Ermənistan bölüşdürülür? - Qərb və Rusiya savaşı törədib, kənara çəkiləcək

Ermənistan bölüşdürülür? - Qərb və Rusiya savaşı törədib, kənara çəkiləcək


Rəsmi İrəvanın hərbi-siyasi təxribatlarının mümkün nəticələri Ermənistan cəmiyyətində də müəyyən təxminlərə yol açmağa başlayıb, baş verənlərə siyasi məntiq üzərindən yanaşanlar ölkənin əsas düşməninin kənarda olmadığını tədricən anlayırlar... Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "11 min hərbçi fərarilik etmişdi" etirafına baxmayaraq, Ermənistan cəmiyyətində reallığa yaxınlaşma prosesi gecikərsə, erməni politoloqun bu ölkənin yox olacağı ilə bağlı son proqnozu doğrula bilər...

Cənubi Qafqaz olduqca təhlükəli tarixi mərhələdən keçir. Bu regionda dünya nəhənglərinin geopolitik maraqları kəskin şəkildə toqquşur. Belə qlobal qarşıdurma isə öz növbəsində regional hərbi-siyasi gərginliyin ən yüksək həddə çatmasına səbəb olub. Və dünya nəhənglərinin regional qarşıdurmasında "geopolitik alət" rolunda çıxış edən Ermənistanın hərbi təxribatları Cənubi Qafqazda yeni savaş təhlükəsini daha da artırır.

Maraqlıdır ki, "Fitch Ratings" agentliyi Cənubi Qafqazda yeni savaş ehtimalını qətiyyən istisna etmir. Agentlik hesab edir ki, Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşmalar tamamilə mümkün variantlardan biri kimi indi daha çox aktualdır. Bu qurumun qənaətinə görə, geopolitik situasiyanın savaşa doğru istiqamətlənməsi ötən ilin əvvəllərindən üzü bəri davam edir. Bununla belə, Fitch Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalana və münasibətlərin normallaşması üzərindən iqtisadi-ticari əməkdaşlığa yönələ biləcəyini də istisna etmir.

Təbii ki, hərbi-siyasi gərginliyin yüksəlməsində regionda maraqları olan beynəlxalq oyunçuların da inkaredilməz rolu olmamış deyil. Hər halda, Avropa Birliyinin mülki missiyasının Ermənistana gəlişindən sonra rəsmi İrəvanın daha çox hərbi təxribatlara əl atdığı və sülh prosesindən uzaqlaşmağa can atdığı da inkaredilməz reallıqdır. Hətta son vaxtlar Avropa Birliyinin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter də təxribatçı açıqlamalarla geopolitik vəziyyəti daha da gərginləşdirir.



Məsələ ondadır ki, Markus Ritter “Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyini”, “belə bir hücum olmayacağı təqdirdə, bunun AB missiyasının uğuru olacağını” iddia etmişdi. Bu, avropalı müşahidəçilərin özlərini regionda sülhün qarantı, hətta Ermənistanın xilaskarı kimi təqdim etmək cəhdindən başqa bir şey deyil. Və regionda sülhün möhkəmlənməsinə deyil, əksinə, qarşılıqlı etimadın yoxa çıxmasına xidmət edir.

Avropa Birliyinin missiyası Ermənistanı Azərbaycandan qorumaq deyil. Bu missiya indiki situasiyada sülh prosesinin ön plana çıxmasına dəstək vermək üçün Ermənistana göndərilib. Ancaq müşahidələr göstərir ki, bu missiya daha çox rəsmi İrəvanın təqdim etdiyi yalan məlumatları öz fəaliyyətinin təməlinə yerləşdirib. Və bu baxımdan, sülhə deyil, yeni savaşın başlanmasına səbəb ola biləcək mövqedən çıxış edir.

Ancaq regionda yeni savaşın baş verəcəyi təqdirdə, Avropa Birliyi də daxil olmaqla, rəsmi İrəvanın heç bir xarici himayədarı Ermənistanı qoruya bilməz. Birincisi, rəsmi İrəvanın xarici himayədarlara güvənərək, regionda hərbi-siyasi təxribatlar törətməsinə uzun müddət səbr göstərilməz. Bu, əvvəl-axır müharibə ehtimalını reallığa çevirə bilər. Və Ermənistanı yeni hərbi toqquşmalardan qorumaq o qədər də asan olmayacaq.

Məsələ ondadır ki, Ermənistanı müdafiə etmək üçün onun əvəzindən döyüş meydanında savaşmaq lazımdır. Ermənistan ordusu savaşmaq qabiliyyətində deyil. Çünki bu ölkənin ordusunun hərbçiləri savaş meydanından qaçmağa daha vərdişlidirlər. Rəsmi İrəvan da müttəfiqliyi və tərəfdaşlığı yalnız başqa ölkələrin Ermənistanın əvəzinə savaşmasının vacibliyi ilə paralelləşdirir.



Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük savaş dövründə Ermənistan ordusundan 10 min nəfərdən çox hərbçinin döyüş meydanından qaçaraq, fərrarilik etdiyini vurğulamışdı. Rəsmi Bakı Ermənistan ordusunda olan vəziyyəti, əhval-ruhiyyəni, onu döyüş qabiliyyətini bu ölkənin hərbi-siyasi rəhbərliyindən daha yaxşı bilir. Son vaxtlar Ermənistan ordusuna qadınların cəlb edilməsi də bu ölkənin yeni hərbi əməliyyatlara duruş gətirmək potensialının hansı səviyyədə olduğunu göstərir.

Nəhayət, Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın açıqlamaları növbəti savaşın nəticələrini əvvəlcədən təxmin etmək imkanları verir: “Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 günlük müharibədə 11 min nəfər fərrarimiz vardı. Mən bir qadın olaraq, özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstələr yaradıb, öz vəzifələrini yerinə yetirməyə gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı".

Ermənistan cəmiyyəti erməni baş nazirin həyat yoldaşının dediklərinə diqqətlə yanaşmalıdır. Çünki bu, Azərbaycanın siyasi dairələrindən verilən açıqlama deyil. Ermənistanda ən məlumatlı siyasi persona hesab edilən baş nazir Nikol Paşinyanın xanımıdır. Yəqin ki, o, bu məlumatı öz ərindən eşidib və Ermənistan Anna Akopyanın dediklərinə tamamilə etibar edə bilərlər. Halbuki, bu məlumatlar rəsmi Bakının iddialarını eynilə təsdiq edir.

Ona görə də, rəsmi İrəvanın hazırda hərbi-siyasi təxribatlar törətməsi, regionda dünya nəhənglərinin maraqları arasında geopolitik alətə çevrilməsi əslində, Ermənistana qarşı real təhlükədir. Çünki Ermənistan ordusu ölkəni qorumaq qabiliyyətindən çox-çox uzaqdır. Xarici himayədarlar Ermənistan ordusunun əvəzindən savaşmaq niyyətində deyil. Və belə vəziyyətdə yeni savaşa səbəb vermək Ermənistanın mövcudluğunu riskə atmaq deməkdir.



Bu reallığı Ermənistanda anlayanlar isə az da olsa, mövcuddur. Erməni politoloq Alen Qevondyan hesab edir ki, Ermənistan ərazisi qonşu ölkələr arasında bölüşdürülə bilər. Onun fikrincə, rəsmi İrəvan Ermənistanı region dövlətlərinə qarşı alətə çevirib. Belə vəziyyət isə Ermənistanın gələcək perspektivləri yalnız ən təhlükəli proqnozlara əsas verir. Və belə davam edərsə, Ermənistanın mövcudluğu yaxın gələcəkdə ciddi suallar doğuracaq.

Erməni politoloq hesab edir ki, məhz rəsmi İrəvanın davranışları regiondakı ölkələri Ermənistanın real düşməninə çevirir: "İndi regionda ciddi problemlər yaradan Ermənistanın mövcudluğu qonşu ölkələrin milli təhlükəsizlik maraqlarına ziddir. Ona görə də, böyük ehtimalla Ermənistan siyasi anlamda, hətta ərazi baxımından belə, qonşu ölkələr arasında bölüşdürülə bilər. Qərb və Rusiya isə Ermənistana yardım etməyəcək, vəziyyəti gərginləşdirib, kənara çəkiləcək".

Erməni politoloq Alen Qevondyan rəsmi İrəvan reallıqdan uzaq maksimalizmdən əl çəkməsə, bütün bunlar qaçılmaz olacaq: "Ehtimal edirəm ki, Ermənistanın bəzi bölgələri region dövlətlərinin ortaq idarəçiliyi altına düşəcək. Ermənistan adlı dövlətdən demək olar ki, heç nə qalmayacaq. Bütün bunlar rəsmi İrəvanın yürütdüyü təhlükəli daxili və xarici siyasətin doğurduğu nəticələrdir".

Göründüyü kimi, rəsmi İrəvanın hərbi-siyasi təxribatlarının mümkün nəticələri Ermənistan cəmiyyətində müəyyən təxminlərə yol açmağa başlayıb. Baş verənlərə siyasi məntiq üzərindən yanaşanlar Ermənistanın əsas düşməninin kənarda olmadığını tədricən anlayırlar. Və belə vəziyyətdə Ermənistan cəmiyyətində reallığa yaxınlaşma prosesi gecikərsə, erməni politoloqun proqnozu doğrula bilər.

Musavat.com

Tarix: 3-04-2023, 10:28 Oxunub: 45


Bölməyə aid digər xəbərlər