Ərdoğanın SENSASİON TAKTİKASI: seçkilər niyə ikinci tura qaldı? - DETALLAR

Ərdoğanın SENSASİON TAKTİKASI: seçkilər niyə ikinci tura qaldı? - DETALLAR


Türkiyədə 14 mayda keçirilən seçkilərdə parlamentin taleyi həll olunsa da, prezident seçkilərində qalibin müəyyənləşməsi ikinci tura qaldı. 

Birinci turda kim uduzdu, kim qazandı... 

Onu demək lazımdır ki, seçki marafonu çox gərgin bir mübarizə şəraitində keçdi. Əgər bu seçkidə Türkiyəni 20 ildən artıq müddətdə idarə edən AKP iqtidarı düzgün strategiya müəyyənləşdirə bilməsəydi, məğlubiyyəti ilə barışmalı olacaqdı. Hələ seçkidən çox əvvəl bəlli idi ki, seçkilər hakim AKP iqtidarı üçün elə də asan olmayacaq və ciddi itkilərə məruz qalacaq. Odur ki, gözlənilən itkilərin qarşısını almaq və bunu minimuma endirmək üçün AKP müxalifətdən fərqli olaraq real vəziyyətə uyğun olaraq uğurlu seçki strategiya planı hazırlayaraq həyata keçirdi. Bu plan bir neçə mərhələdən ibarət idi və seçki prosesinin gedişinə uyğun icra olundu.  



Mart ayında növbədənkənar seçkilər elan ediləndə seçkilərin taleyinin birinci turda deyil, daha çox ikinci turda həll olunacağı barədə fikirlər yer alırdı. Bu, keçirilən rəy sorğularının nəticələrində də əksini tapırdı.

“Cümhur İttifaqı” yaranmış mövcud vəziyyətdən uduşla çıxmaq üçün bütün resurlarını işə salmalı oldu. Belə ki, Ərdoğan öz kabinetinin və komandasının bütün imkanlarından  faydalanaraq seçkinin taleyini birinci turdaca həll eməyi qarşısına hədəf qoydu. Amma bununla belə, ikinci tur məsələsi reallaşarsa, o zaman hansı taktikaya əl atacağını da unutmadı. Bunun üçün Ərdoğan öz kabinetinin üzvlərinin demək olar ki, hamısını millət vəkiliyinə namizədliyini irəli sürdü. 



Seçki marafonun gedişində qələbənin birinci turda qeyri-mümkünlüyünü görən Ərdoğan daha çox diqqəti parlament seçkilərinə yönəltməli oldu. Belə ki, Ərdoğan qurduğu siyasi qambitə uyğun olaraq, birinci turda parlamenti ələ keçirmək məsələsi qarşıya hədəf qoyuldu. Çünki hələ seçkidən öncə AKP-nin parlamentdə ciddi itkiyə məruz qalacağı barədə yetərincə proqnozlar verilirdi. Bu reallığı partiya rəhbərliyi özü də yaxşı dərk edirdi. AKP hesab edirdi ki, parlamentdə çoxluğu əldə etməyə diqqət yetirməyib, prezident seçkilərinə yönəltsə, o zaman prezident seçkilərində əldə edilən qələbə onlara  uğur gətirməyəcək. Əksinə, bu seçkidən sonra ciddi siyasi böhranlara səbəb olacaq. O baxımdan da Ərdoğan birinci turda prezident seçkilərində qalib olmağı qurban verib, parlamenti qazanmağa çalışdı və buna da nail oldu.

Nəticədə “Cümhur İttifaqı” 600 yerlik parlamentdə 320-dən artıq millət vəkili yeri qazanmaqla çoxluğu əldə etmiş oldu. Yeni formalaşan parlament isə yaxın günlərdə fəaliyyətə başlayacaq. 

Beləliklə, Ərdoğan müxalifətin qalib olmaq şanslarının çox böyük olduğu bir zamanda prezident seçkilərini ikinci plana keçirib, parlament çoxluğunu ələ keçirib, yekun prosesi öz xeyrinə dəyişməyi bacaran güclü siyasi oyunçu kimi özünü bir daha sübut etmiş oldu. Bununla da Ərdoğan ən mürəkkəb və böhranlı vəziyyətlərdən necə qabliyyətlə çıxmağa qadir olan lider kimi özünü təsdiq etdi. Ərdoğan birinci turda parlamentdə çoxluğu qazanmaqla həm də ikinci turda  prezident seçkilərindəki qalibiyyətini təmin etmiş oldu.

Ərdoğanın ikinci turda prezident seçkilərində qalib olacağı artıq şübhəsizdir. 



İkinci turda onun rəqibi olan Kamal Kılıçdaroğlunun qələbə şansları birinci turdakından daha aşağı olacaq. Bunu şərtləndirən amillər isə aşağıdakılardır:

Birincisi, 14 may seçkilərinin yekunlarına əsasən “Cümhur İttifaqı” parlamentdə çoxluq əldə edibŞ, prezident seçkilərində liderliyini qoruyub saxlaması, rəqib düşərgənin elektoratı üzərində ciddi psixoloji cəhətdən qələbə çalması;

İkincisi, əvvəlcədən uğurlu namizədin müəyyən edilməməsi və olan rəqibin də mübarizəni qələbə ilə nəticələndirə biləcək liderlik qabiliyyətinin olmaması;

Üçüncüsü, “Millət İttifaqı”nda təmsil olunanların Türkiyə cəmiyyətində yetərincə nüfuza malik olmaması;

Dördüncüsü, “Millət İttifaqı”nın uğurlu seçki strategiyasını müəyyən edə bilməməsi və səs qazanmaq üçün PKK/YPG ilə birgə siyasi işbirliyi, onların elektoral bazasına göz dikməsi;  

Beşincisi, seçkidən sonra müxalifətin elektoral bazasında yaranmış ruh düşkünlüyü və  inamsızlıq;

Altıncısı, seçkidən dərhal sonra “Millət İttifaqı” daxilində məğlubiyyət nəticəsində yaranan böhran və bu böhran getdikcə daha da dərinləşəcək. Artıq “Millət İttifaqın”da təmsil olunan partiyalar seçki kampaniyasında lazımi aktivlik nümayiş etdirməməsinə görə CHP-çilərin ciddi ittihamına tuş gəliblər. 



İkinci turda Sinan Oğan amilinə gəldikdə, onu demək olar ki, bu elə də ciddi rol oynamayacaq.

Birincisi, ona görə ki, o seçicilər Türkiyə siyasətində yeni sima görmək üçün Sinan Oğana səs veriblər.

İkincisi, onların bir qismi Muhərrəm İncəyə səs vermək istəyənlər olub. Ona görə də onlar Sinan Oğanı qəbul edərək ona səs verənlər deyil. Belə demək mümkündürsə, məcburən, alternativ görmədikləri üçün səs veriblər. 

Üçüncüsü, Sinan Oğanın özünün təmsil olunduğu partiya parlamentdə yer qazana bilməyib.
Ona görə də "ikinci turda Sinan Oğan kimi dəstəkləyəcəksə, o da qalib olacaq", yanlış düşüncədir. Ən yaxşı halda Sinan Oğana səsə verənlər üç hissəyə parçalanacaq. Bir qisim gənc sekulyar millətçilər ola bilsin ki, Kılıçdaroğlunu, orta və yaşlı nəsil Ərdoğanı seçsin. Bir qisim də səsvermədə iştirak etməyəcək.  

Digər bir məqam isə Sinan Oğanın PKK/YPG kimi terrorçu təşkilatlarla əməkdşalıq edən Kılıçdaroğlunu dəstəkləməsi də elə də real görünmür.

Hətta onu dəstəkləyib, seçicilərə çağırış etsə belə, ciddi təsiri olmayacaq. Bundan itirən Sinan Oğan olacaq. Bunu həm Ərdoğan, həm də Kılıçdaroğlu yaxşı bilir. Odur ki, Sinan Oğan sadəcə vəziyyəti düzgün dəyərləndirib gələcək siyasi fəaliyyəti üçün bunlardan faydalana bilər. 

Tarix: 16-05-2023, 13:16 Oxunub: 62


Bölməyə aid digər xəbərlər