Tofiq Bakıxanov MM-də Paşayeva ilə görüşdü - Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli bəstəkar, xalq artisti Tofiq Bakıxanovla Mədəniyyət Komitəsində görüşüb.
Kult.az xəbər verir ki, millət vəkili bəstəkarımızı “Şərəf” ordeni ilə təltif olunması və 90 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
“Hörmətli Tofiq müəllim,
Sizi, Azərbaycanın görkəmli bəstəkarı və professorunu, məşhur bakıxanovlar nəslinin layqili davamçısı və ağsaqqalını 90 illik yubileyiniz, “Şərəf” ordeni almağınız münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirik!
Siz Azərbaycanın məşhur alimi, tarixçi, şair və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun nəticəsi - görkəmli tarzən, xalq artisti Əhməd Bakıxanovun ailəsində doğulmusuz.
Sizin yaradıcılığınızda kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. Siz üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığınız 3 musiqili komediya ("Altı qızın biri Pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifisiz.
Bakı Musiqi Akademiyasında 50 ildən çox pedaqoji fəaliyyətlə məşğul olmusuz.
1969-cu ildə bəri bir sıra beynəlxalq festivallarda, xarici ölkələrin məşhur konsert salonlarında müəllif konsertləri ilə çıxış etmisiz. Haqqınızda resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılıb, televiziya filmi çəkilib.
Siz Azərbaycan Respublikasında musiqinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli incəsənət xadimi olaraq, "Xalq artisti" fəxri adına, müstəqil Azərbaycanın yüksək "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülmüsüz.
Sizi bir daha təbrik edir, Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan ən xoş diləklərimi yetirirəm!”
Komitə sədri yubilyara Komitə adından təbrik məktubu və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
Xalq artisti öz sənət xatirələrini danışıb, çağdaş mədəniyyət və incəsənət aləminə dair mülahizələrini bölüşüb.
Xalq artisti Tofiq Bakıxanov səmimi görüş və təbrik üçün Komitə sədri Qənirə Paşayevaya təşəkkür edib, ona “Bakıxanovlar: nəslin nəciblik ənənələri” kitabını bağışlayıb.


Tarix: 4-02-2021, 22:33 Oxunub: 110


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı