Şota Apxaidze: “Gürcüstan ərazisi erməni torpağı deyil” - MÜSAHİBƏ

Bu yaxınlarda bəzi erməni “YouTube” kanallarında Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin (erməni tərəfi bu ərazini Cavaxk adlandırır) “Böyük Ermənistan”nın tərkibində olmuş əzəli erməni torpaqları olduğunu iddia edən təxribatçı videolar yayıldı.
Eyni zamanda, Media.Az-ın əvvəlcədən xəbər verdiyi kimi və indi də “Qafqaz Plus” nəşrinin yazdığına görə, ermənilər 465 gürcü kilsəsi üçün iddialarını irəli sürüblər.
Gürcüstanın Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru Şota Apxaidze Media.Az-a verdiyi müsahibədə bu mövzu ilə yaxından tanış olduğunu qeyd edib.
- Gürcüstandakı erməni separatizmi ilə bağlı dəfələrlə məqalələr yazmışam. “Cavaxk” təşkilatlarının rəhbərləri Rusiyada yaşayırlar, lakin onlar həm də Gürcüstan vətəndaşlarıdır. Qəribə də olsa, Tbilisi onlara hər şəraiti yaradır. Onların hətta parlamentdə, yerli özünüidarəetmə orqanlarında və güc strukturlarında nümayəndələri də var. Gürcüstan bu bölgəni (erməni əhalisi ilə - red.) inkişaf etdirir, inteqrasiya olmalarına dəstək verir.
Eyni siyasət digər milli azlıqlara da tətbiq olunur. Ancaq qəribədir ki, erməni azlığının nümayəndələri səbəbsiz yerə şikayətlər yazır, bəyanatlar verir, kimlərinsə onları sıxışdırdıqlarını göstərməyə çalışırlar. Təhsildən, iqtisadiyyatdan, siyasi vəziyyətdən şikayət edirlər. Bu, sadəcə olaraq, spekulyasiyalar edən bəzi liderlərin məqsədyönlü fəaliyyətidir. Onlar bu vasitə ilə Yerevandan, ola bilsin ki, hətta Moskvadan maliyyə dəstəyi almaq üçün siyasi divident qazanmaq istəyirlər.


Beləliklə, fərqli hekayələr uydururlar. Ancaq əslində etnik və ya dil baxımından heç bir sıxışdırılma yoxdur. Əksinə, qeyd edim ki, ermənilər yerli idarəetmə orqanlarında keçirdikləri görüşlərdə Gürcüstanın rəsmi dövlət dilindən istifadə etmirlər, erməni dilində danışırlar. Buna baxmayaraq, yenə də həmişə bir problem axtarırlar. Cavaxetiyada bu ərazilərin Gürcüstanın deyil, ermənilərin tarixi torpağı olduğunu iddia edən insanlara rast gələ bilərsiniz. Ancaq bu, əlbəttə ki, cəfəngiyatdır! Biz hamımız Anadolu ermənilərinin Gürcüstan torpağına necə gəldiyini yaxşı bilirik. Qraf İvan Paskeviç ermənilərin bu ərazilərə köçürülməsinə imkan yaratdı. Bir daha təkrar edirəm - bura əzəli erməni torpağı deyil. Ancaq ermənilər hazırda bu torpaqlarda yaşayırlar. Qoy olsun, heç kim onlara nə isə demir, onlar Gürcüstan vətəndaşıdırlar. Lakin özlərini digər Gürcüstan vətəndaşları kimi aparmalıdırlar.
Separatizm mövzusu sadəcə olaraq qəbuledilməzdir. Biz onsuz da Abxaziya və Sxinvali bölgəsi ilə əlaqəli çətinliklər yaşayırıq (Cənubi Osetiya - red.). Gürcüstan ərazisində separatizmin başqa bir ocağının yaranmasını istəmirik, amma görünür kimsə bunu çox istəyir. Bu, elə-belə baş vermir! Kimsə onları maliyyələşdirir. “YouTube”dakı videolar, məqalələr, bəzi nümayişlər... “Cavaxk” - mahiyyət etibarı ilə separatçı təşkilatdır.
Qoy hansısa erməni və ya digər milli təşkilatlar olsun. Ancaq bu, humanitar, elmi, təhsil sahələrində olmalıdır. Lakin qanunlara, konstitusiyaya qarşı getmək yolverilməzdir. Düşünürəm ki, bu hərəkatlar özlərini diskreditasiya edirlər.
Gürcüstan qonşuları ilə münaqişədə olmaq istəmir. Başa düşdüyüm qədəri ilə Ermənistan hökuməti də bunu istəmir, lakin ortada irticaçı, inteqral millətçiliyə yoluxmuş müəyyən bir təbəqə var. Məsələn, Cavaxetiyada separatizmi dəstəkləyən daşnaklar...
- Axı aydındır ki, Gürcüstan heç bir şəkildə Ermənistandan asılı deyil. Ancaq Ermənistan əksinə, Gürcüstandan çox asılıdır. Çünki Gürcüstan bu ölkə üçün faktiki olaraq dünyaya yeganə çıxışdır.  Doğurdanmı bu erməni xadimləri Gürcüstanla münasibətləri pozmağın yanlış olduğunu başa düşmürlər?
- Gəlin iqtisadi və maliyyə maraqları, həmçinin Ermənistanın bir çox məsələlərdə Gürcüstan ərazisindəki tranzitdən asılı olmasını bir kənara qoyaq. Axı, dəstəkləməli olduğumuz mehriban qonşuluq münasibətləri var! Bu məqam Cənubi Qafqaz ölkələrini birləşdirməlidir.
Əvvəllər biz sülh şəraitində yaşayırdıq, fərqli dini baxışlara sahib idik, amma bu mane olmurdu. Qarşılıqlı hörmət var idi. Bəs indi necə? İnteqral millətçilik ortaya çıxdı, insanlar ona yoluxdular (əlbəttə hamı yox). İstənilən halda, yeni münaqişələrin qızışdırılması, əlbəttə ki, Ermənistan üçün sərfəli deyil.


Tarix: 11-07-2020, 15:43 Oxunub: 145


Bölməyə aid digər xəbərlər