12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Eldar Quliyev: “Zəngin təbii ehtiyatları və əlverişli geostrateji mövqeyi ilə hər zaman Qərbin diqqətini cəlb edən Cənubi Qafqazda güclü və müstəqil Azərbaycanın mövcudluğu xarici qüvvələrin məkrli planlarını alt-üst edib”

Eldar Quliyev: “Zəngin təbii ehtiyatları və əlverişli geostrateji mövqeyi ilə hər zaman Qərbin diqqətini cəlb edən Cənubi Qafqazda güclü və müstəqil Azərbaycanın mövcudluğu xarici qüvvələrin məkrli planlarını alt-üst edib”


ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda son bir neçə ayda ölkəmizdə gedən proseslər, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran bir çox vacib məsələlər barədə AİA.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandıracaq (...müsahibənin davamı).

- Eldar müəllim, elə bilirəm, xarici ölkələrin Cənubi Qafqazda mövcudiyyətindən danışarkən Türkiyənin regionda gedən proseslərə təsir imkanlarının məxsusi olaraq Azərbaycanla dostluq münasibətləri əsasında getdikcə güclənməsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu baxımdan oxucularımızla hansı fikirlərinizi paylaşmaq istərdiniz?


- İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, beynəlxalq hüququn çalışmadığı müasir dünyada Türkiyə-Azərbaycan birliyinin önəmi getdikcə daha qabarıq formada özünü göstərir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu ilin iyun ayının 12-də etdiyi səfər ölkələrimiz arasında birliyin möhkəmliyini və gücünü bir daha nümayiş etdirdi. Xüsusi olaraq belə bir vacib məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” artıq öz adında iki qardaş ölkə arasındakı strateji əlaqələrin yeni mərhələyə yüksəldiyini əks etdirir. Ötən müddət ərzində sənədin icrası ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etmişdir. O cümlədən ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Əlbəttə ki, Türkiyə və Azərbaycanın xarici siyasət sahəsində vahid mövqedən çıxış etmələri həm ölkələrimizin maraqları, həm də Cənubi Qafqazda sülhün və sabitliyin qorunması baxımından son dərəcə önəmlidir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev bu gün regionun inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyini ən önəmli amillərdən biri kimi qiymətləndirir. Ölkələrimizin siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətləri həm Türkiyənin, həm də Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və təhlükəsizliyinə əlavə təminatdır.

- Əlbəttə, Türkiyə kimi bir müttəfiqin, dost ölkənin olması bir çox vacib məqamlarda Azərbaycana böyük üstünlük verir. Elə Vətən müharibəsinin gedişində də hərbi əməliyyatların ilk saatlarından məhz Türkiyə Prezidentinin “Biz Azərbaycanın yanındayıq” deməsi müəyyən xarici qüvvələri hərbi münaqişəyə müdaxilə etmək qərarından çəkindirdi. Bu baxımdan qardaş ölkənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək son dərəcə qiymətlidir. Amma bunu da etiraf etmək lazımdır ki, bütün həlledici məqamlarda Azərbaycan özü qərar qəbul etməli, mövcud problemlərin həlli istiqamətində özü qəti addımlar atmalıdır. Məhz elə bu məqamda, Eldar müəllim, düşünürəm ki, Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən bir qədər daha ətraflı danışmağın əsil zamanıdır. Beləliklə,sentyabrın 19-da biz nəyin şahidi olduq?

- 2020-ci il noyabr ayının 8-də Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, 44 günlük müharibə torpaqlarımızın uzun müddət davam edən işğalına son qoydu. Lakin Ermənistan hər zaman olduğu kimi, bu dəfə də əsil simasızlıq nümayiş etdirərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa başladı. Üç il ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələri ərazilərimizdən çıxarılmadı. Bu isə təkcə Azərbaycana deyil, ümumilikdə regional sülh və sabitliyə yaranan ciddi təhlükə mənbəyi kimi qiymətləndirilməlidir. Doğrudur, son vaxtlar Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması artıq reallaşmaqda olan bir hadisə kimi öz təzahürlərini bir neçə dəfə aşkar şəkildə büruzə verib. Amma bir tərəfdən bu ölkənin daxilində olan revanşist əhaval-ruhiyyəli qüvvələr, digər tərəfdən də anti-azərbaycan siyasəti ilə seçilən bəzi xarici ölkələrin təhriki rəsmi İrəvanı destruktiv addımlar atmağa sövq edirdi. Nəticə etibarı ilə son bir neçə ayda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki mövcud birləşmələri tərəfindən ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi və digər təxribat xarakterli hərəkətlər gərginliyin artmasına səbəb oldu. Sentyabrın 19-da erməni silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslərin həlak olması, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın həlak olması və yaralanması artıq Azərbaycanı qəti tədbirlər görməyə məcbur edən son hadisələr oldu. Bundan sonra ölkəmizə, eləcə də regional sülh və sabitliyə yaranan ciddi təhlükə mənbəyini birdəfəlik ləğv etmək üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən lokal xarakterli antiterror tədbirlərinə başladı.

- Yəni bu əməliyyatın keçirilməsi zəruri idi...

- Buna heç bir şübhə ola bilməz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 20-də xalqa etdiyi müraciətində ölkəmizin apardığı lokal antiterror tədbirlərinin səbəb və nəticələri, bu əməliyyatın Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin-amanlığın əldə olunması baxımından əhəmiyyəti ilə bağlı mühüm açıqlamalar təqdim etmişdir. Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanın uğurla həyata keçirdiyi antiterror tədbirləri zərurətdən doğan bir addım idi və istər Ermənistan, istərsə də onun təhrikçi havadarları rəsmi İrəvanın 10 noyabr bəyannaməsinin şərtlərindən irəli gələn öhdəliklərinə əməl etməyəcəyi və Azərbaycana qarşı terror siyasətindən əl çəkməyəcəyi təqdirdə belə bir sonluğun gec-tez qaçılmaz olacağı barədə dəfələrlə xəbərdarlıq almışdılar. Buna baxmayaraq, son üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qoyulurdu. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə, Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bu günə qədər Ermənistanın təxribatları nəticəsində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır. Bütün bunlara gec-tez son qoyulmalı idi. Azərbaycan 30 illik işğal dövründə olduğu kimi, bu son üç ildə də qan tökülməməsi üçün bütün imkanlardan istifadə etdi. Lakin dövlətimizin bütün səyləri nəticəsiz qaldı. Ermənistan və onun dəstəyi ilə Xankəndində yaradılmış qondarma separatçı rejim ölkəmizi son nəticədə növbəti dəfə öz gücünü göstərməyə məcbur etdilər.

- Yeri gəlmişkən, Eldar müəllim, Siz indicə Laçın sərhəd-buraxılış məntəqəsini xatırlatdınız. Necə düşünürsünüz, biz bu strateji postun yaradılmasını da Azərbaycanın mühüm siyasi qələbəsi kimi qiymətləndirə bilərikmi?

- İlk növbədə qeyd-şərtsiz etraf olunmalıdır ki, hər bir dövlətin suverenliyi və ərazi bütövlüyü ilk növbədə həmin dövlətin sərhədlərinin toxunulmazlığı ilə təmin edilir. O cümlədən öz sərhədlərinə tam nəzarəti həyata keçirmək Azərbaycanın da legitim hüququdur. Bununla belə, dövlətimiz Qarabağda yaşayan erməni əhalisinin Ermənistanla əlaqəsinin Laçın-Xənkdi yolu ilə fasiləsiz təmin olunmasına razılıq vermişdi. Lakin cənab Prezident İlham Əliyevin nümayiş etdirdiyi bu humanizmin müqabilində ermənilər hər zaman olduğu kimi, yenə də onlara verilən şansdan təxribatlar törətmək, vəziyyəti gərginləşdirmək və nə qədər absurd səslənsə belə, hansısa revanşist niyyətlərini həyata keçirmək məqsədilə platforma yaratmaq üçün yararlanmağa çalışdılar. Humanitar məqsədlərlə onlara təqdim olunmuş dəhlizdən Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, habelə silah, sursat, mina və xarici terrorçuların daşınması üçün istifadə olunurdu. Buna görə də Azərbaycan öz legitim hüququndan istifadə edərək 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə, Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurdu. Müqəddəs üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan öz sərhədlərinin bütövlüyünü təmin etdi. Hər zaman olduğu kimi, bir çox dünya gücləri ölkəmizi bu qərardan çəkindirməyə cəhd göstərdilər. Lakin Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti xarici təsirlərə məruz qalacaq durumda deyil. Möhtərəm dövlət başçımızın dediyi kimi, biz öz torpaqlarımızda istənilən addımı ata bilərik və heç kim bizə mane ola bilməz.

Təəssüflər olsun ki, qarşı tərəf dövlətimizin bu xəbərdarlığından da özü üçün lazım olan nəticələri çıxara bilmədi. Amma Azərbaycan yenə də humanizm prinsiplərindən geri çəkilmədi. Hətta antiterror tədbirlərinin gedişində də mülki əhalinin, xüsusən də erməni əsilli vətəndaşların ziyan çəkməməsi üçün ciddi tədbirlər görüldü. Bu barədə nə deyə bilərsiniz?
Azərbaycan bu hərbi əməliyyatların gedişində də özünün beynəlxalq hüquqa və humanizm prinsiplərinə daim sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Antiterror tədbirlərini səciyyələndirən ən mühüm məqamlardan biri də budur ki, əməliyyat başlamazdan əvvəl cənab Ali Baş Komandan İlham Əliyev bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq vermişdi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Ölkəmizin keçirdiyi antiterror tədbirlərinin əsas və yeganə məqsədi Qarabağ bölgəsində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, bölgədə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi idi. Bu məqsədlə Ermənistan silahlı qüvvələrinin qanunsuz bölmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. Ordumuz tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək, mülki əhali və infrastruktur obyektlərin hədəfə alınması halları istisna olundu. Eyni zamanda Azərbaycan tərəfindən keçirilən antiterror tədbirləri barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi əvvəlcədən məlumatlandırılmışdı.

- Bu gün Cənubi Qafqaz bütün bölgənin gələcəyini müəyyən edə biləcək yeniliklərin astanasında durub. Necə bilirsiniz, ermənilər onlara verilən tarixi şansı layiqincə dəyərləndirə biləcəklərmi?

- Azərbaycan bir daha sübut etdi ki, bütün vətəndaşlarının, o cümlədən Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsizliyinin yeganə qarantıdır. Artıq sentyabrın 20-də, səhər saatlarında beynəlxalq tərəfdaşlardan daxil olan məlumatlarda qanunsuz silahlı birləşmələrin Azərbaycanın şərtlərini qəbul etməyə hazır olduqları bildirildi. Bu şərtləri isə cənab Prezident İlham Əliyev əməliyyatlar başlanan gün Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə telefon danışığının gedişində çatdırmışdı. Ermənistan ordusunun Azərbaycan ərazisində qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Diqqətəlayiq haldır ki, son bir neçə ay ərzində Ölkə Prezidentinin nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri də antiterror əməliyyatları hələ dayandırılmamış artıq Yevlax şəhərində görüşməyə hazır olduqlarını da bəyan etdilər və bildiyiniz kimi, iki gün sonra, sentyabrın 21-də bu görüş baş tutdu. Mahiyyət etibarı ilə, 30 ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan və Qarabağda yaradılmış qanunsuz xunta rejimi eyni zamanda bu bölgənin erməni əhalisini də girovluqda saxlamışdı. Bu gün isə Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. Erməni əhalisi bu şansı əldən verməməli və dövlət başçımızın məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan təklifini mütləq qəbul etməlidirlər. Çünki onların gələcəyi birbaşa Azərbaycan cəmiyyətinə reinteqrasiyadan keçir.

- Bir qədər öncə biz bəzi Qərb dövlətlərinin, xüsusilə də Fransanın Cənubi Qafqazda vəziyyətin sabitləşməsində maraqlı olmadıqları barədə artıq fikir mübadiləsi apardıq. Bununla belə, Sizin Qarabağın erməni icmasının nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda keçirilmiş görüşü xatırlatmağınız məni bir daha bu mövzuya qayıtmağa sövq etdi. Bildiyiniz kimi, bu tarixi görüşün keçirildiyi gün BMT Təhlükəsizlik Şurası Ermənistanın və onun əsas dəstəkçisi rolunda çıxış edən Fransanın təkidi ilə Qarabağdakı vəziyyətlə bağlı iclas keçirdi. Bunda məqsəd nə idi?

- Sizin sualınızın cavabı elə verdiyiniz sualın özündə ifadə olunub. Bəhanə nə olur-olsun, bu kimi iclasların da, orada səsləndirilən bəyanatların da yeganə məqsədi Cənubi Qafqazda sülh prosesini əngəlləmək, hadisələrin gedişinə daha çox nəzarət imkanı qazanmaq və ən əsası, regionun lider dövləti olan Azərbaycana hansısa təsir rıçaqları əldə etməkdir. Birmənalı olaraq deyə bilərəm ki, bu məqsədlərdən məhz üçüncüsü qətiyyən nail olunacaq bir hədəf deyil. Azərbaycan artıq çoxdan hansısa xarici qüvvənin təsiri altına düşə biləcək, kimlərinsə iradəsinə tabe olacaq və ya ultimativ dildə danışılaraq qorxudula biləcək bir ölkə deyil. Digər tərəfdən isə, BMT Təhlükəsizlik Şurasında belə bir iclasın keçirilməsi faktının özü artıq bu ali orqanın nüfuzuna böyük zərbədir. Diqqət etdinizsə, Ermənistanın baş naziri Nikol Paşinyan iclasdan öncə həyata keçirilən lokal antiterror tədbirlərinin Qarabağda yaşayan mülki erməni əhalisinə təhlükə törətmədiyini bəyan etmişdi. Bu açıqlamadan sonra Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı iclasın keçirilməsi, həm də bunun Yevlaxda Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağın erməni icmasının nümayəndələri arasında erməni sakinlərinin reinteqrasiyası, infrastrukturun bərpası və Azərbaycanın Konstitusiyası və qanunları əsasında fəaliyyətin təşkili ilə bağlı konstruktiv müzakirələrin aparıldığı bir gündə baş verməsi ümumiyyətlə sağlam məntiqə ziddir. İclasda Ermənistan rəhbərliyinin əvvəlki açıqlamalarının əksinə olaraq lokal antiterror tədbirləri zamanı guya mülki əhali arasında kütləvi tələfatın iddia etməsi, Fransa, Almaniya və Aİ tərəfindən Qarabağda yaşayan ermənilər üçün “öz vətənində təhlükəsiz şəkildə və ləyaqətlə yaşamaq” kimi ifadələrin işlədilməsi isə rəsmi İrəvanın və havadarlarının ikiüzlü, ədalətsiz siyasətlərini bir daha nümayiş etdirdi. Mən diqqətinizi xüsusilə bir məsələyə çəkmək istəyirəm. Aİ öz təmsilçisi Cozef Borelin ifadə etdiyi əsassız fikirləri ayrıca bəyanat kimi yaymaq istəyərkən, Macarıstanın bu sənədə veto qoyması onların bu niyyətini də puça çıxardı. Bu isə əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin daha bir parlaq nəticəsidir. Sonda bir məqamı da qeyd edim ki, bu gün dövlətimizin başçısı Ermənistanla münasibətlərin normallaşdırılmasına zəmin yaradacaq konkret təkliflər irəli sürmüşdür. Əlbəttə ki, bunun üçün Ermənistan ilk növbədə artıq revanşist fikirlərlə yaşamadığını inandırıcı şəkildə göstərməli və xarici təhrikçilərin təsirindən qurtulmalıdır. Eyni zamanda da Cənubi Qafqazdan uzaqlarda yerləşən ölkələr və qüvvələr erməni xalqının taleyi ilə oynamaqdan əl çəkməlidirlər. Məhz bu şərtlər daxilində Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyərək, sülh müqaviləsini imzalaya bilərlər və bundan sonra cənab Prezident İlham Əliyevin dediyi kimi, Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında çalışmalara başlamaları reallaşa bilər.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi təşəkkür edirəm. Sağ olun.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az


Tarix: 26-09-2023, 08:53 Oxunub: 77


Bölməyə aid digər xəbərlər