığımızı isə yüksək qiymətləndirir.
Atışmalar şiddətlənir
Məcburən geri qayıdırıq. İyulun 14-də səhər saat 6-da Ağdam kəndinə yollanırıq. Mövqelərə atılan, başımızın üstündə uçuşan mərmilər də “yol yoldaşımızdır”, bizi müşayiət edir, öldürmək üçün “startda dayanıblar”.
Ağdam kəndində şiddətli artilleriya döyüşlərinin qulaqbatırıcı və adamın içini silkələyən səslərini eşidirik.
Yanımızdan sürətlə hərbi maşınlar keçir, hərbçilərimiz təhlükəyə cəld və çevik reaksiya vermək qabiliyyətini ortaya qoyur, əsgərlər sürətlə yerdəyişmə edir, hərbçi zabitlər əmri əmrə calayır.
Kənd sakinləri dualarını əsirgəmir, lakin yaxın əraziyə düşən mərmilər də hadisələrin təhlükəsinin miqyasını bizə xatırladır.
Bu zaman qəfildən “uzanın” əmrini eşidirik, başımızın üstündən fışıltı ilə uçan mərmi təxminən 200 metr aralıya düşür, az sonra eyni hal təkrarlanır. Artilleriya atəşləri ilə yanaşı, ara-sıra iriçaplı silahlardan açılan atəş səsləri də eşidilir, Ermənistan hərbçilərinin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı alınır.
Bir az sonra isə hərbçilərdən xəbər eşidirik ki, Azərbaycanın Ordusunun generalı şəhid olub. Bircə ümidimiz odur ki, Müdafiə Nazirliyi təkzib verəcək, amma az sonra general-mayor Polad Həşimovun müdafiənin ön xəttində şəhid olması xəbərləri saytlarda və sosial şəbəkələrdə yazılır, ümidimiz azalır. Ancaq ümiddən işartılar da qalıb. Bir neçə dəqiqədən sonra dəqiq məlumat alırıq ki, mülki sakin Əziz Əzizovun evinə mərmi atılıb və o həlak olub. Onun evi bizim dayandığımız yerdən 200 metr aralıdadır, bayaq düşən mərminin zərbəsini də elə buna görə özümüzdə hiss etmişdik. Polis həmin anda o evə getməyimizə icazə verməsə də, məlumatı bir daha dəqiqləşdiririk - təəssüf ki, doğrudur.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin keçirəcəyi brifinqdə iştirakımızın vacib olduğu tapşırığını alırıq, yola düşürük.
Kərim Vəliyev qürurla, dimdik dayanaraq, Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olduğunu deyir. Daha sonra digər şəhid olan hərbçilərin də siyahısı bizə təqdim edilir.
Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarətindədir, bunu öz gözümüzlə də görürük, bununla belə Ermənistan artilleriya qurğularından atəşi davam etdirir.
Evə mərmi atdılar…
Paralel şəkildə Ermənistan informasiya təxribatlarına ara vermir, strateji yüksəklik olan Qaraqayanın onların nəzarətində olduğunu sübut etməyə çalışır. Həmin informasiyalar üzərindən manipulyasiyalar aparılır, hədəf isə Azərbaycan ictimaiyyətini çaşdırmaq, Tovuz əhalisində qorxu yaratmaqdır.
Üç saat keçdikdən sonra artilleriya atəşləri kəsilir. Sən demə, Ermənistanın atəş açdığı əsas məntəqə müəyyənləşdirilərək məhv olunub.

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayır ki, Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
İndi isə informasiya cəbhəsinin yarılmasında biz jurnalistlərin ağır artilleriya rolunu oynadığını başa düşüb, Qaraqaya yüksəkliyinin Azərbaycanda olması faktını çatdırmaq üçün üzərimizə düşən yükün ağırlığını qaldırmağa çalışırıq.
Bu vaxt xəbər gəlir ki, Dondar Quşçu kəndinə mərmi atılıb, evlərdən biri tamamilə yararsız hala düşüb.
Gedirik, mərmi düşən evləri və həyətləri bir-bir gəzirik, amma bu mərmilər Dondar Quşçu sakinlərinin ümidlərini və vətənpərvərlik hisslərini dağıda bilməyib.
Dondar Quşçudan Tovuz rayonunun mərkəzinə qayıdırıq, hiss edirik ki, havadan barıt qoxusu çəkilməyib, çünki Ermənistan silahlı bölmələri yenidən artilleriya atəşinə başlayır.
İnformasiya təxribatları
Bu sırada sosial şəbəkələrdə Tovuzda guya briqadanın və xəstəxanın vurulması barədə məlumatlar yayılır.  
Ara-sıra mərmi səsləri də eşidilir, bu isə xidmət aparan polisləri daha sayıq olmağa vadar edir. Bir az keçdikdən sonra isə “WhatsApp”da səs yazısı yayılır.
Yayılan məlumatların isə dəqiqləşdirilməsinə ehtiyac var. Dəqiqləşdiririk, məlum olur ki, nə xəstəxana, nə də briqada vurulub.
Saxta məlumatların Ermənistanla nə qədər əlaqəsi var, bilmirəm, bunu xüsusi texnologiyalar vasitəsilə müəyyən etmək mümkündür, amma məntiq və analizlərimiz belə deyir ki, bu informasiyalar Ermənistanın maraqlarına uyğundur.
Ermənistanın isə məqsədi Tovuz əhalisində təşviş yaratmaq və əhalinin rayondan çıxarılmasına nail olmaqdır, amma bu plan da uğursuzluğa düçar olur.
Tovuz əhalisinin – cavanından tutmuş, yaşlısına qədər – hamısı heç yerə getməyəcəklərini bəyan edirlər, bu, həm də Ermənistana verilən mesajdır.
Biz etibarlı mənbələrdən əlavə məlumatlar əldə edirik, bildirilir ki, təmas xəttində Azərbaycan Ordusu Ermənistana ağır və sarsıdıcı zərbələr endirib.
Bir gözümüz isə saytlardadır, Ermənistan mətbuatı və rəsmiləri itkilərini gizlətmək məqsədilə oxu başqa istiqamətlərə yönəldir, ölkədəki ictimai rəyi azdırır.
İyulun 14-də günorta saatlarında Ermənistan Müdafiə Nazirliyinin “vuran əli” Ş.Stepanyan cəmi iki hərbçinin öldüyünü demişdi, halbuki Azərbaycan Ordusu dəqiq atəşlərlərə düşmənin bir neçə hərbi məntəqəsinə zərbələr endirmişdi.
Şuşan yenə sinəsini qabağa verir
Ermənistana ağır zərbələrin nəticəsi isə iyulun 17-də özünü büruzə verir, bu dəfə Ş.Stepanyan bildirir ki, erməni tərəfi səhər vəd etdiyi kimi, Azərbaycan tərəfinə halak olanların cəsədlərini mövqelərarası ərazidən çıxarmağa icazə verib.
Burada o özünü labirintin içərisinə salır və dolayı da olsa, Ermənistanın itkilərinin çox olduğuna işarə edir.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərhaglı isə Ş.Stepanyana operativ cavab verir, deyir ki, bu fikirlər birmənalı olaraq həqiqəti əks etdirmir:
“Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin”, - deyə, V.Dərgahlı söyləyir.
Bir daha – Qaraqaya bizdədir
İyulun 16-da isə Şuşan Stepanyan guya Azərbaycana məxsus 13 PUA-nın vurulmasını bəyan edirdi, lakin bunu sübut edən bir dənə də fakt ortaya qoya bilmədi, V.Dərgahlı isə onu təkzib etdi.
Yazılası çox şey var, amma hamısını bir yazıya sığdırmaq mümkün deyil. Tovuz hadisələri Ermənistanda işğalçılığın dövlət doktrinası olduğunu bir daha sübut etdi, amma Azərbaycan Ordusu da nə qədər güclü olduğunu dünyaya göstərdi.
Tovuz döyüşlərində Azərbaycan Ordusu balansında olan silahların çox cüzi hissəsini istifadə etdi, bunun əyani şahidi də olduq.
Döyüşlərdə Ermənistan ordusunun 100-dən çox canlı qüvvəsi, hərbi texnikası, dayaq məntəqələri, kazarması məhv edildi. Ermənistan tərəfi isə hər vəchlə itkilərini üzə çıxarmır, lakin bunun gec-tez səsi çıxacaq.
Ümumilikdə, Tovuz döyüşlərində Azərbaycan Ordusu 12 şəhid verdi, bu isə xalqı yumruq kimi birləşdirdi…
Ermənistanın göz dikdiyi Qaraqaya yüksəkliyini hazırda Azərbaycan Ordusu yüksək səviyyədə qoruyur, bütün təhlükələrə qarşı çevik, operativ cavab tədbirləri həyata keçirməyə qadirdir.
Aqşin Kərimov
FOTO: Ramil Zeynalov


Tarix: 20-07-2020, 16:59 Oxunub: 224


Bölməyə aid digər xəbərlər