12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fateh bey: Müstəqilliyinin bərpasının 32-ci ilində: Azərbaycan suverendir!

Fateh bey: Müstəqilliyinin bərpasının 32-ci ilində: Azərbaycan suverendir!


Fateh bey - “Biz bu gün buradayıq, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldarkən bu fikirləri çıxışın­da səsləndirib. 2023-cü ilin 15 oktyabr tarixində Xankəndi bu təsirli səhnəyə şahidlik etdi. Xankəndi, Ağdərə, Əsgəran, qan yadda­şımız Xocalı, Xocavənd, ümumən, Qa­rabağ son yüz ildə heç vaxt indiki qədər Azərbaycan olmamışdı. Qarabağın Azər­baycan olmasına imkan verilmədiyini də xatırlamaqla, hadisələrin xoşagəlməz şəkil almasına maneçilik törətmək üçün böyük səylərin göstərildiyini də mütləq qaydada yada salmalıyıq. Elə ona görə də Prezident İlham Əliyev böyük qədir­bilənliklə yada salır: “Bu gün Ulu öndərin, bizim bu günümüzü görməyən bütün hə­yatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbay­can xalqı olub, onların davamçıları olub­lar”.
Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı başımıza gələcək bə­laların qarşısını aldı. Ölkəmiz müstəqilli­yini itirməkdən xilas oldu. Eyni zamanda, işğaldan qurtuldu da deyə bilərik. Nəzərə alaq ki, erməni millətçiliyinin planları yal­nız həmin vaxtadək işğal edilmiş əra­zilərlə məhdudlaşmırdı. Prezident İlham Əliyev də çıxışında bu məqama toxundu. Dövlətimizin başçısı həmin millətçilərin Bakı küçələrində tank sürmək, çay içmək niyyətlərini xatırlatdı. Bütün bunları həyata keçirmək “istək­ləri” aktual idi. Yəni, Ermənistanın əli ilə Azərbaycan dövlətçiliyi üçün böyük qəsd planı hazırlanmışdı. Heydər Əliyev məhz belə məkrin qarşısını alması ilə də tarixə düşəcək şəxsiyyətdir. Ulu öndər Azərbay­canı təkcə bəlalardan sığortalamadı, eyni zamanda, sürətli, dönməz inkişaf yoluna çıxartdı. Elə bir yola ki, o yolda əvvəldə bildirdiyimiz kimi, həm Qarabağ ideoloji məfkurə halına gəldi, həm də bu məfkurə naminə mübarizə əzmi möhkəmləndi. Nəhayət, 2003-cü il oktyabrın 15-də Heydər Əliyevin Qarabağ ideyalarının gerçəkləşməsinə yeni start verildi. İyirmi illik yol başlandı. Cənab İlham Əliyevin Qarabağ yolu: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək pre­zident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müra­ciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azər­baycanın ərazi bütövlüyünü qoruyaca­ğam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşı­ma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür!” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.
Prezident İlham Əliyevin iyirmi il­lik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bər­pa olunub. Əlbəttə, buna əminlik və inam hissi heç də elə-belədən yaranmadı. Ölkəmiz ötən iyirmi ildə görünməmiş iq­tisadi nailiyyətlərə imza atdı. Dövlətimizin başçısının həyata keçirdiyi bütün tədbir­lərin bir hədəfi var idi – Qarabağ. Nəticə etibarilə Prezident İlham Əliyevin təbirin­cə desək, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Azərbay­can xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”. Xalqın İlham Əliyev şəxsiyyətinə ina­mının nəticəsi idi ki, cəmi 44 gün ərzində düşməni diz çökdürdük, onu ağ bayraq qaldırmağa məcbur etdik. Ümumən, 44 günlük müharibə dövrü və ondan sonra­kı mərhələ Prezident İlham Əliyevi xalqa tam fərqli obrazda təqdim etdi. Həmin müddətdə dövlətimizin başçısı Ali Baş Komandan, mahir sərkərdə keyfiyyətlə­ri ilə seçilməklə yanaşı, həm də hər bir azərbaycanlının doğması – atası, əmisi, dayısı halına gəldi. Istər 44 günlük müharibə, istərsə də 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına nəinki imkan ver­məyəcək, əksinə, bu xülyaya düşənlərə qarşı barışmaz olacaq. Bəli, bu gün Xo­calı qatilləri, Qarabağdakı separatçı re­jimdə təmsil olunanlar Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır.
Prezident İlham Əliyevin Xankəndi şəhərindəki çıxı­şına ən müxtəlif prizmadan yanaşmaq, çoxsaylı örnək nəticələr çıxarmaq müm­kündür. Bəli, əminliklə söyləyə bilərik ki, dövlətimizin başçısının bu qədim şəhərimizdəki çıxışı əsl qürur və fəxarət manifesti idi.  Dövlətimizin başçısı Xankəndidə bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmi illik tarix uğur salnaməmizdir. Bu müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, iqtisadiyyatımız günü-gündən gücləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. O, hər bir azərbaycanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla yerinə yetirdi, verdiyi hər bir sözə, vədə sahib çıxdı. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən verdiyi ilk bəyanatlardan biri o idi ki, bizim Ermənistana ən böyük güzəştimiz münaqişəni danışıqlar yolu ilə həll etməyimiz olar, bundan artığını bizdən gözləməsinlər. Bu günün mənzərəsi hər şeyi sübut edir. Təcavüzkar dövlətin və onun havadarlarının bütün cəhdlərinə baxmayaraq, cənab İlham Əliyev sözünün üstündə durdu və bu mübarizədən qalib çıxdı.


Tarix: 18-10-2023, 12:36 Oxunub: 119


Bölməyə aid digər xəbərlər