Bir kərə yüksələn bayraq bir daha enməz





Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir. Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilmişdir.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir. 2009-cu il noyabrın 9-da — Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2010-cu ilin sentyabrın 1-də İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Azərbaycan öz müstəqilliyini asanlıqla əldə etməyib. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Hər bir Azərbaycan vətəndaşı üçün bayraq qürur mənbəyi olmalıdır. Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər kürsülərində ucalır.  Bu bayrağı hər zaman uca tutmaq hər bir azərbaycanlının borcudur.
Turqay Qəribov-Ramana bələdiyyəsinin sədri 


Tarix: 5-11-2022, 11:20 Oxunub: 95


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı