Azərbaycanın Rusiyadakı səfirliyindən vətəndaş narazılığına MÜNASİBƏT

"Cari ilin 6 iyul tarixində Azərbaycan Respublikasının vətəndaşı Rəşid Arif oğlu Məmmədov və onu müşayiət edən şəxs Səfirliyin binasının önündə çəkdikləri videoda bildirirlər ki, onlar Azərbaycana getmək istəyirlər, bununla bağlı Səfirliyə müraciət etmələrinə baxmayaraq, onları heç kim qəbul etmir və məlumat vermir. Bu qətiyyən həqiqətə uyğun deyil".
Azərbaycan Rusiya Federasiyasındakı Səfirliyindən Oxu.Az-a daxil olan məlumatda belə deyilir. 
Məlumatda bildirilir ki, 2 iyul tarixində Səfirliyin vitse-konsulu, birinci katib Rövşən Axundov şəxsən Rəşid Məmmədovla görüşüb və ona mövcud vəziyyəti başa salıb: 
"6 iyul tarixində isə Səfirliyin konsulluq şöbəsinin əməkdaşı, üçüncü katib Müsənnif Dadaşov adı çəkilən şəxslə iki dəfə telefonla danışıb və ona hazırkı durumu bir daha izah edib.
Söhbət zamanı məlum olub ki, Rəşid Məmmədov www.evegedirem.info portalında qeydiyyatdan keçməyib. Ona çatdırılıb ki, ilk növbədə portalda qeydiyyata düşmüş iki minə yaxın vətəndaşlarımız növbə ilə Azərbaycana göndərilirlər.
“Azərbaycan Hava Yolları”nın təşkil etdiyi çarter reysləri ilə sözügedən portalda qeydiyyatdan keçənlərlə yanaşı, səhhətində ciddi problemi olan vətəndaşlarımız ölkəmizə yola salınırlar. Belə olan halda onun Azərbaycana dönməsi məsələsi açıq olaraq qalır.
Məlum olduğu kimi, həm Azərbaycanda, həm Rusiyada karantin rejimi cari ilin 01 avqust tarixinədək davam edəcək. Bu səbəbdən Səfirliyin konsulluq şöbəsində vətəndaşların şəxsən qəbulu keçirilmir. Bu barədə Səfirliyin internet səhifəsində və inzibati binasının önündə elan yerləşdirilib. Bununla yanaşı, Səfirlikdə fəaliyyət göstərən “qaynar xətt” və elektron poçt vasitəsi ilə vətəndaşlarımızın müraciətləri qəbul olunur. Cari ilin 19 mart tarixindən 07 iyul tarixinədək yalnız Səfirliyin “qaynar xətti”nə 155 mindən artıq müraciət daxil olub. Hər bir müraciətə də fərdi olaraq baxılıb, mümkün olan köməklik göstərilib.
Rusiyadakı Azərbaycanın çoxsaylı vətəndaşlarına dəfələrlə xəbərdarlıq edilib ki, cari ilin 1 avqust tarixinədək sərhədlər bağlıdır və hər kəsin olduğu yerdə qalması məqsədəuyğundur. Küçədə çəkilmiş təxribat xarakterli videodan da göründüyü kimi, pandemiya dövründə istifadəsi məcburi olan maska və əlcək geyməyən, sosial məsafə gözləməyən həmin şəxslər edilən xəbərdarlıqlara məhəl qoymurlar. Onlar Səfirliyə təzyiq göstərmək məqsədi ilə Səfirliyin qarşısında çəkiliş aparır və binanın önündə Səfirliyin konsulluq şöbəsində vətəndaşların qəbulunun dayandırıldığı barədə elanı qəsdən göstərməyərək ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar".


Tarix: 7-07-2020, 18:01 Oxunub: 128


Bölməyə aid digər xəbərlər