BDU-nun rektoru Prezidentə məktub yazdı

Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını müvəffəqiyyətlə alması, düşmənə ağır zərbələr endirməsi Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.
QanunXəbər.com Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Zaqatala şəhərindən əsgər anası Elmira Hacıyeva yazır: “Möhtərəm cənab Prezident, bu gün Azərbaycanımızın şanlı əsgərləri əzəli-əbədi torpaqlarımıza soxulan erməni qaniçənlərinə sarsıdıcı zərbələr endirir. Torpaqlarımız 30 illik işğaldan azad edilir. Ordumuzun mətinliyi, igidlərimizin vətənpərvərliyi bizləri sevindirir. Sevinirik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Erməni faşistləri düşünürdülər ki, illər keçdikcə Qarabağ torpaqları azərbaycanlıların yadından çıxacaq. Ağıllarına gətirmirdilər ki, əksinə Qarabağ sevgisi, Vətən sevgisi bu 30 ildə xalqımızın qəlbində məşələ çevriləcəkdir. Düşünmürdülər ki, oğullarımız müharibəyə toya-bayrama gedər kimi ruh yüksəkliyi ilə, Qələbə əzmi ilə gedəcəklər. Cənab Prezident, Siz erməniləri xəbərdar etmişdiniz və bildirmişdiniz ki, əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Bu gün Sizin Vətənimizin bütövlüyü, xalqımızın rifahı üçün apardığınız bütün siyasəti dəstəkləyirik. Bir nəfər kimi ətrafınızdayıq. Cənab Ali Baş Komandanımız, bütün xalqımız Sizin yanınızdadır. Qələbə bizimdir, Vətən bizimdir. İrəli, Azərbaycan əsgəri! Əziz Prezidentimiz, Uca Tanrım Sizi və əsgərlərimizi qorusun”.
Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri adından rektor Elçin Babayev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, artıq bir neçə gündür ki, təcavüzkar Ermənistan xislətinə uyğun işğalçılıq siyasətini davam etdirərək yeni ərazilər qəsb etmək məqsədilə bütün cəbhə boyu hücuma keçməyə cəhd göstərir, beynəlxalq humanitar hüquq normalarını, beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq mülki əhalimizi, yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan, o cümlədən iriçaplı artilleriyadan atəşə tutur. Düşmənin xain hücumlarının qarşısını almaq, təhlükəsizliyimizi təmin etmək məqsədilə Sizin rəhbərliyinizlə bütün cəbhə boyu əks-hücuma keçən müzəffər Azərbaycan Ordusu tərəfindən erməni vandallarının törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınır, düşmənə adekvat cavab verilir. Ordumuz tam şəkildə hərbi və mənəvi üstünlük əldə edərək, düşmənə sarsıdıcı zərbələr endirir. Fərəhli haldır ki, xalqımız hər gün, hər saat uzun illər ərzində işğal altında qalan ərazilərimizin, yaşayış məntəqələrinin işğaldan azad edilməsi, strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilərək nəzarətə götürülməsi barədə rəsmi qələbə xəbərləri alaraq bu zəfərlərin qürur və sevincini yaşayır. Xüsusilə, Sizin xalqımıza müraciətiniz, BMT-nin 75 illiyinə həsr edilmiş iclasda dərin məzmunlu çıxışınız və Rusiyanın “Rossiya-1” telekanalına verdiyiniz müsahibənizdə səsləndirdiyiniz fikirlər, haqlı və kəskin mövqeyiniz bizdə Böyük Qələbəyə inamımızı daha da artırıb. Bu gün ölkəmizin ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı tam olaraq işğaldan azad etmək üçün tarixi bir məqam yetişib. Bilirik ki, bu şansı əldən verməmək üçün bizə birlik və həmrəylik hər şeydən vacibdir. Bu gün hər bir Azərbaycan vətəndaşı rəşadətli və yenilməz Silahlı Qüvvələrimizin, Sizin ətrafınızda daha sıx birləşərək həmişəkindən daha güclü birlik və həmrəylik nümayiş etdirir. Cənab Ali Baş Komandan, bizə bu xoş günləri yaşatdığınıza görə Sizə Bakı Dövlət Universiteti ailəsi adından hədsiz təşəkkür edirik. Sizin hər bir əmrinizi layiqincə yerinə yetirməyə, Böyük Qələbəyə nail olunması naminə dövlətimizə və ordumuza hər cür dəstək verməyə hər an hazırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz mütləq qalib gələcəyik! Əminik ki, o gün uzaqda deyil. Allah Sizi və rəşadətli Ordumuzu qorusun!”.
Mingəçevir şəhərindən Səba Osmanova: “Möhtərəm cənab Prezident, Sizə hərbçi ailəsi olaraq öz təşəkkürümü bildirmək istəyirəm. Siz daim xalqın qayğısına qalan, hər bir vətəndaş üçün narahat olan Prezidentsiniz. Çətin zaman kəsiyində olmağımıza rəğmən inanıram ki, Sizin təşkilatçılığınızla hər bir çətinliyin öhdəsindən gələcəyik. Fəxr edirəm ki, həyat yoldaşım Azərbaycan Respublikasının şanlı ordusunda xidmət edir. Sizin verdiyiniz hər bir qərar bizim üçün qanundur. Allah Sizi, əsgərlərimizi, zabitlərimizi və xalqımızı qorusun. Amin”.
Bakı şəhərinin Binəqədi rayonundan Niyaz Cəlilov  Ərəstun Yusibov yazırlar: “Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. Cəbhədə baş verən bu döyüş günlərində Sizə, Ordumuza və xalqımıza qələbə, zəfər arzu edirəm. Artıq biz bunun ilk soraqlarını alırıq. Şanlı və rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirir, torpaqlarımızı işğaldan azad edir. Cənab Prezident, Qələbəyə doğru gedən yolda Sizin yanınızdayıq. Allah Sizi qorusun”.
İmişli şəhərinin sakini Rüstəm Qüdrətov: “Hörmətli cənab Ali Baş Komandan, Qarabağ torpaqlarının azad olunması haqqında verdiyiniz əmrə görə Sizə təşəkkür edir, uğurlar arzulayırıq. Biz Sizi dəstəkləyirik. Qarabağ torpaqlarının azad olunması yolunda İmişli oğulları da hazırdırlar. Tanrı köməyiniz olsun, cənab Prezident”.
Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, ehtiyatda olan mayor Elçin Atayev yazır: “Möhtərəm cənab Prezident, mən Qarabağ müharibəsi veteranıyam, müxtəlif bölgələrdə vuruşmuşam. Milli Ordumuzun qeyrətli övladlarının Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatına qarşı sentyabrın 27-30 tarixlərində layiqli cavabları məni keçmiş hərbçi kimi ürəkdən sevindirir. Mən tam əminəm ki, Sizin uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində biz böyük Qələbəyə nail olacağıq. Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, şanlı Milli Ordumuzun daha da qüvvətlənməsi naminə yeni-yeni uğurlar diləyirəm”.
Laçın rayon Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan kimi rəhbərliyinizlə torpaqlarımızın yağı düşməndən azad edilməsinə başlanması biz yaşlı nəslinnümayəndələrini də ürəkdən sevindirir. İnanırıq ki, uzun illərdən bəri istər ölkəmizin inkişafı, istərsə də ordu quruculuğu istiqamətində yorulmaz fəaliyyətiniz artıq öz bəhrəsini verdi. Dəfələrlə vurğuladığınız kimi xalqımızın haqq işi Qələbə çalacaq. Siz zəfər bayrağını Şuşada, Laçında və digər azad olunacaq torpaqlarımızda ucaldacaqsınız. Bu taleyüklü məsələnin həlli naminə yorulmaz fəaliyyətiniz xalqımızı bir daha ətrafınızda səfərbər edərək daha da sıx birləşdirdi. Sizinlə qürur duyur, fəxr edirik. Xalqımıza bəxş etdiyiniz sevincli anlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Qəti inanırıq ki, rəhbərliyinizlə ordumuzun həyata keçirdiyi bu müqəddəs iş nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin olunacaq. 30 ildən çox bir müddətdə ata-baba yurdlarının həsrəti ilə yaşayan köçkünlər öz doğma evlərinə dönəcəklər. Allah bu müqəddəs işdə Sizə yar olsun”.
Neftçala rayonu Yenikənd kənd məktəbinin şagird valideynləri adından Ə.N.Qafarova, Ü.Q.Hüseynova A.Q.Həsənova yazırlar: “Əziz Prezidentimiz, Sizin verdiyiniz Sərəncamla bu il bizim kəndimizdə yeni məktəb binası inşa olundu. Yeni məktəb binasının tikintisi barədə xəbər həm uşaqlar, həm də biz valideynlərdə bu çətin və həssas pandemiya dövründə gələcəyə daha ümidli baxışlarla baxmağa zəmin yaratdı. Binanın ilk təməl qoyuluşundan tutmuş, bina tam hazır olana kimi işlərin gedişini sevinclə izləmişik. Hələ övladlarımızı demirəm... Onların körpə qəlblərində bu cür sevinc, xoşbəxtlik hissini yaşatmaq hər insana nəsib olmur. Siz bunu çox gözəl bacarırsınız, əziz Prezidentimiz. Hər il yüzlərlə uşaqlara bu sevinc hissini bəxş edirsiniz. Bütün bunlar Sizin təhsilimizə göstərdiyiniz qayğının nəticəsidir. Uşaqlara xoşbəxt hisslər yaşatmaq insanlığın ən gözəl, ən vacib əməllərindən biridir. Bu hissi övladlarımıza yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Övladlarımız belə müasir, geniş və hər cür şəraiti olan məktəbdə təhsil aldıqları üçün çox şanslıdırlar. Ən böyük şansımız isə Sizin kimi bir Prezidentimizin olmasıdır. Biz hər zaman Sizinləyik”.
Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi Fazilə Əliyeva yazır: “Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə şanlı Ordumuz düşmənlərimizə layiqincə cavab verir. Bu Sizin düzgün daxili və xarici siyasətinizin nəticəsidir. Biz inanırıq ki, yaxın zamanda üç rəngli bayrağımız zəbt olunmuş torpaqlarımızda dalğanacaq. Cənab Ali Baş Komandan, mən fəxr edirəm ki, Siz bizim Prezidentimizsiniz. Biz həmişə Sizin yanınızdayıq”.
Bakı şəhərinin sakini Müzəffər Müzəffərov: “Cənab Prezidentimiz, Sizi Ali Baş Komandanı olduğunuz Ordumuzun zəfər yürüşləri münasibətilə təbrik edirəm. Bu qürurlu günlərdə şəhid və yaralı əsgərlərimiz haqqında məlumatlara Sizin qədər biz də kədərlənirik. Nəzərinizə çatdırıram ki, mən bir keçmiş döyüşçü kimi özümü keçmişin yox, bu günün əsgəri sayıram və əlimdə silah daim döyüşə getməyə hazıram. Təki Vətənim mənfur düşmənlərimizdən təmizlənsin. Uca Allahdan bunları arzulayıram”.
Türkiyənin İstanbul şəhərindən Ömər Öztürk dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, Qarabağda ordunuzun uğurlu əməliyyatları barədə xəbərlər bizi xoşbəxt etdi, hər kəndin adı çəkildikcə ayrıca sevinc anları yaşadıq. Hər yaralanan əsgər, hər şəhid xəbəri ürəyimizdə bir yara oldu. İnşallah, Qələbə xəbəri bu yaraları sağaldacaq. İnşallah, xalqınız Qarabağda gözəl günlər yaşayacaq. Mən də bu mübarizənizdə Sizlərlə bir sıradayam. Yaşasın türk birliyi! Çox yaxın günlərdə Şuşada, Xankəndidə, Xocalıda ucalacaq azan səsləri Qarabağın hər guşəsində eşidiləcək”.
Kayseri şəhərindən Saraç Mustafa: “Hörmətli cənab Prezident, biz türklər ermənilərlə mübarizədə bütün qəlbimizlə Sizi dəstəkləyirik. Azərbaycan Ordusunun tərkibində Dağlıq Qarabağ və işğal altındakı digər torpaqlar üçün qardaşlarımızla vuruşmağı ürəkdən istəyirik. Xain ermənilər bilməli idilər ki, türklər üçün qazdıqlara quyuya bir gün özləri düşəcəklər. Onların elə bugünkü durumu da quyunun dibində yazıq-yazıq durub kimdənsə kömək gözləyən birini xatırladır. Bu, Sizin siyasi, diplomatik və hərbi uğurunuzdur, cənab Prezident. Uğurlarınızın davamı gəlsin”.
Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin və Türk Egitim-Sen Həmkarlar İttifaqı Komitəsinin sədri Talip Geylan: “Hörmətli cənab Prezident, bir daha işğalçı Ermənistanın beynəlxalq hüququ və insan haqlarını pozan, Azərbaycan ərazisinə və birbaşa mülki əhalini hədəf alan xain hücumunu qətiyyətlə pisləyirəm. Türk Egitim-Sen Həmkarlar İttifaqı Komitəsi olaraq bütün varlığımızla qardaş Azərbaycan xalqının yanındayıq. Bir daha bildirirəm ki, Azərbaycanın beynəlxalq hüquqla təsdiq edilmiş bütün hüquqlarını sonadək müdafiə edəcəyik. Azərbaycan torpaqlarının 20 faizi işğal edildi və 1 milyondan çox soydaşımız evlərindən didərgin düşdülər. Qarabağ təkcə Azərbaycanın deyil, həm də Türkiyənin həsrətinə çevrildi. Qarabağ məsələsinin yeganə həll yolu Ermənistanın dərhal işğal olunmuş ərazilərini tərk etməsi və 30 ildir əziyyət çəkdiyi bütün vətəndaşlarımıza təzminat ödəməsidir. Ermənilərin məsuliyyətsiz rəhbərləri bu günə qədər bunu etmədikləri üçün bu gün Dağlıq Qarabağı və işğal olunmuş bütün ərazilərimizi öz gücümüzlə azad etmək təbii haqqımızdır. Bəzi beynəlxalq təşkilatların Azərbaycan və Ermənistanı danışıqlara çağırmalarını mənasız hesab edirik. Bu nöqtədə, danışıqların yeganə mövzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlardan çıxma təqvimi olmalıdır. Türkiyənin Azərbaycana münasibəti və dəstəyi yalnız sözdə deyil, hər iki dövlətin rəsmi xarici siyasət strategiyasında, qarşılıqlı münasibətində də yer alıb. Bu münasibətin təbii nəticəsi olaraq, canımız, qanımız və bütün varlığımızla Azərbaycanın yanındayıq. Duamız və dəstəyimiz Sizinlədir. Həmişə olduğu kimi ürəkdən deyirik, Qarabağ türk torpağıdır, belə də qalacaq! Həsrət sona yetəcək. Gec-tez üçrəngli Bayraq Qarabağın hər guşəsində dalğalanacaq”.
Kocaeli şəhəri Arif Karadurakoğlu: “Hörmətli cənab Prezident, Türkiyədəki qardaşlarınızdan biri olaraq haqq mübarizənizi dəstəkləyir, yeni uğurlar diləyir, bu mübarizənizdə maddi, mənəvi dəstəkdən başqa canımla da Sizlərlə bir sırada olduğumu şərəflə bildirirəm. Allah yar və yardımçınız olsun”.
Almaniyanın Vuppertal şəhərində yaşayan Osman Dənizxanlı: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, son günlər cəbhə bölgəsindən gələn xəbərlər məni və bütün xalqımızı çox sevindirir və qürurlandırır. Siz və Sizin əmrinizdə olan Azərbaycan Ordusu düşmənlərımızə və bütün dünyaya göstərdiniz ki, Qarabağ uğrunda, öz torpaqlarımız uğrunda sona qədər döyüşməyə hazırıq. Bunları yazaraq Sizə dərin hörmət və dəstəyimi bildirir, hər an əmrinizdə olduğumu bir daha ifadə etmək istəyirəm. Qəlbimiz Vətən ilə döyünür. Sizin rəhbərliyiniz və Allahın köməyi ilə yaxın vaxtlarda torpaqlarımızı son qarışına qədər geriyə alacağımıza inanıram. Yolumuz haqq yoludur. Qarabağ Azərbaycandır!”.


Tarix: 2-10-2020, 07:56 Oxunub: 204


Bölməyə aid digər xəbərlər