Bakıda şirkət müştərilərinin oğurlandığını və haqsız rəqabət aparıldığını iddia edir

Son günlərdə internet istifadəçiləri müxtəlif provayderlərdən şikayətlər paylaşır. Şikayət olunan internet şirkətləri arasında həm dövlət, həm də özəl qurumlar yer alır. Mübahisəli məqamlardan biri “Aztelekom” MMC və “Avirtel” MMC haqqında çoxsaylı şikayətlər üzrə mətbuatda gedən yazılardır.
Oxu.Az xəbər verir ki, “Aztelekom” MMC-nin həmin şikayətlərə verdiyi rəsmi cavabda 2016-cı ildən xidmət şərtlərində müəyyən dəyişikliklərin edildiyi qeyd olunub.
Bu səbəbdən cəmiyyətin infrastrukturundan istifadə edərək, ADSL internet xidməti vermək istəyən provayder və operatorlarla mövcud müqavilələrin müddəti bitdikcə, yeni şərtlərdə müqavilələr bağlanıb.
Yalnız “Avirtel” MMC “Aztelekom” MMC ilə yeni şərtlərdə müqavilələrin bağlanmasından imtina edib, o cümlədən, hesablanmış ödənişləri icra etməkdən yayınması nəticəsində “Aztelekom” MMC-yə yüksək məbləğdə borcu yaranıb. Qanunvericiliyin tələbinə əsasən, xidmətlərin verilməsi üçün tərəflər arasında müqavilə imzalanması mütləqdir.
Cavabda hətta 2019-cu ildə “Avirtel” MMC tərəfindən “Aztelekom” MMC-yə qarşı haqsız rəqabət və antiinhisar qanunvericiliyinin tələblərinin pozulması tələblərinə dair Bakı Kommersiya Məhkəməsində və Sumqayıt Kommersiya Məhkəməsində iş qaldırıldığı, lakin irəli sürülən iki ayrı iddia üzrə iqtisadi mübahisələrə baxıldıqdan sonra hər iki iş üzrə iddiaların əsassız olması səbəbindən təmin edilmədiyi də qeyd olunub.
Oxu.Az xəbər verir ki, sözügedən mübahisəli məsələ üzrə “Avirtel” MMC “Aztelekom” MMC-nin onlar barəsində verdiyi rəsmi cavaba münasibət bildirib.
“Avirtel” MMC şirkətindən bildirilib ki, “Aztelekom” MMC regionlarda internet bazarında hökmran mövqeyə sahib müəssisə olaraq, hər vəchlə özəl internet provayderlərinin internet xidməti bazarından sıxışdırılıb çıxarılmasını qarşısına məqsəd qoyub:
“Əks halda, provayder və abunəçilərdən xəbərsiz minlərlə özəl provayder abunəçisini oğurlayaraq, öz (Aztelekom) şəbəkəsinə keçirməz, ATS-lərdə provayderlərə təklif etdiyi 1 kub metr sahə üzrə aylıq xidmət haqqını birdən-birə 40 dəfəyədək qaldırmaz, özəl provayder abunəçilərinin telefon xətlərinə qəsdən müdaxilə edib, onları provayderin xidmətindən narazı salmazdı.
Onlar özəl provayderlərin ATS-lərdə avadanlıqlarını günlərlə söndürərək, onların əraziyə girişini qadağan edir və bunun kimi saysız-hesabsız süni maneələr və qanunsuzluqlarla özəl provayder və abunəçilərinə problemlər yaradır.
“Aztelekom” MMC yalnız bir gün ərzində abunəçilərin razılığını belə almadan təkcə Xaçmaz rayonunda 921, Gəncə şəhərində isə 2000-dən çox abunəçimizi öz şəbəkəsinə keçirib. Eyni ssenari üzrə digər regionlarda da şəbəkəmizdən abunəçilərin köçürülməsi baş verib və bu qanunsuz əməllər hələ də davam etməkdədir”.
Cavabda o da qeyd olunub ki, internet istifadəçilərinin “Aztelekom” MMC-nin keyfiyyətsiz internet xidmətlərindən saysız-hesabsız şikayətləri sosial şəbəkələrdə də paylaşılır:
“İnternet istifadəçiləri bu barədə Antiinhisar Dövlət Xidməti və digər müvafiq dövlət qurumlarına şikayət ünvanlayırlar. Bu barədə mətbuatda da geniş yazılar dərc olunur. “Avirtel” MMC, tam xarici investisiyalı özəl şirkət olaraq, abunəçilərinin oğurlanaraq “Aztelekom” şəbəkəsinə keçirilməsi ilə əlaqədar olaraq hüquqi prosedurlara başlayıb.
Məhkəmə prosesində Antiinhisar Dövlət Xidmətinin nümayəndəsi bildirib ki, Xidmətə müştərilər tərəfindən “Aztelekom”un haqsız rəqabət fəaliyyəti barədə hər gün onlarla şikayət məktubu daxil olur. Bu istiqamətdə qarşılaşdığımız haqsızlıqlarla bağlı bütün aidiyyəti qurumlara müraciət etmişik. Ümid edirik ki, məhkəmə işə ədalətlə baxaraq, həm özəl provayderlərin, həm də istehlakçıların pozulmuş hüquqlarının bərpa olunmasını təmin edəcək".


Tarix: 24-07-2020, 12:27 Oxunub: 175


Bölməyə aid digər xəbərlər