Rövnəq Avdullayev İlham Əliyevin tənqidi fikirlərinə əsasən SOCAR-dan yazdı

"Prezident İlham Əliyevin 2020-ci il avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə əlaqədar müşavirədə dövlət şirkətləri haqqında söylədiyi tənqidi fikirləri əldə rəhbər tutaraq korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi, effektiv bazar iqtisadiyyatı trendlərinə uyğun transformasiya, əməliyyat və investisiya layihələrinin gəlirliliyinin təmin olunması istiqamətində atdığımız addımları daha da sürətləndiririk. SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanmışdır və bütün təfərrüatı ilə hökumətə təqdim ediləcək". 
SOCAR-ın prezidenti Rövnəq Avdullayevin rəsmi mətbuatda "SOCAR prioritetlərini dövrün çağırışlarına uyğun seçir" başlıqlı məqaləsi dərc edilib.
QanunXəbər.com məqaləni təqdim edir.
- Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən tərəqqi və inkişaf strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal enerji layihələri ölkəmizin davamlı inkişafında mühüm rol oynayaraq, ölkə iqtisadiyyatının güclənməsinin, xalqın rifah halının durmadan yaxşılaşmasının mühüm amillərindən birinə çevrilmişdir.
Bu gün beynəlxalq enerji sektorunda aparıcı tendensiyalar dünya iqtisadiyyatında yüksək texnologiyaların inkişaf dinamikası ilə müəyyənləşir. Qədim tarixə, zəngin və şərəfli ənənələrə malik Azərbaycan neft-qaz sənayesi də bu tendensiyalardan kənarda qalmır, fəaliyyətini zamanın tələblərinə uyğunlaşdıraraq, modernizasiya və qloballaşma çağırışları ilə uzlaşdırır. Bu çağırışlar enerji sektoru qarşısında yeni məqsəd və vəzifələr qoyur, prioritet sahə olan rəqəmsal texnologiyaların inkişafını, bütövlükdə iqtisadi sistemə, o cümlədən, idarəetmə və tənzimləmə sisteminə tətbiq edilməsini labüdləşdirir.
Hazırda bütün dünya qlobal miqyaslar almış pandemiya təhlükəsi qarşısında qüvvələri səfərbər edib. Yeni növlü koronavirus infeksiyası dünya iqtisadiyyatının bütün sahələrində olduğu kimi, neft-qaz sektorunda da çətinliklər yaratmış, pandemiyadan əvvəlki dövrdə latent şəkildə mövcud olan bir çox problemləri aşkara çıxarmış, daha da kəskinləşdirmişdir. Normal strateji planlaşdırma və proqnoz meyarlarına tabe olmayan enerji bazarlarında qiymət tərəddüdlərinin artdığı, tələb-təklif balansının kəskin surətdə pozulduğu bir məqamda neft hasilatçıları OPEC+ çərçivəsində əldə olunmuş sazişə əsasən istehsalın məhdudlaşdırılması qərarına gəldilər.
Perspektiv qeyri-müəyyənliklərdən irəli gələn risklərin təhlili, ən bədbin ssenarilər nəzərə alınmaqla əməliyyat səmərəliliyinin bazar reallıqlarına uyğun şəkildə artırılması mümkün itkiləri minimuma endirməyə imkan verən üsullardan biri kimi mövcud böhran vəziyyətində uğurlu sayılır.
Prezident İlham Əliyevin 2020-ci il avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə əlaqədar müşavirədə dövlət şirkətləri haqqında söylədiyi tənqidi fikirləri əldə rəhbər tutaraq korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi, effektiv bazar iqtisadiyyatı trendlərinə uyğun transformasiya, əməliyyat və investisiya layihələrinin gəlirliliyinin təmin olunması istiqamətində atdığımız addımları daha da sürətləndiririk. Hələ bir müddət əvvəl McKinsey şirkəti ilə birlikdə SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanmışdır və bütün təfərrüatı ilə hökumətə təqdim ediləcək. Strategiyanın əsas prinsipləri sırasında şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin artırılması, ölkənin yanacaq-enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı, borclanmanın idarə olunması da mühüm yer tutur. Şirkətin idarəetmə modelinin təkmilləşdirilməsi, funksional idarəetmənin mərkəzləşdirilməsi, biznes əməliyyatlarının çevikliyinə nail olunması, bürokratik maneələrin aradan qaldırılması, idarəçilik proseslərinin sadələşdirilməsi bu məqsədlə nəzərdə tutulan mütləq şərtlərdəndir.
"2035-ci ilə kimi Korporativ Strategiya” SOCAR-ın qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirir, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən edir. Sənaye 4.0 tələblərinə uyğun olaraq hazırlanmış sənəddə istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiya və vençur layihələrinə ayrılan investisiya həcmlərinin artırılmasına, kadr potensialının ixtisasdəyişmə və ixtisasartırma proqramları vasitəsilə optimallaşdırılmasına xüsusi yer ayrılıb ki, bununla da şirkətimizin sosial məşğulluq üzrə öhdəliklərinin daha dayanıqlı şəkildə yerinə yetirilməsinə nail olunacaq. Yeni strategiya əsasında investisiya portfelimizi təkrar nəzərdən keçirərək, biznesimizin dayanıqlılığını təmin etmək, habelə şirkətin əməliyyat modelinin səmərəliliyini artırmaq əzmindəyik.
Respublikanın neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını durmadan artırmaq həmişə olduğu kimi, başlıca strateji hədəflərimizdən biridir. Bu gün bütün dünyada üstünlük bərpa olunan enerjiyə verilir və bu istiqamətdə gedən transformasiya prosesləri dəstəklənir. Bu kursun perspektivi nəzərə alınaraq, gələcək illərdə aşağı karbon emissiyalı biznesin, sirkulyar iqtisadiyyatın və ekoloji cəhətdən daha təmiz əməliyyatların stimullaşdırılmasını qarşıya vacib məqsədlər kimi qoymuşuq. İnanırıq ki, "SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası” bizi bu məqsədlərə daha da yaxınlaşdıracaq və nəticə etibarilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Azərbaycanın qlobal brendi olan SOCAR artıq aparıcı enerji şirkətləri ilə bir sırada dayanır. Odur ki, Sənaye 4.0 çağırışları istiqamətində aparılan islahatların davam etdirilməsi və intensivləşdirilməsi zərurəti bu gün daha aktualdır. Rəqəmsal texnologiyalar iri müəssisələrdə fəaliyyətin optimallaşması üçün imkanları genişləndirir, iqtisadi səmərəliliyi, ekoloji effektivliyi və əməyin təhlükəsizliyini dəfələrlə artırır. Son illər ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı layihələr çərçivəsində SOCAR-ın əldə etdiyi nailiyyətlər ilk növbədə onunla əlaqədardır ki, biz enerji sektorunda ən müasir rəqəmsal texnologiyalardan istifadə edərək zamanla ayaqlaşmağa çalışmış və buna nail olmağı bacarmışıq. Qarşıda duran vəzifələrin icrası istiqamətində fəaliyyətini məhz bu kriteriyalar əsasında həyata keçirən SOCAR nəzərəçarpacaq irəliləyişlərə imza atıb və uğurlu strateji həmlələrini davam etdirir. Türkiyədəki ən mühüm aktivlərimizdən olan "PETKİM” holdinqi dünyanın aparıcı rəqəmsal şirkətlər arasında özünə layiqli yer tutaraq, rəqəmsal sistemin tətbiqli vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun (WEF) "Global Lighthouse Network”una seçildi. "PETKİM” 2018-ci ildə təsis edilən və "gələcəyin fabrikləri” kimi qəbul olunan 44 üzvdən ibarət "Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.
Son illərdə istismara başlamış yeni tipli müəssisəslərimizdə - "SOCAR-Polymer” kompleksinin polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən yüksək texnologiyalı zavodlarında, Türkiyədə "STAR” neft emalı zavodunda, Sumqayıt kimya-sənaye parkı layihəsi çərçivəsində istifadəyə verilmiş Karbamid zavodunda ən qabaqcıl texnologiyalardan, xüsusilə də rəqəmsal texnologiyalardan istifadə olunur.
Bu gün SOCAR planauyğun şəkildə yataqların kəşfiyyatından, karbohidrogenlərin nəqlindən tutmuş son emal prosesinə qədər bütün fəaliyyət sahələrində rəqəmsallaşdırma proqramını uğurla həyata keçirir. Xarici tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz layihələr bu uğurların qazanılmasında mühüm rol oynamışdır. Əməkdaşlıq fəaliyyətlərimiz boyunca qiymətli təcrübə əldə edərək, qabaqcıl praktikanın mənimsənilməsi üzrə uzun bir yol keçmişik. SOCAR bu gün SAP UFAM əsasında "Rəqəmsal yataq” layihəsinə start verərək, neft və qazçıxarma əməliyyatlarını təkmilləşdirir. Bununla da SAP UFAM (SAP və OIS-in birgə həlli) istehsal proseslərini vahid sistemdə birəşdirərək, müəssisənin rəqəmsal nüvəsi olan SAP ERP proqram təminatı ilə inteqrasiya edəcək. Qeyd edək ki, bütün neft hasilatı proseslərinin inteqrasiyalı planlaşdırılması, modelləşdirilməsi, təhlili və monitorinqinə imkan verən vahid məlumat mənbəyinin yaradılması layihəsi SOCAR, Caspian Innovation Center (Xəzər İnnovasiya Mərkəzi), SAP Digital Business Services və OIS əməkdaşları tərəfindən mərhələli olaraq həyata keçirilir. İlk növbədə əsas biznes prosesləri, verilənlər və onların SOCAR-ın ölçmə sistem-mənbələrinə inteqrasiyası, korporativ verilənlər anbarı və SAP ERP rəqəmsal nüvəsi ilə inteqrasiyası üzrə həllər işlənib hazırlanıb. Artıq SOCAR-ın iki neftqazçıxarma idarəsində rəqəmsal üsul razılaşdırılmış alqoritmlər sistemində reallaşdırılıb və sınaqdan keçirilib. Geoloji-texnoloji tədbirlərin seçilməsi, quyuların işinin təhlili, istehsalat prosesinin interqasiyalı modeli və planlaşdırılması üzrə rəqəmsal platformanın funksionallığı nümayiş etdirilib. Əsas istifadəçilər üçün təlimlər keçirilib, eləcə də müxtəlif məlumat qruplarının yoxlanılması və sistemə yüklənməsi üçün qruplar üzrə məsul mütəxəssislər təyin olunub. Rəqəmsal platforma itkilərin əhəmiyyətli dərəcədə azaldılmasına, qərarvermənin dəstəklənməsinə, statik və dinamik məhdudiyyətlərin hesablanması üçün daimi fəaliyyətdə olan aktiv modelin yaradılmasına, bütün biznes obyektlərinin (quyu, boru kəməri, yerüstü avadanlıq, energetika obyektləri və s.) monitorinq panelindəki xəritədə real vaxt rejimində əks olunmasına və onların pasportlarının, son və cari iş parametrlərinin tərtib edilməsinə imkan verir.
SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrində vahid konsepsiya əsasında yüksək texnologiyaların tətbiqi üzrə rəqəmsal yol xəritəsi hazırlanıb və uğurla icra olunmaqdadır. Yol xəritəsi fəaliyyət istiqamətlərimizi bütövlikdə əhatə edir. Pandemiya şəraitinə baxmayaraq, Heydər Əliyev adına Neft Emalı Zavodunun və "Azərikimya” İstehsalat Birliyinin qrafikə uyğun olaraq davam etdirilən modernizasiya prosesləri çərçivəsində həyata keçirilən layihələrə verilən mütləq tələblərdən biri də tikinti-quraşdırma və yenidənqurma işlərinin ən mütərəqqi texnoloji səviyyədə həll edilməsidir.
Qlobal enerji bazarında xam neftin qiymətində baş verən kəskin dalğalanmalar, rəqəmsal texnologiya və süni intellekt sistemlərinin tətbiqi, geosiyasi amillər, maye təbii qaz (LNG) və sıxılmış təbii qaz (CNG) ticarətinin həcminin artması, neft və qaz məhsullarına tələbatın azalmasına təsir edən qeyri-iqtisadi amillər, yaşıl texnologiyaların və alternativ enerji istehsalının aktuallaşması fonunda yeni baxış və yanaşmalara ehtiyac bu gün həmişəkindən daha böyükdür. Bu, həm də yeni reallıqlara uyğun olaraq uzunmüddətli perspektivdə neft-qaz sənayesində proqnozlaşdırılan dəyişikliklərlə əlaqədardır.
Qeyd etmək lazımdır ki, son bir neçə ildə Azərbaycanın təşəbbüsü və SOCAR-ın birbaşa iştirakı ilə beynəlxalq və regional əhəmiyyətli bir neçə layihə uğurla icra olunmuşdur. TANAP Qaz İxrac Boru Kəmərinin və STAR Neft Emalı Zavodunun tikintisi və istismara verilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, SOCAR Tradingin fəaliyyət coğrafiyasının, demək olar bütün mühüm beynəlxalq bazarları əhatə etməsi, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya və digər ölkələrdə kommersiya əməliyyatlarının intensivləşdirilməsi kimi strateji layihələr ölkəmizin beynəlxalq mövqelərini gücləndirmişdir. Son illər bütün dünyanın diqqət mərkəzində olan "Cənub qaz dəhlizi” layihəsinin ilkin resurs mənbəyini təşkil edən "Şahdəniz” yatağının işlənilməsinin 2-ci fazası çərçivəsində dəniz platformalarının inşası və istismara verilməsi, Heydər Əliyev adına Neft Emalı Zavodunda və "Azərikimya” İB-də yenidənqurma və modernizasiya proseslərinin mərhələli şəkildə davam etdirilməsi, "SOCAR Polymer”, "SOCAR Karbamid” zavodlarının tikintisi kimi genişmiqyaslı layihələrimiz bu qəbildəndir. Eyni zamanda AÇG layihəsi üzrə müqavilənin 2050-ci ilədək, "Şahdəniz” layihəsi üzrə müqavilənin isə 2048-ci ilədək uzadılması, yeni Hasilatın Pay Bölgüsü Sazişlərinin və Risk Xidmət Müqavilələrinin imzalanması qeyd olunmalıdır.
Ötən ilin uğurları siyahısına 2019-cu il noyabrın 30-da TANAP boru kəmərinin Avropaya bağlantısının həyata keçirilməsini, "Ümid” qaz-kondensat yatağında layihə dərinliyi 6270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılan və yataqda qaz hasilatını gündəlik 3-3,5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırmağa imkan verən yeni quyunun qazılmasına başlanılmasını, SOCAR və Norveçin "Equinor” şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən "Qarabağ” yatağının kəşf olunmasının təsdiq edilməsini, ötən ay həmin yataqda neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan və SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilən "Qarabağ” dayaq blokunun dənizə yola salınmasını, "Cənub qaz dəhlizi”nin əsas hissələrindən birinin - Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğunun BP Eksploration (Shah Deniz) Limited şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations” MMC-yə keçməsini və s. daxil etmək olar.
Məlum olduğu kimi, cari il aprelin 9-da OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında COVID-19 pandemiyasının təsiri altında yaranan iqtisadi resessiya şəraitini müzakirə etmiş, neftə olan tələb və təklifin tarazlaşdırılması üçün cari il mayın 1-dən etibarən neft hasilatının gündəlik 9,7 milyon barel həcmində azaldılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası OPEC+ iştirakçısı kimi görüşdə təmsil olunmuş və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı öhdəliklər götürmüşdür. Müzakirələrdə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilmiş və təklifin icrasının təmin olunması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığı ilə SOCAR-a həvalə edilmişdir. Beynəlxalq razılaşmaya əsasən, 2020-ci ilin may və iyun aylarında Azərbaycan üzrə gündəlik hasilat 554 min bareldən, iyul-dekabr aylarında 587 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır. Qeyd edilən göstəricilər yalnız xam neftin hasilatına aiddir. Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yataqların istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlılığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürülüb.Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək, məhsuldarlığı isə aşağı olan neft və qaz yataqlarının istismarı dayandırılıb, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən yataqlarda isə istismar tam həcmdə davam etdirilir.
Qurudakı yataqlarda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar təbii olaraq aparılan qazma əməliyyatlarının həcmi də azaldılmışdır. Nəticədə əmək fəaliyyətinin həcmi azalan işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqlara texniki xidmət sahələrinə cəlb olunurlar. Həmin əməkdaşların göstəriciləri SOCAR-ın Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilir, onların müvafiq müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görülür. Şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-ə daxil edilmiş işçilər hesabına təmin olunması, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün SOCAR-ın kadr hazırlığı mərkəzlərində çoxsaylı təlimlər təşkil edilir, proqramlar keçirilir. Əməkdaşların yeni ixtisaslara yiyələnməsi həm də rəqəmsal sənaye dövrünün çağırışları ilə aktuallıq qazanmışdır. Başlıca prioritet davamlı inkişafın təmin olunmasına verildiyi üçün biz, SOCAR-da kadr hazırlığı üzrə əsas səylərin məqsədyönlü şəkildə əməkdaşların ixtisasının artırılması və yenidən təhsili istiqamətlərinə yönəldilməsini vacib sayırıq.
Pandemiya təhlükəsinin yaratdığı iqtisadi problemlər fonunda əməliyyat effektivliyinin daha da artırılması qarşıya ən mühüm vəzifə kimi çıxmışdır. Bununla əlaqədar şirkətimizin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) və Keyfiyyət üzrə korporativ siyasət sənədi, habelə müvafiq standartlar hazırlanmışdır. Əsas məqsəd bütün müəssisə və struktur vahidlərində sağlam, təhlükəsiz iş mühiti yaratmaq, əməyin mühafizəsini istehsalat zərurətinin fövqünə yüksəltməkdir. Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının (IOGP) üzvü olan SOCAR istehsalat əməliyyatlarında bu nüfuzlu beynəlxalq təşkilatın sənaye üzrə qəbul etdiyi vahid standart və tövsiyələrə əməl edir. Şirkət üzrə "Bizi Qoruyan Qaydalar toplusu” və Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemi kimi daxili təlimatlar tərtib olunmuş, bu istiqamətdə geniş maarifləndirmə işləri aparılmışdır. SƏTƏMM və Keyfiyyət üzrə hazırlanmış yol xəritələri neft və qaz sənayesində tanınmış beynəlxalq APİ Q1 və Q2 standartlarına uyğunlaşmağa və müvafiq sertifikatların alınmasına kömək edəcək. Qabaqcıl təcrübələrin tətbiqi, əməkdaşlarımızın həyat və sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi ilə yanaşı, şirkətin əməliyyat effektivliyinin artırılmasına da mühüm töhfə olacaq. Aparılan islahatlar istər mütərəqqi beynəlxalq təcrübənin mənimsənilməsini, istərsə də vahid korporativ siyasət çərçivəsində şirkətin bütün müəssisələrində SƏTƏMM və keyfiyyət standartlarının mərkəzləşdirilmiş və vahid formatda tətbiqini təmin edəcək. Risk potensialı olan fəaliyyətlərdə İşə İcazə Vərəqələri SOCAR-ın bütün müəssisələrində artıq mərkəzləşdirilib və vahid standart halına gətirilib ki, bu da istehsalat risklərinin daha effektiv idarə olunması baxımından önəmli şərtlərdəndir. Yaxın müddətdə SOCAR-ın rəqəmsal qolu olan Caspian Innovation Center şirkəti ilə birlikdə İşə İcazə Vərəqələrinin rəqamsallaşdırılması nəzərdə tutulur.
SOCAR bu gün sənayedə ekoloji təhlükəsizlik üzrə dünya standartlarına cavab verən beynəlxalq şirkətlərdən biri kimi tanınır. Ekoloji fəaliyyətin əsas istiqamətləri "Ekoloji Siyasət” sənədində ətraflı əks olunmuşdur. Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq konvensiyaların tələblərinə və ölkə qanunvericiliyinə uyğun olaraq şirkətin bütün fəaliyyət seqmentləri üzrə aparılan əməliyyatlar zamanı ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və yaranan ekoloji fəsadların aradan qaldırılması mütləq tələblər kimi qarşıya qoyulur. Sənəddə yeni fəaliyyət sahələrində ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi və ona neqativ təsirlərin minimuma endirilməsini təmin etmək məqsədilə "sıfır tullantı” prinsipinə əməl olunması mütləq şərt kimi müəyyənləşdirilmişdir. SOCAR-ın idarə və müəssisələrində ekoloji təhlükəsizliyi və ekosistemə mənfi təsirlərə operativ nəzarəti təmin etmək üçün dənizdə və quru ərazilərdəki istehsal sahələrində davamlı olaraq kompleks monitorinqlər aparılır. 2019-cu il ərzində ətraf mühitin mühafizəsi üzrə 56-sı quruda, 14-ü isə dənizdə yerləşən obyektlərdə olmaqla, ümumilikdə 70 belə monitorinq həyata keçirilmişdir. Ekoloji effektivliyin yüksəldilməsi, yanacaq sərfiyyatının minimallaşdırılması məqsədilə bir sıra texnoloji sistemlərimizdə alternativ külək və günəş qurğularından istifadəni genişləndirməyə nail olmuşuq. Boru xətləri üzərində quraşdırılmış nəzarət-ölçü cihazlarının əksəriyyəti günəş enejisi ilə işləyir. Bundan əlavə, inzibati binaların işıqlandırılması məqsədilə bir sıra müəssisələrdə külək qurğuları və günəş panellərindən istifadə olunur. Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində 3,6 kVt/saat gücündə külək turbinləri, 15,4 kVt/saat gücündə günəş panelləri quraşdırılmış, 2019-cu ildə həmin qurğularda 636 kVt/saat enerji istehsal olunmuşdur. SOCAR 2008-ci ildən Dünya Bankının GGFR ("Global Gas Flaring Reduction”) - Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq Təşkilatının Rəhbər Komitəsinin üzvüdür. Ötən müddətdə həyata keçirilmiş layihələr əsasında il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. Dünya Bankının Ekspert Şurası SOCAR tərəfindən hazırlanan bu layihələri iki dəfə ali mükafata layiq görüb. Sevindirici haldır ki, neft hasilatı zamanı səmt qazı emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur.
Prezident İlham Əliyev demişdir: "Bizim enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Tariximizdə Azərbaycan heç bir zaman öz enerji potensialını digər məqsədlər üçün istifadə etməmişdir”.
Xəzərin zəngin karbohidrogen ehtiyatlarından sülh və tərəqqi naminə istifadə edilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə inamla həyata keçirilən enerji strategiyamızın başlıca amalıdır. Qloballaşan dünyanın çağırışları ruhunda ilbəil yeni zəfərlər qazanan bu strategiya Azərbaycanın misilsiz sosial-iqtisadi yüksəlişinin təntənəsini təcəssüm etdirir. Fəxr edirik ki, SOCAR bu qalibiyyətli strategiyanın əsas icraçılarından biri kimi ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı layihələr çərçivəsində mühüm uğurlar qazanır. Neftçilərimizin fədakar əməyi sayəsində ilbəil böyüyən, rəqabət qabiliyyətini və əməliyyat çevikliyini artıran şirkətimiz indiyə qədər olduğu kimi, bundan sonra da qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsi, xalqımızın maddi rifah halının durmadan yaxşılaşması naminə yeni-yeni əmək qələbələrinə imza atacaq.
XXX
Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi yaradılıb və bir sıra dövlət şirkətinin bu holdinqin idarəetməsinə veriləcəyi gözlənilir. 


Tarix: 19-09-2020, 11:26 Oxunub: 244


Bölməyə aid digər xəbərlər