Ukrayna savaşı Cənubi Qafqaza keçirilir: "İkinci cəbhə" açılır

Ukrayna savaşı Cənubi Qafqaza keçirilir: "İkinci cəbhə" açılır


ABŞ və Qərbin Ermənistanda yarımhərbi mexanizmlər yaratması Paşinyan hakimiyyətinin Rusiyaya qarşı açıq cəbhə aldığını təsdiqləyir... İndi Kremlin Cənubi Qafqaz cəbhəsində ABŞ və Qərbə qarşı hansı alternativ hərbi-siyasi taktikadan istifadə etməsi Ermənistanın gələcək taleyini müəyyən edə bilər...

Cənubi Qafqaz uğrunda savaş artıq təhlükəli istiqamətlər almağa başlayıb. Düzdür, hələlik bu savaş yalnız siyasi-diplomatik məkanda kəskin qarşıdurma ilə müşayiət olunur. Ancaq yaxın gələcəkdə bu qarşıdurmanın silahlı toqquşmalara qədər inkişaf etmə perspektivləri də olmamış deyil.

Məsələ ondadır ki, Kreml Rusiyanın Cənubi Qafqazdakı mövqelərini belə asanlıqla ABŞ və Qərbə təhvil vermək niyyətində olmadığını qətiyyən gizlətmir. Hələlik siyasi-diplomatik resursları üzərindən beynəlxalq rəqiblərinə müqavimət göstərməyə çalışır. Və Kreml vaxtaşırı Rusiyanın rəqiblərini Ermənistana çağıraraq, Cənubi Qafqazı yenidən "barıt çəlləyi"nə çevirməyə çalışan rəsmi İrəvana xəbərdarlıq mesajları göndərir.

Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın növbəti açıqlamalarında da belə xəbərdarlıq mesajlarını ayırd etmək çətin deyil. Rus diplomatiyasının təmsilçisi bildirib ki, Rusiya üçün prioritet hədəflərin sırasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması da yer alır: "Bu prosesin təməlində isə üçtərəfli anlaşmalar dayanır. Prosesin uğur qazanması həmin üçtərəfli anlaşmalara dəqiq riayət olunmasından asılıdır".

Təbii ki, bu, Rusiyanın Avropa Birliyi mülki missiyasının Ermənistana göndərilməsinə növbəti reaksiyadır. Kreml bununla sülh prosesində əsas beynəlxalq orbitr rolunun Avropa Birliyinə deyil, məhz Rusiyaya məxsus olduğunu xatırladır. Üstəlik, Paşinyan hakimiyyətinə üçtərəfli anlaşmaların yerinə yetirilməsinin vacibliyi barədə mesaj verilir. Yəni, rəsmi İrəvana anlatmağa çalışırlar ki, Avropa Birliyinin mülki missiyası Ermənistanı üçtərəfli anlaşmalar ilə öz üzərinə götürdüyü öhdəliklərdən yayınmaq hüququ vermir.

Ermənistanın üçtərəfli anlaşmalar ilə üzərinə götürdüyü, ancaq yerinə yetirmədiyi öhdəliklərin sırası isə kifayət qədər genişdir. Elə yalnız Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan Ermənistan ordusunun tör-töküntülərinin hələ də oradan çıxarılmaması üçtərəfli anlaşmaların kobud şəkildə pozulması anlamına gəlir. Rəsmi İrəvan bunu israrla inkar etsə də, Kremlin "təxribat emissarı" Ruben Vardanyan artıq Ermənistan ordusunun Xankəndi və ətraf bölgədə qaldığını təsdiqləyib. O, bildirib ki, Xankəndi və Şuşa arasında Ermənistan ordusunun hərbi postları var. Həmin postla Azərbaycanın hərbi mövqeləri arasında isə rus sülhməramlıları növbə çəkirlər. Və böyük ehtimalla erməni fırıldaqçının bu etirafının arxasında məhz Kremldən gələn təlimatlar dayanır.

Digər tərəfdən, Kreml Rusiyanın "3+3" formatı üzərində xüsusi işləməyi vacib hesab etdiyini də qabardır. Rusiya vurğulayır ki, məhz bu format Cənubi Qafqaz regionunda mövcud problemlərin həllinə daha effektiv təsir göstərə bilər. Yəni, Kreml növbəti dəfə rəsmi İrəvana xəbərdarlıq edir ki, Cənubi Qafqaza kənar güclərin, o cümlədən, ABŞ və Avropa Birliyinin müdaxilə etməsinə imkanların yaradılması yolverilməzdir.

Təbii ki, bundan sonra rəsmi İrəvanın davranışları Rusiyanın atacağı növbəti addımların keyfiyyətini müəyyən edə bilər. Hər halda, hazırda Ermənistanda ardıcıl davam edən Rusiya əleyhinə propoqanda Kremli ciddi şəkildə narahat edir. Üstəlik, Ermənistandakı Rusiya hərbi bazası qarşısında erməni radikalların təhqiramiz şüarlarla aksiyalar keçirtməsi Kremli qıcıqlandırır. Çünki, bu aksiyaların Paşinyan hakimiyyətinin səhnəarxası təlimatları və sifarişləri ilə keçirildiyini Kremldə anlamamış deyillər. Və bu, onu göstərir ki, Paşinyan hakimiyyəti Kremlin xəbərdarlıq mesajlarına hələlik o qədər də ciddi əhəmiyyət vermir.

Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın hərbi müttəfiqi Rusiyaya qarşı sayğısız davranarkən, ABŞ və Qərbin verdiyi vədlərə güvənir. Hər halda, Paşinyan hakimiyyəti konkret seçim etmiş kimi görünür. Həm də Rusiyanın xeyrinə olmayan bu seçimdə israrlı davranmağa çalışır. Və bu, həm Ermənistan, həm də ümumiyyətlə, Cənubi Qafqaz üçün daha kataklizmli proseslər vəd edir.

Maraqlıdır ki, artıq Ermənistanın siyasi dairələrində də Paşinyan hakimiyyətinin məhz Rusiyanın deyil, ABŞ və Qərbin xeyrinə seçim etdiyini etiraf etməyə başlayıblar. Erməni politoloq Ervand Bozoyan vurğulayıb ki, bir müddət öncə Paşinyan hakimiyyətindən belə bir seçimin edilməsi tələb olunub. Və Ermənistan baş naziri Nikol Paşinyan ABŞ və Qərbin yanında yer almağa üstünlük verib.

Ermənistanın təhlükəsizlik maraqlarının böyük risk qarşısında olduğunu vurğulayan erməni politoloq hesab edir ki, indi rəsmi İrəvan Rusiyanın təsir mexanizmlərini zərərsizləşdirməyə çalışmaq məcburiyyətində qalıb. Bu baxımdan, rəsmi İrəvanın təxminən Saakaşvili dövründə Gürcüstanın getdiyi yoldan keçməyə cəhd göstərdiyi müşahidə olunur. Və bu, Ermənistana həmin dövrdə Gürcüstanın üzləşdiyindən daha təhlükəli risklər, kataklizmlər vəd edir.

Təbii ki, Ermənistan həqiqətən ciddi hərbi-siyasi risklərlə üz-üzə qalıb. Hər halda, Kremlin Paşinyan hakimiyyətinin ABŞ və Qərbin xeyrinə seçimi ilə barışacağı qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla Rusiyanın yaxın vaxtlarda Ermənistana təzyiq prosesi intensiv xarakter almağa başlaya bilər. Çünki ABŞ və Qərbin, xüsusilə də, Avropa Birliyinin mülki missiyasının Ermənistanda peyda olması Rusiyanın geopolitik maraqları ilə yanaşı, hərbi mənafelərinə sarsıdıcı zərbə vəd edir.

Məsələ ondadır ki, Avropa Birliyinin mülki missiyasının Rusiyaya qarşı hərbi və iqtisadi kəşfiyyat hədəfləri ilə yüklənə biləcəyi qətiyyən istisna edilmir. Erməni politoloq Stepan Danielyan da əmindir ki, bu missiya əslində, yarımhərbi struktur kimi fəaliyyət göstərəcək. Onun fikrincə, missiyaya rəhbər təyin olunmuş şəxsin uzun illər İraqda analoji fəaliyyətlə məşğul olması bəzi qaranlıq məqamları ortaya çıxarır.

Erməni politoloq hesab edir ki, Ermənistana göndəriləcək digər 100 nəfər missiya üzvü də hərbçi və xüsusi xidmət servislərinin əməkdaşları olacaqlar. Üstünlük bütün bunların məhz Rusiyanın Qərblə amansız savaş apardığı bir mərhələdə baş verməsi ciddi narahatlıq yaradır: "Rusiya Avropa Birliyi missiyasının qəbuledilməz və sülh prosesi üçün ziyanlı olduğunu artıq bəyan edib. İndi ABŞ və Avropa Birliyi Ermənistana yarımhərbi missiya ilə yerləşməkdə davam edərsə, bu, Rusiyanın təhlükəli adekvat reaksiyasına səbəb ola bilər".

Göründüyü kimi, erməni analitiklər də Paşinyan hakimiyyətinin Rusiyaya qarşı cəbhə aldığını açıq şəkildə vurğulayırlar. Belə anlaşılır ki, rəsmi İrəvan ABŞ və Qərbin təlimatları ilə Ukrayna savaşına paralel olaraq, Cənubi Qafqazda Rusiyaya qarşı "ikinci cəbhə"ni artıq açıb. İndi Kremlin Cənubi Qafqaz cəbhəsində ABŞ və Qərbə qarşı Ermənistan poliqonunda hansı hərbi-siyasi taktikadan istifadə edəcəyi böyük maraq doğurur. Və Ermənistanın gələcək taleyi məhz bu yeni savaşın nəticədən asılı olacaq.(musavat.com)

Tarix: 31-01-2023, 09:00 Oxunub: 114


Bölməyə aid digər xəbərlər