Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”

Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”


Artıq son ayında yaşadığımız 2023-cü il Azərbaycan üçün həqiqətən də möhtəşəm qələbələr ili oldu. Dövlətimizin şanlı tarixinə, xalqımızın qürur yaddaşına əbədi yazılacaq bir sıra önəmli hadisələr məhz bu ildə baş verdi. Lakin bütün bunlarla yanaşı, yola salmaq üzrə olduğumuz bu ilin ən böyük əhəmiyyəti Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsində oldu. Danılmaz bir həqiqətdir ki, bu gün müasir Azərbaycanın mövcudluğu da, müstəqilliyi də, imza atdığı bütün möhtəşəm uğurları və parlaq qələbələri də yalnız Ulu Öndərimizin 1993-2003-cü illərdə göstərdiyi misilsiz fəaliyyəti nəticəsində və 2003-cü ildən sonra ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasi xətti sayəsində əldə olunmuşdur. Azərbaycan xalqı bir daha Heydər Əliyev İlində əldə etdiyi möhtəşəm zəfərlərlə öz dahi xilaskar oğlunun ideallarına sadiqliyini və bu idealların real gücünü bütün dünyaya nümayiş etdirdi. Bu ilin 19 sentyabr tarixində keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanın silahlı qüvvələrinin Qarabağ bölgəsində qalan birləşmələrinin tərk-silah olunaraq ölkə ərazisindən çıxarılmasına, eləcə də Xankəndidə yaradılmış qondarma separatçı rejimin ləğvinə nail oldu. Müzəffər Ali Baş Komandanımız Azərbaycan Bayrağını məhz Heydər Əliyev ilində Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə qaldırmaqla ölkəmizin öz suverenliyini tam bərpa etdiyi barədə dünyaya ən önəmli mesajını göndərdi.

Bütün bu hadisələrin fonunda Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə yüksəlməsi, ölkəmizin mötəbər beynəlxalq təşkilat və platformalarda rolunun əhəmiyyətli dərəcədə artması, Azərbaycanın getdikcə daha çox regional və qlobal miqyaslarda cərəyan edən hadisələrin gedişinə təsir rıçaqları əldə etməsi ölkəmizin xarici siyasət kursuna dünyada marağın son dərəcə böyüməsni şərtləndirir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan Heydər Əliyev İlini öz tarixində əvvəllər heç zaman olmadığı qədər güclü və sürətlə inkişaf edən ölkə olaraq başa vurmaqdadır.

Bugünkü buraxılışımızda Heydər Əliyev İlinin mahiyyəti və önəmi, ölkəmizin bu il əldə etdiyi mühüm nailiyyətlər, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.


- Xoş gördük Sizi, Eldar müəllim. Növbəti dəfə Sizinlə görüşmək bizə çox xoşdur və bu müsahibəyə razılıq verdiyinizə görə Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk. Yəqin ki, bugünkü söhbətimizin əsasən artıq yekunlaşmaqda olan Heydər Əliyev İlinin önəmi və Azərbaycan xalqının bu il əldə etdiyi mühüm nailiyyətlər barədə olacağını bilirsiniz...

- Mən də sizi ürəkdən salamlayıram və fürsətdən istifadə edib, bir qədər tez olsa belə, sizi və təmsil etdiyiniz yaradıcı kollektivi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Dediyiniz kimi, Azərbaycanda cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Heydər Əliyev İli” elan olunmuş 2023-cü il başa çatmaq üzrədir. Lakin bu ifadəni yalnız bir təqvim ilinin digəri ilə əvəz olunması baxımından işlətmək düzgündür. Çünki əgər biz məsələyə tarixi proseslərin gedişi və tarixi dövrlərin əvəzlənməsi baxımından yanaşsaq, bu zaman görərik ki, Azərbaycanın 1969-cu ildə qədəm qoyduğu Heydər Əliyev epoxası bu gün özünün ən bariz səciyyəvi cəhətlərindən olan yüksək inkişaf dinamikası ilə müşayiət olunmaqla davam edir. Həm də dövlətçilik tariximizə Azərbaycanın “qızıl dövrü” kimi düşəcək bu epoxa 2020-ci ilin noyabr ayından etibarən, Müzəffər Ali Baş Komandan cənab İlham Əiyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfər sayəsində özünün yeni, daha yüksək mərhələsinə müvəffəqiyyətlə keçid etmişdir. Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək.

- Dediyim kimi, Eldar müəllim, söhbətimizi bu il, xüsusən də ilin son aylarında ölkəmizdə və regionda gedən proseslər, baş verən önəmli hadisələr ətrafında qurmağa çalışacağam. Yəqin mənimlə razılaşarsınız ki, bu gün Azərbaycan cəmiyyətində maraqla müzakirə olunan ən önəmli məsələlərdən biri dövlət başçımızın müvafiq Sərəncamı ilə gələn ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Prezident seçkiləri ilə bağlıdır. Təbii ki, bu barədə Sizin fikirlərinizi öyrənmək çox maraqlı olardı.

- Əlbəttə ki, gələn il keçiriləcək növbədənkənar Prezident seçkiləri bir çox baxımdan sözün əsil mənasında əlamətdar, tarixi hadisə olacaq. İlk növbədə, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizdən sonra keçirilən ilk Prezident seçkiləri olduğuna görə. Digər tərəfdən isə, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bütün bu ərazilərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bir müddət əvvəl müqəddəs bayrağımızı ucaltmaqla öz xalqına sonsuz qürur hissi yaşatmışdır. Üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsi, eləcə də bu ilin sentyabrında uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar Prezident seçkiləri də mahiyyət etibarı ilə ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

- Necə bilirsiniz, növbədənkənar seçkilərin elan edilməsi hansı zərurətdən doğan bir qərar idi?

- İlk növbədə bunu deyim ki, növbədənkənar Prezident seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur. Növbəti seçkilər bəzi fövqəladə hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Bu, bütün dünya ölkələrində tətbiq olunan bir siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Seçkilərin növbədənkənar keçirilməsi ölkə vətəndaşlarının öz siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəkləri anlamına gəlir. Xüsui olaraq belə bir önəmli məqamı qeyd etmək lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb.

- Yeri gəlmişkən, Eldar müəllim, bəzi siyasi partiyaların təmsilçiləri növbədənkənar seçkilərin elan olunması ilə bağlı artıq narazılıqlarını ifadə ediblər. Bu məqamı da qısaca şərh edə bilərsiznizmi?

- Dediyim kimi, istər növbədənkənar, istərsə də növbəti seçkilərdə bütün namizədlər eyni hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Eynilə namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir. Bu mənada düşünürəm ki, seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilə bilər. Bu arada bir vacib məqamı da diqqətdən qaçırmaq olmaz ki, bəzi Qərb dövlətləri hələ də ölkəmizin 2020-ci ildə əldə etdiyi tarixi Zəfərin qısqanclığını çəkirlər. Məhz bu dövlətlərin ölkəmizə qarşı hazırlaya biləcəkləri təxribatların qarşısının alınması baxımından da Azərbaycanın siyasi sisteminin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Növbədənkənar seçkilər də məhz bu işə böyük töhfə olacaq.

- Məlumdur ki, artıq Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyi irəli sürülüb. Ölkənin ictimai-siyasi həyatına təsiri baxımından bu qərarın əhəmiyyətini necə dəyərləndirə bilərsiniz?

- Bu bir danılmaz həqiqətdir ki, bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin nail olduğu bütün nailiyyət və qələbələr bilavasitə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursu nəticəsində əldə olunmuşdur. Məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda və dünyada söz sahibinə çevrilmiş, ölkəmizdə sabitlik və davamlı inkişaf təmin edilmişdir. Artıq uzun müddətdir ki, regionun alternativsiz lider dövləti kimi çıxış edən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayan aktorlardan birinə çevrilib. Dövlət başçımızın uğurla həyata keçirdiyi enerji strategiyası bütün Avrasiyanın enerji xəritəsinin yenidən çəkilməsinə səbəb olub. Avropa İttifaqının bir çox ölkələri ilə münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltmiş Azərbaycan bu gün dünyada və Avropada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi qəbul olunur. Cənab İlham Əliyev hələ 2003-cü ildə, ilk dəfə Ölkə Prezidenti seçildiyi vaxt öz xalqına verdiyi bütün vədlərinə tam əməl etdi. Bu gün Azərbaycanın dünya dövlətləri birliyində yüksək nüfuza, böyük hörmətə və aparıcı mövqeyə sahib olması cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında müstəsna xidmətlərinin nəticəsidir. Azərbaycanın bundan sonrakı inkişafı da ölkəmizdə yalnız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ilə təmin olunacaq. Buna görə də YAP İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixində keçirilmiş genişləndirilmiş iclasında gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi yeganə ən doğru qərardır. Əminəm ki, bu seçkilərdə bütün Azərbaycan xalqı da hər zaman olduğu kimi, öz alternativsiz Liderinin yanında olacaq və öz Prezidentinin xarici və daxili siyasətini fəal surətdə dəstəklədiyini bir daha bütün dünyaya nümayiş etdirəcək.

- Eldar müəllim, növbəti sualım Heydər Əliyev İlində baş vermiş və Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edən hadisələrdən biri ilə əlaqədar olacaq. Məlumdur ki, 2020-ci il dekabr ayının 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı xalqımız üçün, bütün dünya azərbaycanlıları üçün və əlbəttə ki, ümumilikdə Türk dünyası üçün yeni başlanğıcların möhtəşəm simvolu idi. Həmin tarixi hadisədən üç il sonra, bu ilin 8 noyabr tarixində cənab Ali Baş Komandan Xankəndidə keçirilən hərbi paradı qəbul etdi. Bu hadisənin siyasi əhəmiyyətini necə dəyərləndirərdiniz?

- Əgər 2020-ci ildə Bakıda keçirilmiş Zəfər paradı uzun illərdən bəri torpaqlarımızın ermənilər tərəfindən davam edən işğalının sonunu bəyan etməklə, həm ölkəmizin, həm də bütün Türk dünyasının gücünə güc qatmış tarixi Qələbənin təntənəli nümayişi idisə, bu il Xankəndidə keçirilən hərbi parad artıq ölkəmizin suverenliyinin tam bərpa olunduğu barədə dünyaya göndərilmiş bir mesaj oldu. Qeyd olunmalıdır ki, 8 noyabr tarixi Şuşanın işğaldan azad edilməsi və ölkəmizdə Zəfər Günü kimi qeyd olunması ilə əlaqədar Azərbaycan xalqı üçün nə qədər önəmli idisə, bu ilin eyni günündə Ölkə Prezidenti, Ali Baş Komandan cənb İlham Əliyevin iştirakı ilə Xankəndidə ilk dəfə keçirilən hərbi parad bu önəmi bir qədər də artırdı. Silahlı Qüvvələrimizin bu möhtəşəm nümayişində çıxış edən dövlət başçımızın dediyi kimi, Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. 2003-cü ildə ilk dəfə xalqın etimadını qazanaraq Ölkə Prezidenti seçilən cənab İlham Əliyev andiçmə mərasimində çıxış edərkən xalqa söz vermişdi ki, gün gələcək Azərbaycanın Dövlət Bayrağı işğal altında olan torpaqların hər bir guşəsində qaldırılacaq. Üç il bundan öncə Qarabağın tacı olan Şuşada yüksələn müqəddəs bayrağımız bu gün artıq Xankəndidə, Ağdərədə, Xocalıda və bütün digər ərazilərimizdə qürurla dalğalanır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu vədinə də tam olaraq əməl etdi və artıq bundan sonra ölkəmizin bütün ərazisində olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun da hər bir guşəsində Azərbaycan Bayrağı əbədi dalğalanacaq.

- Yəqin mənimlə razılaşarsınız ki, Xankəndidə keçirilmiş hərbi parad həm də ermənilərin vaxtında düzgün qiymətləndirə bilmədikləri Azərbaycanın hərbi gücünün bir nümayişi idi...

- Əlbəttə razılaşıram, amma kiçik bir düzəlişlə. Bu, Azərbaycanın hərbi gücünün yalnız az bir hissəsinin nümayişi idi. Digər tərəfdən isə, Ermənistan rəhbərliyinin və ona havadarlıq edən xarici qüvvələrin Azərbaycanın real gücünü düzgün qiymətləndirə bilmədikləri barədə dediyinizlə yüz faiz razıyam. Hətta mən bunu da əlavə etmək istərdim ki, Vətən müharibəsinin başlanmasının əsas səbəblərindən biri də məhz elə bu olub. Təsadüfi deyil ki, Xankəndidə keçirilən hərbi paradda iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələyə də xüsusi toxunub. Möhtərəm dövlət başçımız Vətən müharibəsinin başlanma səbəbləri barədə detallı açıqlamalar verərək bir daha vurğulayıb ki, Ermənistan heç bir halda öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. 30 il ərzində münaqişənin nizamlanması ilə məşğul olan vasitəçilər də faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar və hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Əlbəttə, Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi. Bununla belə, cənab Prezident İlham Əliyev 2003-cü ildən bəri keçən müddət ərzində xalqa etdiyi bütün müraciətlərində hər zaman deyirdi ki, biz torpaqlarımızı müharibə yolu ilə qaytarmağa hazır olmalıyıq. Bu hazırlığı təmin etmək üçün dövlət başçımız bütün potensialları səfərbər etdi. Həyata keçirilən xarici və daxili siyasət Azərbaycanın həm siyasi müstəvidə, həm də hərbi cəhətdən güclənməsinə şərait yaratdı. Əgər Ermənistan rəhbərliyi və onun arxasında duran xarici qüvvələr Azərbaycan Prezidentinin sözlərinə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı.

(ardı var...)

Söhbətləşdi: Azər Məmmədov


Tarix: 19-12-2023, 11:58 Oxunub: 30


Bölməyə aid digər xəbərlər
26-08-2023, 09:26 Şərəfli xidmət missiyası