
Tarixin elə məqamları olur ki, bütöv bir xalqın taleyi dəyişir, dövlətin inkişaf istiqaməti yenidən müəyyənləşir və gələcək nəsillərin yaddaşına silinməz izlərlə həkk olunur. Son beş il yarım Azərbaycanın məhz belə taleyüklü dövrü kimi tarixə yazılıb. Bu illər ərzində xalqımız əsrlərin həsrətinə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, dövlət suverenliyini tam nail oldu və regionun siyasi xəritəsini dəyişən yeni reallıqlar yaratdı.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Dünya bir daha gördü ki, xalqın iradəsi, güclü dövlətçilik ənənələri və milli birlik qarşısında heç bir işğal siyasəti davam gətirə bilməz. Lakin Azərbaycanın qazandığı qələbə yalnız hərbi meydanda əldə edilən uğur deyildi. Bu qələbə eyni zamanda siyasi, diplomatik və mənəvi zəfər idi. Azərbaycan uzun illər kağız üzərində qalan beynəlxalq hüququ öz gücü ilə bərpa etdi və dünyaya göstərdi ki, ədalət uğrunda aparılan mübarizə nəticəsiz qalmır. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu. Bununla da Azərbaycanın qarşısında duran ən böyük milli məsələ öz həllini tapdı. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində qürurla dalğalanır. Ancaq Azərbaycanın uğur salnaməsi bununla yekunlaşmır. Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyanın ən böyük yenidənqurma və bərpa layihələrinin həyata keçirildiyi ərazilərdən biridir. İşğal dövründə viran qoyulmuş şəhərlər, kəndlər və tarixi abidələr yenidən həyata qaytarılır. Müasir yollar çəkilir, tunellər inşa edilir, elektrik stansiyaları qurulur, yeni yaşayış məntəqələri salınır. Füzuli, Zəngilan və Laçın hava limanları artıq Azərbaycanın iqtisadi qüdrətinin və gələcəyə hesablanmış inkişaf strategiyasının rəmzinə çevrilib. Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi dünyanın diqqətini cəlb edir. Şuşa yenidən Azərbaycan mədəniyyətinin paytaxtı kimi dirçəlir. Ən önəmlisi isə Böyük Qayıdış Proqramı uğurla icra olunur. Vaxtilə doğma yurdlarından didərgin salınmış soydaşlarımız artıq öz evlərinə qayıdırlar. Onların gözlərindəki sevinc, qurulan yeni həyat və dirçələn yurd yerləri Azərbaycanın qazandığı tarixi Zəfərin ən gözəl təcəssümüdür. Bu gün Azərbaycanın iqtisadi gücü də regionun inkişaf mənzərəsini dəyişən əsas amillərdən biridir. Enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu ildən-ilə artır. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşına çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm qovşağı kimi çıxış edir. Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır. Ölkəmizin beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə yüksəlib. Qoşulmama Hərəkatına uğurlu sədrliyi, qlobal təşəbbüslərdə fəal iştirakı, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və balanslaşdırılmış xarici siyasəti Azərbaycanın dünya miqyasında artan nüfuzunun göstəriciləridir. Bu gün Azərbaycan artıq regional proseslərin iştirakçısı deyil, həmin proseslərin formalaşmasında söz sahibi olan dövlətdir. Məhz buna görə də Ermənistanla sülh gündəliyində əldə olunan irəliləyişlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasının əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Uzun illər davam edən qarşıdurmadan sonra sülh müqaviləsinin imzalanması istiqamətində əldə olunan nəticələr ölkəmizin diplomatik uğurlarının növbəti göstəricisidir.
Millət vəkili onu da bildirib ki, lakin bütün bunlar hər kəs tərəfindən eyni sevinclə qarşılanmır. Tarix boyu güclənən dövlətlərə qarşı müxtəlif təzyiq mexanizmləri tətbiq olunub. Müasir dövrdə isə həmin təzyiqlərin əsas hissəsi informasiya məkanında həyata keçirilir. Artıq müharibələr yalnız döyüş meydanlarında aparılmır. Dövlətlərə qarşı dezinformasiya kampaniyaları, manipulyativ məlumat axınları, psixoloji təsir vasitələri və informasiya təxribatları da geosiyasi mübarizənin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan da son illərdə məhz belə hücumlarla üzləşir. 44 günlük müharibədən sonra ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının intensivləşməsi təsadüfi deyil. Azərbaycanın qazandığı qələbə bir sıra xarici dairələrin illərlə qurduğu planları alt-üst etdi. Regionda yaranmış yeni reallıqlar bəzi siyasi mərkəzlərin maraqlarına uyğun gəlmədi. Nəticədə informasiya müharibəsinin yeni mərhələsi başladı. Bu kampaniyaların əsas məqsədi Azərbaycan cəmiyyətində inamsızlıq yaratmaq, dövlət-vətəndaş birliyini zəiflətmək, milli həmrəyliyə zərbə vurmaq və ölkənin uğurlarını kölgədə qoymaqdır. Diqqət yetirdikdə maraqlı mənzərə ortaya çıxır. Qarabağda tikilən şəhərlərdən danışılmır, ancaq hansısa xırda çatışmazlıq böyüdülür. Böyük Qayıdış Proqramının uğurları qeyd edilmir, ancaq keçid dövrünün çətinlikləri qabardılır. Azərbaycanın beynəlxalq nüfuzu görməzdən gəlinir, əvəzində qərəzli mövqelər ön plana çıxarılır. Bu, informasiya müharibəsinin klassik metodudur. Daha təəssüf doğuran məqam isə odur ki, bəzi hallarda həmin tezislər ölkə daxilində də təkrarlanır. Müxtəlif xarici təsir şəbəkələrinin maliyyə və ideoloji dəstəyindən bəhrələnən müəyyən dairələr Azərbaycanın uğurlarını gözdən salmağa çalışırlar. Burada mühüm bir məqamı xüsusilə vurğulamaq lazımdır. Fərqli fikir ifadə etmək başqa, milli maraqlara zidd fəaliyyət göstərmək tamam başqa anlayışlardır. Demokratik cəmiyyətdə tənqid də, müzakirə də olmalıdır. Lakin dövlətin əldə etdiyi uğurları məqsədli şəkildə inkar etmək, xarici dairələrin təbliğatını təkrarlamaq və milli maraqları arxa plana keçirmək artıq başqa mahiyyət daşıyır. Müasir siyasi terminologiyada belə qüvvələr çox zaman "beşinci kolon" adlandırılır. Lakin onların qarşısında ən böyük maneə Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlikdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Vətən məsələsində Azərbaycan xalqı vahid mövqedən çıxış edir. Müxtəlif baxışlar, fərqli düşüncələr və müxtəlif sosial qruplar dövlətçilik məsələsində bir yumruq kimi birləşməyi bacarırlar.
Bu gün ölkəmizin qarşısında duran əsas vəzifələr Qarabağın tam dirçəldilməsi, Böyük Qayıdış Proqramının uğurla davam etdirilməsi, iqtisadi qüdrətin artırılması və regionda davamlı sülhün təmin edilməsidir. Azərbaycan artıq öz taleyini özü müəyyən edən güclü dövlətdir. Onun uğurlarını görmək istəməyənlər, inkişafını həzm edə bilməyənlər və müxtəlif yollarla ölkəmizin yüksəlişinə kölgə salmağa çalışanlar ola bilər. Lakin həqiqəti dəyişmək mümkün deyil. Bu gün Qarabağda yüksələn şəhərlər, doğma torpaqlarına qayıdan insanlar, beynəlxalq arenada artan nüfuzumuz, iqtisadi gücümüz və milli həmrəyliyimiz Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu göstərir. Tarixin hökmü də bunu təsdiqləyir: xalqın iradəsinə söykənən, milli maraqlarını qətiyyətlə qoruyan, gələcəyini öz gücü ilə quran dövlətləri heç bir təzyiq, heç bir qarayaxma kampaniyası və heç bir xarici təsir şəbəkəsi dayandıra bilməz-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər















