Həlledici zərbəyə hazırlıq gedir: Hədəf Ağdərənin mərkəzindəki... - GƏLİŞMƏ



Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qarabağ ermənilərinin Laçın yolunda yoxlanılaraq ərazimizə buraxılacağı deyilir. Üstəgəl, separatçıların iddiasına görə, qarabağlı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməsələr, buraxılmayacaqlar. Sizcə, bu baş versə, ardınca hansı gəlişmənin şahidi ola bilərik?

- Azərbaycan ordusu Qarabağın ermənilər yaşayan hissəsində suverenliyimizi bərpa etmək üçün kifayət qədər həll edici addımlar atıb və atır. Şuşanın şimalında separatçıların hərbi məqsədlər üçün istifadə etdikləri yollara nəzarət tam təmin olunub. Beləliklə, digər ərazilərimizə də nəzarətimizi bərpa etmək üçün ciddi addımlar atmağa hazırlaşırıq. Bu addımlardan növbətisi Laçın yolunda nəzarət-buraxılış və gömrük məntəqəsinin quraşdırılması olacaq. Bu məsələ ilə bağlı Rusiya sülhməramlılarının rəhbərliyi və siyasi dairələri ilə ciddi danışıqlar aparılır. Rusiya çalışır ki, nəzarət-buraxılış məntəqəsi qoyulacaqsa, orada Azərbaycanla yanaşı, rus sülhməramlılarının da nümayəndəsi olsun. Hələlik bu məsələ ətrafında razılaşma əldə edilməyib. Amma zənnimcə, kompromisə gəlmək mümkün olacaq.

Artıq Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə Azərbaycanın sərhəd və gömrük xidmətlərinin əməkdaşlarının yerləşdirilməsi kifayət qədər real görünür. Azərbaycan bu əsas üzərində öz suverenliyini tam bərpa etmək üçün möhkəm bir bünövrəni qoyur. Bu çərçivədə Qarabağın ermənilər yaşayan hissəsində də, suverenliyimizin bərpası prosesi davam etdiriləcək.

Laçın yolu məsələsinin həllindən sonra, çox güman ki, növbəti addım Ağdərə-Kəlbəcər yoluna nəzarətin bərpa edilməsi olacaq. Bundan sonra Ağdərənin mərkəzində yerləşmiş 2-3 minlik erməni silahlı qüvvələrinin tör-töküntülərini oradan çıxarmaq və ya zərərsizləşdirmək mümkün olacaq. Hesab edirəm ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması ilə yanaşı, Kəlbəcərə ən qısa yol olan Ağdərə-Kəlbəcər yoluna nəzarətin bərpa edilməsi üzərində də ciddi iş gedir. Qənaətimə görə, növbəti əməliyyatlarda hədəf Sərsəng su anbarı və Kəlbəcərə gedən yolun nəzarətə götürülməsi olacaq.

- Ermənistan Baş naziri Nikol Paşinyan iddia edir ki, Laçın istiqamətində sərhədin bir hissəsi Azərbaycanla anlaşma nəticəsində müəyyənləşib, digər istiqamətdə iş aparılır. Hesab etmək olarmı ki, artıq Rusiya və digər vasitəçilərin müdaxilə cəhdləri neytrallaşdırılır və Bakıyla İrəvan ikilikdə hərəkət etmək qərarına gəlib?

- Zənnimcə, bu proses gedir. Həqiqətən də Laçın rayonunun Ermənistanla sərhəd hissəsində delimitasiya işləri aparılıb, kompromis əldə edilib. Ermənilər əvvəllər yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürsələr də, sonda Azərbaycanın şərtləri ilə razılaşmaq və yerinə yetirmək məcburiyyətində qalıblar. Sərhədin az olmayan hissəsində xətlərin müəyyən edilməsində ermənilərlə razılıq əldə edilib. İş gedir. Hələlik Ermənistanın hakimiyyət orqanları bu məsələlərdə anlayış nümayiş etdirir. Hələ ki, Keçmiş SSRİ xəritələrindəki inzibati sərhədlər əsas götürülməklə dövlətlərarası sərhədin müəyyən edilməsi prosesinə anlaşıqlı yanaşırlar.

Bəlkə də Rusiya kənardan baş verənləri seyir etdikcə, qəlbindən qara fikirlər keçir, amma hər halda Ermənistan da anlamağa başlayıb ki, Azərbaycanla anlaşmağa məcburdur və azərbaycanlıların onlara qarşı hər hansı ərazi iddiası yoxdur. Azərbaycanın yeganə məqsədi dünyanın tanıdığı ərazi bütövlüyü və sərhədlərin bərpası və qalan ərazilərində suverenliyinin təmin olunmasıdır. Bu da sülhyaratma üçün çıxış nöqtəsidir. Bunun üzərində həm sərhədləri müəyyənləşdirmək, həm də sülh müqaviləsinin prinsipial müddəalarını razılaşdırmaq olar. Bundan sonra bölgədə qalıcı sülh üçün konkret addımlar atmaq mümkündür.

- Paşinyan sülh müqaviləsi üzrə intensiv işin aparıldığını da bildirib. Bəs bu proses nə qədər vaxt ala bilər?

- Bəli, sülh müqaviləsi üzrə intensiv iş gedir. Proses iki tərəf arasında onlayn formatda aparılır. Müqavilə maddə-maddə hər xırda detalına qədər razılaşdırılır. Yavaş da olsa, kompromis əldə edilən məsələlərin sayı çoxalır. Azərbaycan prezidenti bu il üçün sülh müqaviləsi ilə bağlı ermənilərə altı ay vaxt vermişdi. Zənnimcə, Nikol Paşinyan da bunda maraqlıdır. Hesab edirəm ki, tam olmasa da, tərəflər arasında müəyyən anlaşma nöqtlələri mövcuddur.

Artıq iki ölkə öz arasında anlaşa bilir. Bu səbəbdən də yaxın bir neçə ay ərzində hər iki tərəfin razı olduğu sülh müqaviləsinin paraflana biləcəyinə, yaxud imzalanmağa hazır olacağına inanıram.

- Avropa Birliyi müşahidəçilərinin Ermənistanın Azərbaycanla sərhədində möhkəmlənməsi Rusiyanı qəzəbləndirib. Rusiya rəsmisi Mariya Zaxarova bu istiqamətdə KTMT missiyasının da yerləşdirilə biləcəyini açıqlayıb. Sizcə, belə bir addım, bir-birinə zidd iki tərəfin eyni məkanda yerləşməsi hansı gəlişməyə yol aça bilər?

- Rusiya Avropa Birliyinin prosesdəki rolunu qısqanclıqla qarşılayır. Artıq Ermənistanın istəyi ilə Avropa Birliyinin mülki missiyası bu ölkənin ərazisində yerləşib. İndi Moskva İrəvana təzyiq göstərir ki, rus qüvvələri KTMT missiyası adı altında Ermənistana gətirilsin. Zənnimcə, bu baş tutmayacaq.

Zaxarova topun Ermənistan tərəfində olduğu barədə fikir söyləyir, amma Ermənistan başqa cür düşünür. Hamının fikri budur ki, artıq sülhyaratma prosesində irəliləyiş var. Rusiyanın bu prosesə qoşulması isə bunun üstündən xətt çəkə, bölgədə yeni qarşıdurmaya zəmin yarada bilər. Ona görə də həm Azərbaycan, həm də Ermənistan Rusiyanın səylərini qəbul etmir. Bunu açıq bildirməsələr də, bəzi hallarda Rusiyanın təklif və çağırışlarının qulaq ardına vurulması nəzərdən qaçmır. Bu da onu göstərir ki, Avropa Birliyinin səyləri üstünlük qazanır.

Tarix: 7-04-2023, 15:30 Oxunub: 39


Bölməyə aid digər xəbərlər