Trampa atılan güllələrdən biri Ermənistana “dəyib” - İrəvanda təlaş



ABŞ-ın sabiq prezidenti Donald Trampın Pensilvaniyada seçki mitinqi zamanı sui-qəsd cəhdinə məruz qalması ilə reytinqinin artması erməni ictimai fikrində narahatlıq yaradıb. “Sputnik Ermənistan” Trampı aşağılamaqla yanaşı, “güllələnmiş qulağın yeni ABŞ-ın simvolu” olacağı haqda “həyəcanlı” məqalə yayıb (Axar.az).

Bildirilir ki, son sorğuya görə Trampın reytinqi 66%, Baydenin 15%, Kamala Harrisin isə 10%-dir. Bu isə Trampın ölkə prezidenti olmaq ehtimalını çox yüksəldir. Co Baydeni yalnız “fors-major” xilas edə bilər. Məqalədə vurğulanıb ki, Tramp prezident olacağı halda Ermənistan üçün yaxşı heç nə gözlənilmir. Çünki Tramp hər şeydən öncə “Amerika amerikalılar üçündür” ideyasının təbliğinə diqqət yetirir ki, bu da respublikaçıların səylərini daha çox daxili problemlər üzərində cəmləşdirmək siyasətində əksini tapıb. Trampın qlobal neft-qaz sektoruna ciddi önəm verəcəyi və buna görə də Cənubi Qafqazda Azərbaycanı xüsusi dəstəkləyəcəyi ehtimalını irəli sürən müəllifin fikrincə, ABŞ-ın yeni administrasiyası azərbaycanmeyilli olacaq, Türkiyə və Azərbaycanla işləyəcək. Trampın bunun üçün başqa səbəbi də var - İrana sərt münasibəti, israilyönlü olması...

İsrail isə Azərbaycanın strateji tərəfdaşıdır. Məqalədə habelə iddia edilib ki, Tramp “Ermənistanın düşmənlərinin tərəfində olacaq”. Erməni siyasi kəsimində narahatlığın daha bir səbəbi isə odur ki, Tramp “tarazlaşmaya” meylli siyasətçi deyil, ABŞ maraqlarından çıxış edir və birbaşa sözünü deyir. Ona görə də o, Azərbaycanla birgə addım atacaq və qətiyyən “balans” saxlamayacaq.

Belədirmi? Həqiqətənmi Tramp Bakı ilə işləyəcək, “erməni məsələsi”nə arxa çevirəcək? Onu ABŞ-dakı erməni seçicilərin səsi maraqlandırmırmı?

Deputat Azər Badamov Trampa Ermənistan kimi ölkələrin lazım olmadığını qeyd etdi: “Pensilvaniyada Trampa atılan güllə onun fiziki olaraq aradan götürülməsinə hesablanmışdısa, bu güllə əksinə, onun qələbəsinin daha da inamlı olmasına yol açdı. Trampa atılan güllə dünya nizamında yeni bir dönüş yaradacağına olan ümidləri artırdı. Çünki Bayden hakimiyyəti dünyada müharibələrin qızışması və ədalətsizliyin dəstəklənməsi ilə yadda qalır. Bayden amerkanların maraqlarını ayaq altına atdı və bu gün ABŞ heç vaxt olmadığı qədər siyasi-iqtisadi böhranla üz-üzədir. Tramp isə biznesmendir. O, hər şeyə mənfəət gözü ilə baxır.

Əslində Trampın hakimiyyətə gəlməsində varlanmaq məqsədi yoxdur. Hətta o, keçən prezidentlik dövründə özünə simvolik olaraq 1 dollar əmək haqqı təyin etmişdi. Onu maraqlandıran ABŞ-ın nüfuzu və amerkanların milli maraqlarıdır. Bu baxımdan Trampın hakimiyyətə gəlişi ABŞ-ın bu gün iştirak etdiyi və qlobal iqtisadiyyatda fəsadlar yaratdığı siyasətini dəyişəcəyini hesab edirəm. Məsələn, Tramp indidən Rusiya-Ukrayna müharibəsini prezidentlik səlahiyyətlərini alana qədər bitirəcəyinə söz verir. O cümlədən Tramp üçün Ermənistan kimi başqalarının hesabına yaşayan ölkələr lazım deyil. Çünki biznesmen hər şeyə mənfəət gözü ilə baxır.

Ermənistan ABŞ-a nə verə bilər? Təbii ki, heç nə. Əksinə, Ermənistan erməni lobbisinin dəstəyi ilə ABŞ-dan özləri üçün nə isə bir şey qopartmağa çalışır. Trampın erməni lobbisinin dəstəyinə ehtiyac yoxdur. Ona görə ki, bu gün reytinqi o qədər yüksəkdir ki, onun seçkidə qalib gəlməsinin qarşısını ancaq sui-qəsd ala bilər. Erməni lobbisi Tramp üçün o qədər maraqlı kütlə deyil. Tramp Cənubi Qafqazla bağlı siyasətini müəyyənləşdirəndə iqtisadi imkanları güclü ölkəni seçəcək. Çünki iş adamı iqtisadi imkanların güclü olmasının siyasi kursunun uğurlu olmasına dəstək verəcəyini yaxşı başa düşür. Ona görə də onun hakimiyyətinə gəlməsindən ermənilər qorxuya düşüblər və ABŞ-ın Ermənistana olan baxışlarının dəyişəcəyinin fərqindədirlər.

Tramp İsrailin dostudur. Tramp ABŞ-Türkiyə münasibətlərinə dəyər verir. O, Rusiya ilə əməkdaşlığının yenidən qurulmasına baxacaq. Çünki dünya təbii resurslarının 40%-dən çoxu Rusiyanın ərazisindədir. Bu gün Rusiyasız dünya iqtisadiyyatının yaşaması mümkün deyil. Ona görə ki, dünya əhalisi artdıqca təbii resurslara tələbat artır. Tramp Rusiyaya tətbiq olunmuş sanksiyaların ləğv olunmasına çalışacaq. Beləliklə, onun hakimiyyətə qayıdışı dünyada baş verən ədalətsizlikləri sonlandıracaq və yenidən qarşılıqlı anlaşma əsasında əməkdaşlıq mühitinin qurulacağını hesab edirəm. O cümlədən o, ABŞ-ın zəli kimi qanını soran düşmənlərimizin əleyhinə işləyəcək. Tramp Cənubi Qafqaz regionuna sülhün gəlişini sürətləndirəcək".

Siyasi şərhçi Rusif Məmmədsoy Trampın Azərbaycana xarici siyasətində üstünlük verməsini təsadüfi saymır: “Donald Trampın Azərbaycana münasibəti demokratlardan fərqli olaraq daha müsbətdir. Təsadüfi deyil ki, məhz onun hakimiyyəti illərində Azərbaycan Vətən müharibəsinə başlayaraq tarixi zəfərə imza atdı. Ondan sonra hakimiyyətə gələn Co Bayden administrasiyası ilə problemlər yaşadığımız da göz önündədir. Bütün bunların fonunda əslində Trampın hakimiyyətə gəlməsi bizim də maraqlarımıza xidmət edir. Onun Ermənistana münasibətinə gəlincə, sabiq prezident biznesmen olduğu üçün onun əsasən iqtisadi maraqlar diqqətini cəlb edir. Ermənistan dalanda olan, dənizə çıxışı olmayan, heç bir iqtisadi perspektiv vəd etməyən bir ölkədir. Azərbaycan isə Cənubi Qafqazın lider dövləti, Avropa ilə çox ciddi ticarət dövriyyəsi olan, İpək yolunun ən vacib hissəsində yerləşən, həm Qərblə, həm də Şərqlə normal münasibətlər saxlayan və Rusiyanın da hesablaşdığı bir dövlətdir. Belə olduğu təqdirdə, Trampın Azərbaycana üstünlük verməsi təsadüfi deyil.

Məsələnin digər tərəfi isə daxildəki erməni lobbisidir. Erməni lobbisinin əsasən demokratlarla işlədiyini bilirik, Tramp isə xüsusilə yəhudi lobbisinə müraciət edir. Təsadüfi deyil ki, onun seçki kampaniyasının ana xəttini həm də İsraili müdafiə məsələləri təşkil edir. Təbii ki, hər şey bununla yekunlaşmır. Nəzərə almaq lazımdır ki, məhz Trampın hakimiyyəti illərində ABŞ-la Türkiyə arasında ciddi çatlar yaranmışdı. Azərbaycan və Türkiyənin xarici siyasət kursu demək olar ki, bir hədəfə kökləndiyi üçün Trampın Türkiyə ilə münasibətləri də Azərbaycan-ABŞ münasibətlərinin gələcək taleyində kilid rolunu oynaya bilər. Əgər proseslərə qlobal miqyasda baxası olsaq, Trampın İrana münasibəti hər birimizə bəllidir. Türkiyənin Yaxın Şərqdə qarşısında duran qüvvələrdən biri məhz İrandır. İran və ona bağlı olan proksi qüvvələr Trampın Yaxın Şərq siyasətində Türkiyə ilə yaxınlaşmaya gətirə bilər.

Lakin bütün bunlar o demək deyil ki, hazırda Türkiyə ilə ABŞ düşməndir. Hər iki ölkə eyni hərbi alyansda təmsil olunur və ilk ikiliyi bölüşür. Donald Tramp bir çox məsələlərə biznesmen kimi yanaşdığı üçün NATO-nun hərbi xərclərini azaltmaq sevdasına da düşə bilər. O zaman Avropa ölkələri ciddi təhdid qarşısında qala bilər ki, bu zaman da ortaya Türkiyə amili çıxır. Türkiyə NATO ölkəsi olaraq əslində hazırda Şərqdən gələ biləcək təhdidləri önləyən ən vacib ölkədir. Bu nöqteyi-nəzərdən Trampın bu dəfə hakimiyyətə gələcəyini ehtimal etsək, Türkiyənin rolu daha da arta bilər".

Politoloq Turan Rzayev də Trampın Baydenlə müqayisədə Azərbaycana münasibətinin daha loyal olduğunu söylədi: “Trampın yenidən prezident seçilməsini istəyən ölkələr var. Misal üçün, Türkiyə, Rusiya buna misal ola bilər. Onun seçilməsini istəyən qüvvələr daha çox milli dövlət və çoxqütblü dünya siyasi sistemini dəstəkləyənlərdir. Tramp özü də prezidentlik dönəmində bu istiqamətdə siyasət aparmış, ölkə xaricindəki ABŞ qüvvələrini geri çağırmışdı. Bundan başqa, o, ABŞ-ın dünya ağalığını mənasız hesab etmişdi. Tramp həmçinin Azərbaycan üçün müsbət sima idi. Xüsusilə onun dövründə ABŞ Cənubi Qafqaza daha az diqqət yetirdi və beləliklə, rəsmi Bakı istəklərinə nail ola bildi. Ümumi mənada isə Trampın Azərbaycana baxış bucağı Baydenlə müqayisədə daha loyaldır. Misal üçün, bu gün ABŞ Ermənistan-Azərbaycan danışıqları prosesinə diqqət edir, vasitəçi kimi sülhə nail olmağa çalışır. Amma Vaşinqton bunu sülhdə pay sahibi olmaq naminə edir. Yəni Bayden administrasiyasının rəsmi Bakıya baxışı elə də səmimi deyil. Tramp isə ənənəvi ABŞ prezidentlərindən fərqlidir. O, Bakı ilə işləyəcək demək tam doğru olmaz. Düşünürəm ki, o, Cənubi Qafqazla o qədər də maraqlanmır. Onu düşündürən ABŞ-ın xarici borcu və miqrant məsələləridir. Lakin xarici siyasətdə münaqişələrin bitməsinə çalışa bilər. O ki qaldı ermənilərin səsinə, Trampı başda Texas olmaqla əksər cənub ştatları dəstəkləyir. Yəni onlarla müqayisədə ermənilərin səsi elə də həlledici deyil”.

“Yeni Müsavat”

Tarix: 19-07-2024, 15:30 Oxunub: 35


Bölməyə aid digər xəbərlər