Aqiyə Naxçıvanlı: “Bu gün bütün dünya azərbaycanlıları olduqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar”

Aqiyə Naxçıvanlı: “Bu gün bütün dünya azərbaycanlıları olduqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar”


“İyunun 26-da Azərbaycan qalib ölkə kimi, xalqımız müzəffər xalq kimi Ordu Gününü qeyd etdi. Prezident İlham Əliyev 26 iyun tarixində Kəlbəcər rayonuna səfəri çərçivəsində Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış etdi. İşğaldan azad edilmiş Hadrutda istifadəyə verilmiş birinci Komando hərbi hissəsinin yaradılmasından 6 ay ötür. Yarım il sonra Kəlbəcərdə yeni yaradılmış Komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və Komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

Bu sözləri Milli Məclisin deputatı professor Aqiyə Naxçıvanlı mətbuata bildirib: “Müharibədən keçən il yarım ərzində ordumuzun daha da gücləndirilməsi, daha da müasir silahlarla təchiz edilməsi, sərhəd boyunca bütün əlverişli mövqelərə sahiblənmək üçün gecə-gündüz çalışmışıq və buna nail olmuşuq”.
Deputat tarixi Qələbəni şərtləndirən amilləri xatırladıb: “Torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdə olsa da, işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Bu isə o deməkdir ki, beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar yalnız formal olaraq fəaliyyət göstərir, dünyada güc amili öndədir. Xalqımızın gücünü ifadə edən Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. İşğalla heç vaxt barışmayan Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Əlbəttə, bu tarixi qələbənin qazanılmasında onu yaxınlaşdıran, müharibəni aparmaq üçün imkan yaradan iqtisadi müstəqillik faktoru, ötən illər ərzində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün görülmüş bir çox tədbirlər əhəmiyyətli rol oynadı. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi oldu və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir; Şanlı Vətən müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Sonda Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq”.

A.Naxçıvanlı müharibədən sonra Azərbaycan Ordusunun həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti sarıdan daha da gücləndiyini qeyd edib: “Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalanıb. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti yüksək səviyyədədir. Bütün şərait təmin edilir ki, hərbçilərimiz xidmət şəraitini nəzərə alaraq daha yaxşı xidmət etsinlər. Azərbaycan xalqı istəyir ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Cənab Prezidentimizin dediyi kimi, “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qarşımızda dura bilməz”.

Parlament üzvü bu gün Qarabağda və Şərqi Zəngəzurda gedən bərpa - quruculuq işlərindən də danılşıb: “Azərbaycan xalqı qurub-yaradan xalqdır, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Kəlbəcərin infrastrukturunun qurulmasına, elektrik və su təchizatına, evlərin tikilməsinə artıq start verilib. Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışında qeyd etdiyi kimi, Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Bununla belə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında Murov dağının altından çəkilən ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya da artıq hazırdır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Cənab Prezident tərəfindən Kəlbəcər şəhərinin təsdiq olunan Baş planı özündə təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq Aşıq Mərkəzi və lazım olan digər tikililər inşa ediləcək. Laçın rayonunda yeni hava limanının tikintisinin ən çətin tərəfi rayonda düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır ki, zolaq üçün uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Azad edilmiş bütün rayonlarda olduğu kimi, Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyulub. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu gün bütün dünya azərbaycanlıları olduqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik”!


Tarix: 29-06-2022, 10:25 Oxunub: 82


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı