Putin Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək - FAKT BUDUR!



Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün mətbuata açıq hissəsində iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin artan səviyyəsindən məmnun qaldığını söylədi. Prezidentlər iqtisadi əlaqələrin və ticarətin artımından da məmnun qaldıqlarını bildirdilər. Bunlar iki liderin son illər görüşlərdə səsləndirdikləri oxşar ifadələrdir.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Putinin Bakıda Ukrayna münaqişəsi və Cənubi Qafqaz barədə nə deyəcəyi maraqlı idi:

“Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə Ukrayna istiqamətində... Lakin Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir” deyən Putin bildirdi ki, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq: “Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”, - Rusiya lideri vurğulayıb.

Bu açıqlamadan hansı nəticə çıxır? Birincisi, Putin demək istədi ki, Rusiyanın əsas diqqəti və potensialı Ukrayna müharibəsinə yönəlsə də, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək. Onun Rusiya üçün indiki ağır vəziyyətdə Azərbaycana səfəri də bunu sübut edir. Vladimir Putin İlham Əliyevə onu da xatırlatdı ki, o Moskvaya qayıtdıqdan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışacaq və Bakı görüşünün təfərrüatını onun diqqətinə çatdıracaq. Aydındır ki, bunu diplomatik etiket tələb edir. Ancaq Putin bu cümləsiylə həm də onu deməyə çalışdı ki, Paşinyandan xoşu gəlməsə də, Azərbaycanla Ermənistan arasında balansı saxlayacaq. Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəaliyyət göstərəcəyini desə də, buna Bakının və İrəvanın ehtiyacı yoxdur. Ümumiyyətlə Bakı ilə İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, Bakı ilə İrəvan arasında danışıqlar vasitəçi olmadan davam edir, hökumətlərarası komissiya sərhəddə görüşür, xarici işlər nazirləri e-mail vasitəsilə sülh sazişinin mətnini müzakirə edirlər. Moskva Vaşinqton və Berlin kimi Azərbaycan və Ermənistan rəsmilərinin görüş yeri kimi seçilə bilər, ancaq İrəvan Rusiyanın vasitəçiliyinə müsbət yanaşmır. Rusiyanın Qarabağda konsulluq açmaq istəyi də reallıqla uzlaşmır”.


Tarix: 20-08-2024, 09:00 Oxunub: 16


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı