AZAL hər gün Bakıdan İstanbula uçuşlar həyata keçirəcək

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 1-dən Bakı ilə Türkiyənin İstanbul şəhəri arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq.
Bu barədə AZAL-dan bildirilib.
Məlumatda deyilir ki, hazırda Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə dörd dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir.
Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir. 
Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya “WhatsApp” messenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz:
https://youtu.be/HylsY0m9cEM  
Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:
- “Referans” laboratoriyası;
- “Leyla” klinikası;
- “Memorial” klinikası;
- “Bona Dea” xəstəxanası;
- “İnci” laboratoriyası;
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
- “Kaspian Hospital”;
- “UltraLab”.
Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikası və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.
İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.
İstənilən halda testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində alınmalıdır.
Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.
Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq.
“Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M


Tarix: 20-07-2020, 17:15 Oxunub: 139


Bölməyə aid digər xəbərlər