Qanunlar kredit ittifaqlarını məhvə aparır... - “Məsələ gündəmdə yoxdur”


2020-ci ilin əvvəlindən isə Azərbaycan Mərkəzi Bankının (AMB) daha 3 kredit ittifaqının lisenziyasını ləğv etməsi ilə Azərbaycanda fəaliyyət göstərən bu cür təşkilatların sayı bir qədər də azaldı.

Qeyd edək ki, hazırda kredit ittifaqlarının sayı 42-dir. Halbuki, 2017-ci ildə onların sayı 109 idi. Həmin il 76-ya, 2018-ci ildə 61-ə, 2019-cu ildə isə 45-ə düşən kredit ittifaqlarının fəaliyyəti ilə bağlı bir sıra problemlərin olduğu, eləcə də həmin problemlərin bir qismininin qanunvericilikdən irəli gəldiyi bildirilir.

“Report”-a açıqlama verən Beyləqan rayonunda fəaliyyət göstərən "Aşıxlı" kredit ittifaqının sədri Ayaz Quliyev deyib ki, son vaxtlar dövlət qurumları onlarla işləmək istəmir: "Məsələn, biz uzun illər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə işləmişik. Amma bu qurum son illər kredit ittifaqlarına pul ayırmaq istəmir”.

O həmçinin əlavə edib: "Qanunvericilikdə kredit ittifaqları üçün heç bir dəyişiklik yoxdur. Köhnə qanundur. Kredit ittifaqlarına bir növ ögey münasibət var. Yaxşı olardı ki, qanuna dəyişiklik edilsin, kredit ittifaqları depozit qəbul edə bilsin. Digər tərəfdən kredit ittifaqlarının bəzi vergilərdən, məsələn, mənfəət vergisindən azad edilməsi məqsədəuyğun olardı. Verilmiş kreditlər bir qədər çətinliklə də olsa geri qaytarılır. İndi kredit verəndə daha çox şərtləri nəzərə alırıq. Ay ərzində bir-iki dəfə kredit veririk. Bunun da məbləği 5 min manatı keçmir. Kredit ittifaqı olaraq 5 min manatdan yuxarı kredit vermirik. Əksər kredit ittifaqları bu cür işləyir. Bir ara İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişfa Fondunun vəsaitləri ilə 15 min manata qədər kredit verə bilərdik. Amma indi bu da ləğv olunub. Bütün çətinliklərə baxmayaraq işləyə bilirik”.

Kredit ittifaqlarının sayının daha da azalmasının qarşısının alınması, onların fəaliyyətinin təmin olunması üçün qanunvericiliyə dəyişiklik edilə bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, kredit itifaqları normal işləyə bilmirlər: “Burada əsas məsələ depozitlə bağlıdır. Onlar depozit götürmədikdə kredit vermək imkanları xeyli azalır. Ümumiyyətlə, kreditlə bağlı məsələlər respublikada problemdir. İstər banklar olsun, istərsə də kredit təşkilatları bu problem mövcuddur. Bankların da kredit verməsində problemlər var. Onların da kifayət qədər vəsaitləri olmur, yüksək faizli kreditlər verirlər”.

Millət vəkili hesab edir ki, “Kredit təşkilatları haqqında” Qanuna da, “Bank sistemi haqqında” Qanuna da dəyişiklik etməyə ehtiac var: “Həmin qanunlara müəyyən dəyişiklik edilməlidir. Çünki, bu qanunlar çoxdan qəbul olunub və müəyyən dövr keçdikcə təkmilləşdirmə aparılmalıdır. Konkret olaraq, kredit ittifaqlarının depozit qəbul edib-etməməsi geniş müzakirə obyekti olmalıdır. Biz banklara icazə vermişik ki, depozit qəbul etsinlər, amma verilən kreditlərin məbləğlərində, onlara faizlərin qoyulmasında çox ciddi problemlər var”. Kredit ittifaqlarının vergidən azad olunması məsələsinin hələ ki gündəmdə olmadığını deyən Vahid Əhmədov bildirir ki, kredit ittifaqları ilə bağlı məsələlər müzakirə olunan zaman bu da nəzərdən keçirilə bilər: “Verglər Nazirliyi ilə danışıqlar aparmaq olar. Bilinməlidir ki, həmin vergidən azad olunma dövlət büdcəsinə nə qədər ziyan vurur. Bunlar hamısı araşdırılmalıdır”.

“Ümumiyyətlə, parlamentdə “Kredit ittifaqları haqqında” qanuna dəyişikliklərin edilməsi məsələsi gündəmdə varmı?” sualına cavabında Vahid Əhmədov bildirib ki, bank sistemi ilə bağlı məsələ gündəmdə olsa da, kredit ittifaqları ilə bağlı gündəmdə yoxdur.
 


Tarix: 1-09-2020, 10:46 Oxunub: 143


Bölməyə aid digər xəbərlər