“HƏYATI İLƏ ÖLÜB, ÖLÜMÜ İLƏ YAŞAYAN” QƏHRƏMAN



Bəzi insanlar keçmişə, keçmişdəkilərə həsədlə baxırlar. Dürüstlük ən öncə duyğusu olanlar xoş gündə dost çiyninə qoyulan əllə döyüş anında dostu hədəf alanı hədəf almaqdan çəkinməməlidirlər. I Qarabağ döyüşlərində belə qəhrəmanlar çox olmuşdur. Şərəf, namus, qeyrət kəlmələri dilindən düşməyən Cavid o qəhrəmanların yaşadığı dövrdə yaşamasa da öz dövrünə o qəhrəmanların qəhrəmanlıqlarını yansıtmağı bacarmışdı. Cavid o qəhrəmanların can verdiyi vətəndə dünyaya göz açmışdır. 1993-cü il mayın 31-də İmişli şəhərinin Əliqulular kəndində doğulan bu oğul gün gələcəkdi vətən uğruna can verənlərin qisasını alacaqdı.
     Hər sözündən, hərəkətindən vətən sevgisi hiss olunur Cavidin. Qəlbində vətənə bağlılığı İlahi bir sevginin ən ülvisidir. Bir zaman sözləri vətən "qoxan" qəhrəman gün gəldi özü vətən qoxudu. İndi isə vətən Cavid kimi qoxur.
     "Azərbaycan oğluyam" deyə-deyə Azərbaycan oğlu oldu. Görəsən bir insan gələcəyindən necə bu qədər xəbərdar ola bilərmiş? Bu musiqi dilinin əzbəri olan Cavid hələ I sinifdə oxuduğu zaman bu musiqini dilə gətirib oxuyanda İmişli rayon Rəsul Məmmədov adına Əliqulular kənd tam orta məktəbində avazı əks-səda ilə yayılırmış. O zaman heç kim bilmirdi ki, gün gələcək bu səda Qarabağı bürüyəcək. Cavid 2002-ci ildə ailəsinin İmişli şəhərinə köçməsi səbəbindən təhsilini İmişli şəhər Namiq Şirinov adına 5 N - li tam orta məktəbdə davam etdirmişdir. Cavidi hər kəsdən fərqli edən davranışları olmuşdur. 2007-ci ildə "Kim təhsilini Naxçıvanski adına Hərbi liseydə davam etmək istəyir?" sualına da cavabı ilə seçilən Cavid VIII sinfi bitirdikdən sonra arzusunda olduğu hərbçi peşəsinə yiyələnmək üçün Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. 3 il orada təhsil aldıqdan sonra 2014-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan Cavid 4 il də orada təhsil aldıqdan sonra leytenant hərbi rütbəsi almışdı. Bununla da kifayətlənməyən qəhrəman Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində də 1 illik hərbi təhsil almış və sonra Bakıda yerləşən N saylı hərbi hissədə snayperçi kimi xidmətə başlamışdır.
     -Mənim yaşamağıma səbəb bəlkədə qəlbimdə qisas hissinin olmasıdır. Görün qadınlarımız, kişilərimiz nə vəziyyətdə olublar. Düşmən onları nə vəziyyətə salıb. Axı onlar kiminsə anası, atası, bacısı idi... Günahsız qətlə yetirilən uşaqların qisasını almadan ölsəm məni torpağa dəfn etməyin. Mən o torpağa layiq olmaram.
Bu sözlər Cavidin illər öncə yazdığı fikirlərdən bəziləridi. Hər dəfə işğal tarixləri xatırlananda Cavidin gözlərindəki qisas qığılcımı daha aydın şəkildə görülən alova çevrilirdi. Özünü tanıdığı gündən qisas gününün çatacağı günü gözlədiyini dilə gətirər və o günün çatacağını ümidlə gözləyirdi. Hər kəs yaxşı bilirdi ki bu vətənin qeyrətli oğlu o qisası qiyamətə saxlamayacaq.
      -Vətənpərvər ruhda tərbiyə alan uşaq böyüyüb boya-başa çatandan sonra bir qarış torpağını düşmənə verməz. Can verər amma torpağını verməz, xalqını satmaz!
      Hər kəlməsindən,cümləsindən vətənə olan sevgisi, sədaqəti duyulan Cavid uşaqlıqdan qəlbində böyütdüyü vətən sevgisi ilə bütün çətinliklərə sinə gəlmişdir. Yara-bərə içində olan ayaqlar, cadar-cadar olan əllər peşəsinin çətinliyini gözlər önünə sərsə də bir dəfə də olsun o çətinliyi dilinə gətirməmişdi. Tabeliyində olan əsgərlərə də hərbin sirlərini öyrətmiş, onların da vətən üçün yüksək səviyyəli bir hərbçi olmaları üçün əlindən gələni əsirgəməmişdi. Hətta onun əsgəri snayper atışı üzrə birincilik qazanmış, həm həmin əsgər, həm də Cavid təltif olunmuşdu.



Cavid ildə 2 dəfə ailəsinin üzünü görürmüş. Onun məzuniyyətinin biri də 2016-cı ildə tarixin yaddaşına 4 günlük müharibə kimi düşən Aprel döyüşləri ərəfəsinə düşübmüş. İllərdi qisas anını gözləyən oğul evində bənd alıb durmamış, məzuniyyətindən imtina edərək aprelin 2-də vətən səngərinə tələsmişdir. Azərbaycan ordusunun qısa zamanda qalibiyyət qazandığı Şanlı Aprel döyüşlərində Cavidin də böyük rolu olmuşdur. O döyüşlərdə şəhidlərin şahidləri olan Cavidin illərdi qanayan vətən adlı yarasına azadlıq qismən məlhəm olmuşdur. Ancaq hələ qət ediləcək yol uzun idi...
     2017-ci ildə Cavid təyinatla Qusar rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Qüsursuz xidmət edən Cavid baş leytenant hərbi rütbəsinə yüksəlmişdir. Onun arzusu növbəti dəfə kapitan hərbi rütbəsinə yüksəlmək olmuşdur. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunan zaman bir gün “Milli Qəhrəman” olmağı arzu etmişdir.
     2020-ci il 26 iyunda Cavid növbəti dəfə məzuniyyət götürüb evlərinə gəlmişdi. Həmin vaxt onun cadarlı ayaqları, göyərən barmaqları Xatirə ananın nəzərindən yayınmamışdı. Anasının narahat olmağını istəməyən Cavid bəhanələr uydurmuş “Ana, sən zabit anasısan. Hər şeyə hazır olmalısan.” demişdi. Xatirə ana o sözlərlə Cavidin nə demək istədiyini 17 noyabrda anlamışdı.
      Bu xalq hər zaman birlik olmuşdu. Hələ 1990-cı il 20 Yanvar faciəsi zamanı bu xalq birləşərək dünyanı riqqətə gətirmişdi. 2020-cu il həmin faciənin il dönümü günü Cavid duyğularını sosial şəbəkə hesabında qeyd etmişdi. 
    -Əslində bu gün matəm günü deyil. Mən özümü tanıyandan bu günü matəm günü hesab etmirəm. Bu gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin il dönümüdür.
     Mübariz xalqın mübarizəsi 2020 – ci il ermənilərin Tovuz rayonunda törətdikləri iğtişaşlar zamanı daha da qarşısı alınmaz həddə çatdı. Uşaqdan böyüyə hər kəs bənzər arzuları dilə gətirir və o arzunun gerçək olması üçün addımlar atırdılar. Qarabağı heç zaman görməyən oğullar könüllü olaraq Qarabağda döyüşmək üçün adlarını yazdırırdılar. Tovuz döyüşlərindən sonra Cavid təlimlərə qatılıb. O təlimə qatılan oğullar cəmi bir neçə gün sonra düşmənin başına od ələyib.
     -Bu bayrağa, bu himnə görə mən qanımın son damlasına kimi vuruşacam. Mənim üçün dünyanın ən gözəl musiqisidir Üzeyir Hacıbəyovun musiqisi, Əhməd Cavadın sözləri. Sanki hər bir şəhidin, hər bir qəhrəmanın, hər bir vətəndaşın adı var. Necə canımızdan keçməyək bu vətən üçün?!
     Özü vətəni sevməklə yetinməyən Cavid vətən sevgisini ən ali səviyyədə tərənnüm edirdi. Cavidin yazdığı sözlərin, cümlələrin mənası çox dərindi. Özü, sözü vətən olan Cavid II Qarabağ müharibəsi başlayan ilk gündən döyüşlərə qatılanlardan biri olub. 27 sentyabrda Xaliq müəllim Beyləqana gedən zaman artıq vəziyyətin ciddiyətinin fərqinə varıb. Həmin an oğluna zəng edən ata müharibənin başladığı gerçəyi ilə yanaşı oğlunun da öndə vuruşduğunu öyrənib. Lakin Cavidin xahişi ilə Xatirə anaya bu barədə heçnə deməyib. Səhəri gün Xatirə ana təsadüfən “Oğul, özünü qoru” sözlərini eşidib. Onda bilib ki, Cavid arzularının yolunda addımlayır. O yol Füzulidən başlayıb. Qəhrəman oğulların qədəmləri ilə sevinən torpaqlar kənd – kənd, şəhər – şəhər genişlənirdi. O yol Cəbrayıldan keçib Hadruta çatmışdı. İgid oğulların bitən nəfəsləri ilə canlanan o torpaqlar əsarətdən qurtulduqca sanki ana vətənin üzü gülürdü. Qubadlı uğrunda mübarizə aparan mübarizlərdən biri idi Cavid. Qubadlının azadlıq sevincini də yaşadıqdan sonra Xocavəndə doğru yol almışdı qəhrəman. Xocavəndə çatana qədər neçə qanlı döyüşdən çıxmışdı. Komandiri 2 gün mühasirəyə düşən zaman Cavid onun da işini icra etmişdi. Nə qorxu bilməmişdi, nə də qisas andından dönməmişdi. Döyüşlər zamanı öz canın deyil tabeliyində olan əsgərlərin canlarını düşünərmiş. Döyüşlərin birində verilən koordinatla irəliləyən zaman ərazinin şumluq ərazi olduğu üçün döyüşün taktikasını dəyişmiş və həmin döyüşlərdə itki vermədən qalibiyyət əldə etmişdi. Daha bir döyüş zamanı isə dəstəsi ilə birlikdə mühasirəyə düşmüş və üç gün mühasirədə qalmışdı. Müharibənin ən çətin sınağı susuzluqdu. Həmin vaxt Cavid 2 litr su tapıb gətirmiş və 70 hərbçiyə bir – bir o sudan vermişdi. Özü susuzluqdan əziyyət çəksə də bir qurtum da içməmişdi. ( Bu sözləri eşidəndə gözlərim önünə səhrada susuz qalan imamlarımız gəldi.) Mühasirəni yarıb çıxmağı bacaran dəstə daha bir əməliyyata başlamışdır. 
    -Ən azı daha iki düşməni eyni anda məhv etməliyəm. Ən yaxın dostlarım Ramil Babayevin və Tərlan Kərimovun qisasını almadan şəhid olmayacam.
      Cavidgil oktyabrın 21-də özlərindən sayca çox olan düşmənlə üz-üzə gəliblər. Son nəfəslərinə qədər vuruşublar. Cavid həmin döyüşdə düşmən gülləsinə tuş gəlib və şəhid olub.O gündən sonra Səfərovlar ailəsi səssizlikdə boğulmağa başlayıblar. Caviddən heç bir xəbər ala bilməyən ailəsi onun əsir düşdüyünü düşünüblər. Qəribəsi odur ki, Cavid şəhid olduğu ərazidən digər şəhidlərin nəşləri götürülsə də Cavidin və çiyin-çiyinə vuruşduğu Daşqının, Rafiqin nəşlərini tapa bilməyiblər. Hər gün “Bəlkə sağdır?” ümidi ilə yaşayan ailə üçün səssiz ötən 25 gün bir dustağın həbsxanada keçirdiyi 25 il kimi uzun olub. Noyabrın 16- da Cavidin şəhid olduğu təsdiqlənib və qohumlarına bu barədə xəbər verilib. Onun nəşi həmin gecə məscidə gətirilib. Ancaq heç kim şəhidin ata, anasına bu bərədə deməyib. Ertəsi sübh səhər oğlunun şəhid olduğu xəbərini eşidən ata və ana üçün nə o gün, nə də o gündən sonra aydın səhər açılmayıb. Həmin gün yaşanılanları Caviddən bir xəbər çıxmayan zaman yuxuda görmüşdü Şəhid atası. Elə həmin gün olduğu kimi bir qara maşından düşən hərbçi əlindəki bükülü bayrağı ataya uzatmışdı. Kaş ki, o yuxu çin olmazdı... Kaş ki, bu yaşanılan da yuxu olardı... 
      -Sən üzülmə ana, bəylik libası geyinmək şərt deyil. Şəhidlik də oğluna gözəl yaraşar.  
       İki cümləyə sığan vətən sevgisinin sonsuzluğu qədər kədər... Əlinə xına deyil qanı ilə qarışan vətən torpağı yaxılan, əyninə bəylik libası deyil qürurla daşıdığı formanı geyinən, sevdiyi yarının tellərinə duvaq sərməyib Qarabağın zirvəsində bayraq ucaldan Cavid ölümsüzlük qazandı. Dediyi bir fikrin tam əksi oldu.
     -Kim olursan ol, bir gün mərmər üzərində iki kəlmə yazı olacaqsan.
      Cavid qanı ilə sonu olmayan bir əsər yazdı. Onun Əliqulular kənd məzarlığında uclan büstü önündə hər kəs təzim edir. Cənnətə şəhid daxil olduğu zaman  hər kəs şəhidin önündə təzim etdiyi kimi.
     28 illik ömrünün tən yarısını vətən üçün yaşayan, vətən sevgisindən güc alaraq düşməndən öc alan baş leytenant Səfərli Cavid Xaliq oğlu şəhadətindən sonra Ali Baş komandan cənab İlham Əliyevin əmrinə əsasən “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. 
     -Bir gün mən olmayanda adım çəkildiyi yerdə çöhrələrdə təbəssüm yaratsın xatirələrim. 
      Özünün dediyi kimi indi Cavidin adını kim çəkirsə onun çöhrəsindən kəm olmayan təbəssümü yansıyır çöhrəsinə. Bacısı Şərqiyyə xanım Cavidlə olan xatirələrindən danışarkən onun Caviddən keçmiş kimi danışmamağı nəzərimdən yayınmadı. Şəhidlərin geridə qalanları şəhidlərin əbədiyaşarlıq qazandıqları üçün o acıya tab gətirə bilirlər. Bu gün həm Şahin, həm Şərqiyyə qardaşlarının ruhən hər an onlarla bərabər olduqlarının fərqindədilər.     

-İnsan həyatı ilə ölür, ölümü ilə yaşayır.    

Bu cümləni Cavid sanki özünə şamil edibmiş...

ŞƏHİD CAVİD

Sənli xatirələr yada düşdükcə,
İntihar eləyir axan göz yaşı.
Hər kəsin köksünün üstə ucalıb,
Vətəndə ucalan bir məzar daşı.

Qıyğacı baxışın, qəmzəli çöhrən,
Daha xəyalların naxışı olub.
Məzarın önündən ötən hər kəsin, 
Gözləri gözünə dikilib dolub. 

Hər zaman dediyin “Vətən” sözünü, 
Eşq ilə bəzəyib, oxşadın, Cavid. 
Nahaq axan qanın qisasın alıb, 
Azadlıq uğrunda sən oldun şəhid. 

Ömrün on dörd ilin vətən naminə, 
Yaşayıb vətənin halına yandın. 
Qarabağ dərdini sona çatdırmaq, 
Olmuşdu pozulmaz müqəddəs andın. 

Sən neçə döyüşün qəhrəmanıtək, 
Tarixdə silinməz bir iz qoymuşdun. 
Hələ illər öncə Şanlı apreldə, 
Düşmən ürəyinə sən dağ vurmuşdun.

Sanki hiss edirdin Xocalıdakı, 
Süngüdən keçrilən uşağın ahın. 
Dilsiz süngülər yox düşmən daşıyır, 
Günahsız can verən kəsin günahın.

Manya Səxavətqızı


Tarix: 28-02-2023, 15:06 Oxunub: 140


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı