Prezident və xanımı ilə Ümidin 11 yaşında maraqlı dialoqu: saat hədiyyə etmişdi - FOTOLAR

Prezident və xanımı ilə Ümidin 11 yaşında maraqlı dialoqu: saat hədiyyə etmişdi - FOTOLAR


Xəbər verdiyimiz kimi, 6 il əvvəl Gəncədən olan məktəbli Ümid Həbibovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı dilə gətirdiyi arzusu gerçəkləşib.

O, ADA Universitetinə qəbul olub və bu barədə ali təhsil ocağının prorektoru Fariz İsmayılzadə bildirib.

Ümid Həbibov 2014-cü il oktyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncədə səfərdə olarkən onlara yaxınlaşmış və Prezidentlə xanımından onun doğum günündə iştirak etmələrini xahiş etmişdi.

İlham Əliyev və Mehriban Əliyeva onun bu xahişini yerinə yetirmişdilər və 2015-ci il martın 19-da Ümid doğum günü münasibətilə Prezident Sarayına çay süfrəsinə dəvət edilmişdi.

Ölkə.Az görüş zamanı ölkə başçısı və xanımı ilə 11 yaşlı Ümidin arasında olan maraqlı dialoqu təqdim edir: 

Prezident İlham Əliyev: Salam.

Mehriban Əliyeva: Salam. Təbrik edirəm. Necəsən?

Ümid Həbibov: Sağ olun, yaxşıyam.

Mehriban Əliyeva: Gəlin, şəkil çəkdirək.

Prezident İlham Əliyev: Biz səninlə keçən il Gəncədə görüşmüşdük. Sən də bizi ad gününə dəvət etdin. Mən də dedim çalışacağam ki, gəlim. Amma görürsən, bu gün biz Novruz bayramını qeyd edirik, ona görə gələ bilmədim. İndi səni Bakıya dəvət etmişəm, sən də gəlmisən.



Ümid Həbibov: Mən də Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Daim ölkəmizin başında olasınız.

Prezident İlham Əliyev: Sağ ol. Mən də səni təbrik edirəm. Xahiş edirəm mənim təbriklərimi bütün Gəncə sakinlərinə çatdırasan. Sən çox gözəl oğlansan. Eşitmişəm ki, yaxşı oxuyursan. Çox şadam ki, gözəl gənclər, uşaqlar yetişir. Gələcəkdə sənin kimi uşaqlar ölkəmizi idarə edəcəklər. Doğum günün münasibətilə bəzi hədiyyələrimiz də var. Mən bu saatı öz adımdan sənə bağışlayıram.

Mehriban Əliyeva: Bu saat səndə yadigar qalacaq. Burada yazılıb, “Ad günün münasibətilə”.

Prezident İlham Əliyev hədiyyəni təqdim edərək dedi: Təxminən mənim saatıma oxşayır. Eyni olmasa da oxşayır.

Ümid Həbibov: Sizin məni Prezident Sarayına dəvət etməyinizin, mənimlə görüşməyinizin özü elə çox böyük hədiyyədir.

Leyla Əliyeva və Arzu Əliyeva da Ümid Həbibova hədiyyələr təqdim etmişdilər.

Sonra dövlət başçısı və ailə üzvləri Ümid Həbibovla çay süfrəsi arxasında söhbət etmişdilər.

Ümid Həbibov: Təşəkkür edirəm. Cənab Prezident, səhv etmirəmsə, Siz bu il martın 17-də Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməlini qoydunuz. Mən Sizə, ölkəmizə uğurlar arzu edirəm. Mehriban xanım, Siz də dünən cənab Prezident ilə bərabər Bakı Olimpiya Stadionunun açılışında iştirak etdiniz. Mən Sizi televiziya vasitəsilə izlədim. Sizi birinci Avropa Oyunları münasibətilə təbrik edirəm. Bu Oyunlar ilk dəfə bizdə keçirilir. Ölkəmizin idmançılarını təbrik edir, onlara uğurlar arzulayıram.



Prezident İlham Əliyev: Sən də Oyunlara gəl.

Mehriban Əliyeva: Biz də səni Oyunlara dəvət edirik. Oyunların açılışını və bütün yarışları izləyərsən.

Prezident İlham Əliyev: Görürəm, sən də bizim fəaliyyətimizi izləyirsən. TANAP-dan danışdın, bütün Azərbaycan xalqı, sənin kimi uşaqlar gələcəkdə bu layihədən bəhrələnəcəklər.

Mehriban Əliyeva: Sən indi neçənci sinifdə oxuyursan?

Ümid Həbibov: Beşinci sinifdə.

Mehriban Əliyeva: Beşinci sinfi bitirib, altıncı sinfə keçirsən. Xarici dilləri öyrənirsən?

Ümid Həbibov: Bəli. Mən dördüncü sinfədək zəif idim. Bildiyiniz kimi, mən Gəncə şəhər 27 saylı məktəb-liseydə xüsusi istedadlıların sinfinə imtahan verərək, dördüncü sinifdə oraya qəbul olunmuşam. Dördüncü sinfi bitirəndən sonra indi orada oxuyuram.

Mehriban Əliyeva: Orada ingilis dili keçirsiniz?

Ümid Həbibov: Bu ildən ingilis dilinə, rus dilinə başlayırıq.

Mehriban Əliyeva: Əla, rus dilini də öyrənirsən.

Prezident İlham Əliyev: Rus dilini öyrənirsən, çox yaxşı. Bəs ümumiyyətlə necə oxuyursan?

Ümid Həbibov: Dərslərimiz yüksək səviyyədə keçirilir.

Prezident İlham Əliyev: Sənin üçün tort bişiriblər.

Mehriban Əliyeva: Ad günü tortunu sən gərək özün kəsəsən.

Ümid Həbibov və xanım Mehriban Əliyeva tortu kəsmişdilər.



Prezident İlham Əliyev: Gəncədə işlər necədir, yaxşıdır?

Ümid Həbibov: Bəli, çox yaxşıdır. Şəhərimiz gündən-günə gözəlləşir.

Prezident İlham Əliyev: Çox gözəl. Mən hər il Gəncədə oluram. Keçən il orada təsadüfən səninlə görüşdük və çox yaxşı bir görüş oldu. Dərhal gördüm ki, sən çox istedadlı, Vətənə bağlı və bilikli uşaqsan. Mənim fəaliyyətimi də izləyirsən.

Ümid Həbibov: Atam da daim xəbərləri izləyir. Mən də onunla bərabər izləyirəm.

Prezident İlham Əliyev: Bakıda olmusan?

Ümid Həbibov: Bəli, bir neçə dəfə olmuşam. Hətta İçərişəhərə də getmişəm. Qız qalasına girə bilməsəm də, görmüşəm.

Prezident İlham Əliyev: Çox yaxşı. İndi Qız qalası təmirdən sonra açılıb, gedib baxa bilərsən. Bakıda görməli yerlər çoxdur.

Ümid Həbibov: Bəli, Heydər Əliyev Mərkəzi ilə də tanış oldum.

Mehriban Əliyeva: Orada yaxşı maşın sərgisi var, ona baxdın? Maraqlıdır.

Ümid Həbibov: Bəli, gördüm. Ulu öndər Heydər Əliyevin istifadə etdiyi maşınları da gördüm.

Prezident İlham Əliyev: Gəncədə də görməli yerlər, tarixi abidələr çoxdur. Gəncə indi çox sürətlə inkişaf edir.

Ümid Həbibov: Elə bizim məktəbin yanında da çoxlu sayda tarixi abidələr var.

Sonra isə xatirə şəkli çəkdirilmişdi.

Tarix: 10-08-2021, 12:28 Oxunub: 108


Bölməyə aid digər xəbərlər