Təxribatçılar Ordumuza dəstək aksiyasının əsl mahiyyətinə kölgə salmağa çalışdılar - VİDEO

Dünən axşam saatlarından başlayaraq Bakıda orduya dəstək şüarı altında minlərlə insan küçələrə çıxdı.
Baku TV xəbər verir ki, məqsəd Tovuz rayonunda erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızın qanının yerdə qalmayacağını göstərmək və əsgərlərimizin yanında olduğunu nümayiş etdirmək idi.
Əvvəlcə Azadlıq meydanına toplaşan minlərlə insan daha sonra Şəhidlər Xiyabanına doğru yürüş edərək, şəhidlərin ruhuna ehtiramını bildirdi, dövlətimizə və əsgərlərimizə dəstək şüarları səsləndirdi, Qarabağ uğrunda müharibəyə hazır olduqlarını bəyan etdilər.
Təmkinlilik və həmrəylik nümayiş etdirən Azərbaycan polisi isə təşkil olunan bu aksiyaya müdaxilə etmirdi, ümumi situasiyanı nəzarətdə saxlayırdı.
İnsanların qarşısına çıxan Müdafiə Nazirliyinin rəsmiləri orduya dəstəyə görə, birlik nümayiş etdirdiklərinə görə xalqa minnətdarlıqlarını bildirdilər. Azərbaycan xalqının ordusunun yanında olması, həqiqətən, qürurverici idi.
Təxminən gecə saat 02:00 radələrində insanların böyük əksəriyyəti dağılışsa da, bu vəziyyətdən sui-istifadə edənlər ortaya çıxdı. Artıq baş verənlər orduya və əsgərə dəstək mahiyyətində deyildi.
Xalqın və dövlətin bu həssas dönəmində yaranmış vəziyyətdən sui-istifadə edən bir qrup şəxs təxribata əl atdı və ortaya heç bir məntiqə sığmayan mənzərə çıxdı.  Təxribatçı qrup parlament binasının qapılarını və şüşələrini sındıraraq zorla içəri daxil oldular.
Binaya daxil olduqdan sonra bu şəxslər içəridəki avadanlıqlara da ziyan vurdular. Onların bu hərəkətlərinə artıq göz yummaq olmazdı.
Saatlardır səbr və təmkin nümayiş etdirən Azərbaycan polisi əvvəlcə xəbərdarlıq edərək, dağılmağı tələb etdi, lakin aksiyaçılar buna məhəl qoymadılar. Nəticədə, asayiş keşikçilərimiz təxribatçılara müdaxilə etmək məcburiyyətində qaldı.
Özbaşınalıq edən bir qrup şəxs saxlanıldı. Milli Məclisin qarşısındakı meydan da xüsusi vasitələrdən istifadə edilməklə boşaldıldı.
Aksiyanın əsl mahiyyətini unudan təxribatçı qruplar qarışıqlıqdan istifadə edərək, iki avtobus və bir neçə polis avtomobilinə ziyan vurdular. Polis isə qısa bir müddət ərzində ərazidə asayişi bərpa etməyə nail oldu.
Nəticə göz önündədir. Minlərlə insanın bir ağızdan “Qarabağ!” deyə qışqırıb, ordumuza dəstək verdiyi dinc və şərəfli aksiya bir anda hansısa qüvvələrin təxribatı nəticəsində öz istiqamətini dəyişdi. Dövlət orqanlarının binasına hücum, iğtişaş və xoş olmayan görüntülərlə nəticələndi.
Bir qrup insanın mənfur əməlləri vətənpərvərlik və milli birlik hissləri ilə başlayan möhtəşəm nümayişə kölgə saldı.  90-cı illərin əvvəllərini xatırladan bu görüntülər həmin dövrdə olduğu kimi, bu gün də insanlar arasında çaşqınlıq və xaos yaratmaq, vəziyyətdən milli yox, şəxsi maraqlar naminə istifadə etmək cəhdləri idi. Lakin unutmayaq ki, bu cür mənzərə ancaq düşmənlərimizin işinə yarayır.
Şəhidlər Xiyabanı kimi müqəddəs bir məkanın düz qarşısında baş verənlər şəhid olan hərbi qulluqçularımızın xatirəsinə də hörmətsizlik oldu. Lakin nə xaricdəki düşmənlərimiz, nə də daxildəki təxribatçılar unutmasınlar ki, bu cür ucuz provokasiya ilə Azərbaycan xalqını dövlətinə qarşı qoya bilməzlər.
Unutmayın! Güclü Azərbaycanda dövlət-xalq birliyi heç vaxt sarsılmayacaq.


Tarix: 15-07-2020, 15:19 Oxunub: 194


Bölməyə aid digər xəbərlər