AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

“Azərbaycan Hava Yolları” iyulun 10-dan 31-dək həyata keçiriləcək Bakı-Minsk marşrutu üzrə reyslərdə “Belavia” Belarus aviaşirkətinin marketinq tərəfdaşı oldu.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, uçuşların tezliyi həftədə iki dəfə – cümə və bazar günləri olmaqla, ümumilikdə yeddi reys yerinə yetiriləcək.
Aviabilet satışı həm Milli aviadaşıyıcının www.azal.az saytında, həm də “Belavia” aviaşirkətinin www.belavia.by saytında həyata keçiriləcək.
Bakı-Minsk reysi ilə Belarus Respublikasına giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.
Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı aşağıda qeyd olunub:
 - “Referans” laboratoriyası;
- “Leyla” klinikası;
- “Memorial” klinikası;
- “Bona Dea” xəstəxanası;
- “İnci” laboratoriyası;
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
- “Kaspian Hospital”;
- “UltraLab”.
COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.
Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq.
“Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: 


Tarix: 8-07-2020, 17:44 Oxunub: 130


Bölməyə aid digər xəbərlər