30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq keçmiş məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu status götürüldü. Ağdam sakinləri yurd-yuvasına dönür. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamışlar. Uzun bir tarixə malik olan Ağdam Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq, məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Qarabağdan doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı, məhz Ağdam rayonuna pənah gətirib. 1993-cü ilin iyul ayının 23-də Ağdam işğal olunur. 27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu. Bu gün Ağdam yeni günün yaşayır.
Ağdamın ticarət, sənaye və infrastruktur mərkəzi kimi yenidən qurulması işləri davam etdirilir. Ağdam daxil olmaqla Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzura investisiya yatırmaq istəyən şəxslərində sayında artım müşahidə olunacaq. Çünki çox böyük maliyyə vəsaiti hesabına ərazilər yenidən qurulur və bərpa işləri görülür. İnfrastruktur layihələri icra edilir. Buna görə də xarici investisiyanın işğaldan azad edilmiş ərazilərdə iştirak etməsində maraqlıyıq. Regional problematikanın xarici mütəxəssislərə çatdırılması istiqamətində tədbirlər öz nəticəsini verəcək. Görülən işlər təbliğat xarakteri daşıyır. Belə ki, regionda erməni vandalizminin, barbarlığın ekspertlərə çatdırılması da, bu tədbirlər çərçivəsində həyata keçirilir. Məhz Ağdamın əsas mərkəz kimi seçilməsi də təsadüfi deyil. Çünki Ağdam öncə də ticarətin inkişaf etdiyi rayon kimi özünü göstərib və insanların sıx toplaşdığı məkanlardan olub. Ona görə də Ağdamın yenidən qurulmasından sonra tarixi görkəmi də bərpa olunacaq.
Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru
Bölməyə aid digər xəbərlər