Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”

Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”


“May ayının 10-da Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşa şəhərindən xalqa müraciət etdi. Əlbəttə ki, dövlət başçısının bu seçimi heç də təsadüfi deyil və həm siyasi-mənəvi, həm də tarixi baxımdan xüsusi önəm kəsb edir. Şanlı Azərbaycan Ordusu 2020-ci il 8 noyabr tarixində alınmaz qala hesab edilən Şuşa şəhərini erməni işğalçılarından azad etməklə Vətən müharibəsində tarixi Qələbəmizi təmin etdi. Şuşanın alınması ilə Azərbaycan xalqının torpaqlarımızı azad etmək uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsində faktiki olaraq son nöqtə qoyuldu. Şuşaya gedən yolda ilk addımını 2020-ci ilin 27 sentyabr tarixində atan Şanlı Ordumuz buraya qədər bir çox şəhər və kəndlərimizi, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Suqovuşanı, 300-ə yaxın kəndi, Laçının və Kəlbəcərin bir hissəsini döyüş meydanında azad edərək, 44 gün ərzində bircə addım belə olsun geriyə dönmədən, qanlı döyüşlərdə düşməni məhv edərək gəlib çıxmışdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, müharibənin son məqsədi məhz Şuşanı işğaldan azad etmək idi. Çünki Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir və Şuşasız bizim qələbəmiz tam ola bilməzdi. Keçən il Zəfər Günü münasibətilə Şuşada keçirilmiş tədbirdə etdiyi çıxışında cənab Ali Baş Komandanın dediyi kimi, - “Şuşanı işğaldan azad etmək müharibənin son məqsədi idi. Həm də təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır, eyni zamanda ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir ”. Buna görə də xalqımız Zəfər Gününü məhz 8 noyabr tarixində, Şuşanın azad edildiyi gündə qeyd edir. Bu gün artıq qalib Azərbaycan xalqının tarixinə ən şərəfli günlərdən biri kimi yazılıb və bundan sonra da gələcək nəsillər bu tarixlə daim fəxr edəcəklər. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin, öz Ali Baş komandanının ətrafında sıx birləşərək 2020-ci ildə Ulu Öndərimizin bu müqəddəs vəsiyyətini həyata keçirdi.”

Bu sözləri mətbuata verdiyi bəyanatında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Daha sonra deputat Heydər Əliyev İli münasibətilə həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə ardıcıl keçirilən çoxsaylı tədbirlərin xalqımızın və bütün dünya azərbaycanlılarının öz Ümummilli Liderinə olan sonsuz sevgi və ehtiramının bariz nümayişi olduğunu vurğulayıb: “Azərbaycan xalqı müstəqil dövlətimizin qurucusu və xilaskarı, görkəmli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd etdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu müdrik qərar birmənalı olaraq bütün xalqımızın iradəsini əks etdirir və Ulu Öndərimizə olan sonsuz ümumxalq sevgisinin bariz təzahürüdür. Təsadüfi deyil ki, ilin əvvəlindən bu günə qədər həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilmişdir və bu tədbirlər ilin sonuna qədər keçiriləcəkdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu bir daha onu göstərir ki, Azərbaycan öz xilaskar oğlunun əziz xatirəsinə böyük hörmətlə yanaşır. Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Heydər Əliyev hələ Sovet Azərbaycanı dövründə, 1969-82-ci illərdə respublikamızı SSRİ-də ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı o illərdə formalaşmışdır. Məhz həmin illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda bu gün də fəaliyyət göstərərək ölkəmizin ümumi inkişafını təmin edirlər. Heydər Əliyevin SSRİ hökumətinin Sədrinin müavini vəzifəsində çalışdığı 1982-1987-ci illərdə isə Azərbaycanın inkişafı daha dinamik xarakter almışdı. Əlbəttə ki, Ulu Öndərimizin siyasi hakimiyyətdə olduğu müddətdə erməni millətçiləri illərdən bəri kinli ürəklərində bəslədikləri arzularını gerçəkləşdirmək üçün başlarını belə qaldıra bilmirdilər. Cənab Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu. Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlandı. 1987-ci ildə Heydər Əliyevin kommunist partiyası rəhbərliyinin və şəxsən Baş katib Mixail Qorbaçovun həyata keçirdikləri siyasi xəttə etirazını bildirərək, tutduğu vəzifələrdən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri də o gündən başladı. Lakin Ümummilli Lider bundan sonra da nə öz xalqını, nə də canından artıq sevdiyi Azərbaycanı taleyin hömünə buraxmadı. Həmçinin 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər çatdırdı. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Ümummilli Lider öz haqq səsini ucaltdı, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini qətiyyətlə pislədi və bu qırğınla bağlı bütün dünyaya bəyanat verdi. Bütün bunlardan sonra Moskvada ciddi təqiblərə məruz qoyulan dahi rəhbər 1990-cı ilin iyul ayında Bakıya gəldi. Lakin həmin dövrdə ovaxtkı Azərbaycan rəhbərliyi də Heydər Əliyevə qarşı çirkin kampaniyalar aparırdı. Buna görə də Ulu Öndər Naxçıvana gedərək, orada yaşamağa başladı. Qeyd etmək lazımdır ki, məhz bu məqam Naxçıvanın taleyində həlledici oldu. Çünki həmin vaxt Naxçıvanda ağır günlər davam edirdi, Naxçıvan tam blokadada idi və erməni işğalı real təhdid kimi Muxtar Respublikanın başının üstünü kəsdirmişdi. Bir sözlə, Naxçıvanın ümumiyyətlə gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Lakin Ulu Öndər Naxçıvanı qorudu və inkişaf etdirdi. Xalq Heydər Əliyevi özünə rəhbər seçdi və bu, demokratiyanın əsl təntənəsi oldu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. İlk öncə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edildi və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bunun ardınca Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarıldı. 1992-ci ilin noyabrında isə, Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin əsasını qoydu.”

Fikirlərini davam etdirən A.Naxçıvanlı Ulu Öndərimizin xilaskarlıq missiyasından bəhs edərək bunları deyib: “Azərbaycanda isə 1991-1992-ci illərdə ictimai-siyasi vəziyyət getdikcə pisləşir, böhran həddinə çatmaq üzrə olan gərginlik hər gün yeni təhdidlər doğururdu. Həmin dövrdə ölkəyə rəhbərlik edən qüvvələr hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verildi. Bundan on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Müstəqillik əldən gedirdi, respublikanın müxtəlif yerlərində separatçılıq baş qaldırmışdı və ölkə parçalanma ərəfəsində idi, bir çox silahlı birləşmələr müxtəlif istiqamətlərdə hakimiyyəti və ya hakimiyyət orqanlarını zəbt etmişdilər. 1993-cü ilin real mənzərəsi - özbaşınalıq, quldurluq, xaos, anarxiya idi. Əlbəttə ki, ölkənin artıq öz mövcudiyyətini belə itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalq nicat yolunu yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında xilas etdi. Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha nümayiş etdirdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi və bundan sonra dərhal ciddi islahatlara başlanıldı. Ölkədə ilk növbədə bütün azadlıqlar təmin edildi, antidemokratik senzura qaydaları ləğv olundu, Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Ulu Öndərimizin göstərdiyi böyük diplomatik səylər nəticəsində Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etməyə başladılar. Bu gün Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Etiraf olunmalıdır ki, müasir dünyada sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı çox məhduddur. Lakin Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət strategitası sayəsində bu gün heç bir kənar qüvvə Azərbaycanın iradəsinə təsir edə bilməz. Yeri gəlmişkən, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması, orada Azərbaycan Bayrağının qaldırılması bu iradəni bir daha bütün dünyaya nümayiş etdirdi. Dövlət başçımızın dediyi kimi, bu gün biz, bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkədə yaşayırıq və Azərbaycanda təhlükəsizlik təmin edilir, əmin-amanlıq hökm sürür” - deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Tarix: 11-05-2023, 15:53 Oxunub: 28


Bölməyə aid digər xəbərlər