Biz müharibə istəmirik

Biz müharibə istəmirik


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb.Bu müsahibədə ölkəmizin başçısı bir daha Azərbaycanın sülhə can atdığını, Avropaya və inkişaf etmiş dünyayainteqrasiyanın davam etdiyini, Avropanın enerji təchizatı üçün mübarizə apardığını bir daha bəyan etmiş oldu.
Ölkəmizin başçısı ona verilən sualları cavablandırarkən bir məqama diqqəti yönəldib ki, Azərbaycan xalqı və dövləti beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, cəmiyyətdə bərabər imkanların və hüquqların qorunmasına öz töhfəsini verir. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü, suveren hüquqlarımızın qorunması isə bizim qırmızı cizgimizdir. Bu cizgini kiminsə keçməsinə imkan verilməyəcəkdir. Ölkə başçısı ikinci Qarabağ mühar ibəsindən sonra baş verən proseslərə aydınlıq gətirərək qeyd edib ki, “Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq.”
Sərhədlərin müəyyən edilməsi, demarkasiya prosesinin bu qədər uzanmasının günahkarı kimdir? Əlbəttə ki, Ermənistan. Bəyanatda göstərilməsinə baxmayaraq Azərbaycanın hələ də Ermənistanda qalan anklavlarının qaytarılmaması, şərti sərhəddə törədilən təxribatlar bunun sübutudur.
Cənab Prezident sülh sazişinə vasitəçilik edən hər bir tərəfi təqdir etdiyini bildirmiş, bunun vasitəçilərin kimliyi ilə baş tutacağının o qədər də önəmli olmadığını qeyd etmişdir. Əsas odur ki ortada nəticə olsun. Təəssüf ki o nəticə hələ görünmür və Ermənistan davranışları ilə göstərir ki sülhə hazır deyil. Hələ də orada nə isə möcüzə baş verəcəyinə inanan revanşist qüvvələr at oynatmaqda davam edirlər.
Azərbaycan-Rusiya münasibətlərinə toxunan ölkə başçısı qeyd edib ki, bu münasibətlər tarazlaşdırılıb: “Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Bu, xüsusən də indiki dövrə aiddir. Layihələr enerjinin inkişafına aiddir. Əlbəttə ki, mədəniyyət sahəsi də çox vacibdir.”
Son dövrlərdə Laçın-Xankəndi yolu ətrafında ermənilərin spekulyasiyasına münasibət bildirən cənab Prezident bu işdə BQXK-nin də alət olmasını təəssüflə qeyd etmişdir: “Bəli, lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir.” BQXK-nin tələb elədiyi ədalət belədirsə, demək o, heç ədalət deyil. Azərbaycanın suvernenliynə qarşı çıxan hər bir təşkilatın fəaliyyəti birmənalı şəkildə qadağan edilməlidir. Nə ermənilər seçilmiş xalq deyil, nə də onların tələbi heç bir normaya sığmır. Bizim də haqlı sualımız var ki, bu terrorçu separatist tör-töküntülərə xüsusi məhəbbət haradan və nədən qaynaqlanır? 30 il ərzində Azərbaycan xalqına əzab verən ermənilərə niyə bu qədər sevgi bəslənilir?
Deməli, burada daha gizli məqamlar var və onun haradan qaynaqlandığı da məlumdur. Lakin erməni havadarları birdəfəlik bilməlidir ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil.
“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı”-deyən Müzəffər Ali Baş Komandan bildirib ki, “tuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acıya baxmayaraq, biz qisas almadıq. Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri bizə təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Bu, bizim onları buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur. İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual atlına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik.”
Kifayət qədər aydın və qətiyyətli mövqedir. Bizim separatizmə dözmək limitimiz bitib. Ermənilərin də əslində taqəti yoxdur. Lakin nə yazıq ki, onlar başqalarının əlində oyuncaqdır. Bu da həm erməni xalqına. həm də regionda sülhə ciddi təhlükədir.
“Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.”-deyə ciddi mesaj çatdıran ölkəmizin başçısı bir daha Azərbaycanın, onun qalib sərkərdəsinin sülhə can atdığını sərgiləmiş oldu.
Bu, hər halda bizim- xalqımızın və dövlətimizin mövqeyidir. Biz sülh istəyirik. Kimsə bunun əleyhindərisə buyursun. “Dəmir yumruq” da, erməniləri lərzəyə salan “Yaşma” da yerindədir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Tarix: 3-08-2023, 09:36 Oxunub: 21


Bölməyə aid digər xəbərlər