Tibb işçiləri ictimai nəqliyyatın olmadığı həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA

Ölkədə koronavirusa yoluxma hallarının sayı günbəgün artır. Bunun qarşısının alınması üçün iyul ayının 20-nə qədər həftə sonları sərt karantin rejimi çərçivəsində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulub. Yalnız lisenziyası olan taksi xidmətlərinin işləməsinə icazə verilir.
Oxu.Az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə bir sıra müzakirələrə səbəb olub. Belə ki, həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulması və vətəndaşların SMS icazə ilə hərəkətinin tənzimlənməsi (iş icazəsi olan şəxslər istisna olmaqla) bir tərəfdən müsbət qarşılanır. Lakin digər tərəfdən, həftəsonu olmasına baxmayaraq, müvafiq səhiyyə müəssisələrində çalışan tibbi personalın işə gediş-gəlişində çətinliklər yaranır.
Bununla bağlı olaraq, sosial şəbəkədə müxtəlif paylaşımlar, müzakirələr aparılıb. Taksi xidmətlərinin qiymətini nəzərə alsaq, tibb işçilərinin orta aylıq əmək haqqı o qədər də çox deyil ki, hamısı taksidən istifadə edə bilsin. Pandemiya xəstəxanalarında çalışan həkimlərin işə gəlib-getməsi üçün zəruri olan şərait yaradılıb. Bəs digər poliklinika və xəstəxanalarda çalışan həkim və tibb bacıları? Onlar üçün bu cür servis yaradıla bilərmi?
Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanladıq. Sorğumuza TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva cavab verib. O bildirib ki, bu gün tibb müəssisələri məhdud sayda əməkdaşları işə çağırır:
“Bilrisiniz ki, heç bir tibb müəssisəsində istər tibb, istərsə də qeyri-tibb işçiləri tam heyətdə işə çağırılmır. Bu səbəbdən hələ ki, belə bir məsələ gündəmdə deyil. Pandemiyadan kənar xəstəxanalarda və tibb müəssisələrində çalışanlar tam heyətlə işə gəlmir. Bu zaman tibb müəssisələrinin rəhbərliyi müəyyən məsələləri nəzərə alır”. 


Tarix: 8-07-2020, 16:37 Oxunub: 114


Bölməyə aid digər xəbərlər