“Azərbaycan təxribata elə zərbə ilə cavab verəcək ki, bunun altından çıxa bilməyəcəklər” - Başqa yolu YOXDUR!



Qarabağda və Ermənistanda ermənilər 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində qətliamlar törətmiş cani Vaqif Xaçaturyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbsi ətrafında şou qurublar. Separatçıların və separatizmə dəstək verən İrəvanın iddiasına görə, guya Azərbaycan “xəstə və sıradan bir ermənini” İrəvana gedərkən tutub. Xaçaturyanın ailə üzvləri onun buraxılması üçün beynəlxalq təşkilatlara müraciətlər edir, Beynəlxalq Qızıl Xaç Komitəsinə etirazlar ünvanlayırlar.

Eyni zamanda, Birinci Qarabağ müharibəsində müharibə cinayətləri törətmiş xuntanın üzvləri təlaş içərisindədirlər. Erməni sosial şəbəkələrində yayılan məlumatlara görə, canilər Azərbaycanın onları yaxalaması ehtimalını nəzərə alıb Xankəndidən qaçmaq istəyirlər. Lakin Laçın keçid məntəqəsində saxlanacaqlarını artıq anladıqlarından Qarabağdan qaçışın başqa yollarını axtarmağa başlayıblar.

Qeyd edək ki, onlarla Meşəli kəns sakininin qətlini, onlarla sakinin yaralanmasının, yüzlərlə sakinin didərgin salınmasının təşkilatçısı və birbaşa iştirakçısı Vaqif Çərkəzoviç Xaçaturyan iyulun 29-da Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Törətdiyi müharibə cinayətlərinə görə 10 il qabaq beynəlxalq axtarışa verilən Xaçaturyan tutularaq Bakıya gətirilib. Xaçaturyan Azərbaycan qanunları çərçivəsində cəzasını alacaq.

Xaçaturyan ətrafındakı şounun məqsədini və Xankəndidə yaşanan təşvişi AYNA-ya müsahibəsində şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, onların etirazları effektsiz olacaq:

- Xaçaturyanın həbsinə görə ermənilərin etirazları təbii ki, şoudur. Ümumiyyətlə, Qarabağdakı separatçılar da, Ermənistan hakimiyyəti də bilməlidir ki, cinayətkarlar yaxalanacaq. Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də müharibə cinayətləri törətmiş ermənilərlə bağlı Azərbaycanca cinayqət işləri açılıb, onlar beynəlxalq axtarışa veriliblər. Xaçaturyan da onlardan biridir. Ona görə də onun saxlanılması, Bakıya gətirilməsində qeyri-adi nəsə yoxdur. İndi ermənilər narazılıq edirlər, etsinlər, bizim üçün problem deyil. Xaçaturyan hansı cinayətlər törətdiyini bilir. Sadəcə ola bilsin, düşünüb ki, sərhədi BQXK-nın avtomobilində keçə biləcək, problem olmayacaq. Yəqin ki, Laçında post olmayan vaxt o İrəvana gedib-gəlib. Amma birdəfəlik bu canilər anlamalıdırlar ki, artıq post var, Azərbaycan sərhədinə, ərazisinə giriş-çıxışa nəzarət edir. İndi ermənilər şou göstərirlər, beynəlxalq aləmin diqqətini bu məsələyə yönəltməyə, Azərbaycana hansısa beynəlxalq təzyiqlərin göstərilməsinə çalışırlar. Amma bu, alınmayacaq. Çünki Azərbaycan qanunlarına uyğun addım atır, cinayətkarı, terrorçunu yaxalayır. Bəli, ola bilsin ki, müəyyən dairələrdən təzyiqlər olacaq, bəyanat səviyyəsində narahatlıq bildiriləcək. Amma ciddi təzyiq gözlənilmir. Yenə deyirəm, Azərbaycan Xaçaturyanı həbs etməklə insan hüquqları pozmur, beynəlxalq axtarışa verdiyi cinayətkarı tutub, bu da hüquqi məsələdir.

Digər müharibə cinayətkarlarının narahatlıqlarına gəlincə, bu, təbiidir. Onlar hansı əməlləri törətdiklərini yaxşı bilirlər və Azərbaycanın onları cəzalandıracağını da artıq anlayırlar. Bilirlər ki, Xaçaturyanın saxlanılması başlanğıcdır. Həbsdən yayınmaq üçün bundan sonra müxtəlif yollara əl atacaqlar. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları ayıq-sayıq olmalıdır.

- Xaçaturyanın ailəsi BQXK-ya etiraz edirlər ki, niyə Xaçaturyanın saxlanılmasına imkan veriblər, onun tutulub Bakıya aparılmasının qarşısını almayıb...

- Bunlar anlamırlar ki, BQXK humanitar təşkilatdır, onun missiyası var, o missiyaya uyğun da fəaliyyət göstərməlidir. Hər halda “Qırmızı Xaç”ın sərhəddən keçirdiyi şəxslər haqqında ilkin məlumatı olmalıdır. Yenə deyirəm, ola bilsin ki, BQXK səhlənkarlıq edib. İndi Xaçaturyanın ailəsi, ermənilər BQXK-ya etiraz edirlər, etsinlər. Bu bizim problemimiz deyil.

Ümumiyyətlə, BQXK-nın fəaliyyətinə gəlincə, bu, Azərbaycanı qane etmir. Biz məsələ qaldırmalıyıq ki, Xankəndi Azərbaycan ərazisidir. Ona görə də, “Qırmızı Xaç”ın Xankəndidəki ofisi İrəvana yox, Bakıdakı ofisə tabe olmalıdır.

- Azərbaycan Qarabağdakı müharibə cinayəti törətmiş şəxslərin siyahısını BQXK-ya verə bilərmi ki, təşkilat bu canilər barədə məlumatlı olsun?

- Bakı siyahını verə də bilər, verməyə də bilər. Məncə, verilməməlidir. Çünki bu cinayətkarlar Xankəndidən hansısa vasitə ilə qaça bilərlər. Azərbaycanın məqsədlərindən biri də budur ki, cinayətkarlar ədalət mühakiməsinə çıxarılsın, hakim qarşısında cavab versinlər, cəzalandırılsınlar.

Hesab edirəm ki, ermənilərin BQXK-ya etirazları da nəticəsiz olacaq. Bu, beynəlxalq, nüfuzlu təşkilatdır. Ermənilərə görə də Azərbaycanla konfliktə getməkdə maraqlı deyil. Biz konkret faktlar qoyuruq ki, bu adam cinayətkardır. Ortada sübutlar var, Xaçaturyanın cinayət əməllərinin şahidləri var, fotolar var. Ona görə də BQXK-nın Bakıya hansısa narazılıq etməsi yersiz olar.

- Məlumdur ki, Xaçaturyan BQXK-nın avtomobilində “müalicə məqsədi” ilə İrəvana getməyə çalışıb. Belə iddialar var ki, ordakı quldurlar BQXK ilə razılaşıblar, Xankəndidən çıxarılmaları üçün qurumdan yardım istəyiblər. Bu canilərin Qarabağdan çıxarılmasında “Qızıl Xaç”ın bir əlaqəsi ola bilərmi?

- İkinci Dünya müharibəsi bitdikdən sonra qətliamlar, cinayətlər törətmiş bəzi nasistlər məhz bu cür təşkilatların köməyi ilə qaçıblar. Sonradan məlum oldu ki, onlar Cənubi Amerika ölkələrində gizləniblər. Məsələn, Eyxman nasist Almaniyasında altı milyon yəhudinin qətliamını sənədləşdirən şəxs olub. İkinci Dünya müharibəsi gedən zaman Eyxman saxta pasport alır və elə “Qırmızı Xaç”a bənzər təşkilatların köməyi ilə İtaliyaya keçirilir, orada gizlənir. Sonra yenə humanitar təşkilatlar vasitəsilə dəniz yolu ilə uzaq Argentinaya gedir. İsrail kəşfiyyatı 1960-cı illərdə Eyxmanı Argentinada tapır, İsrailə gətirib məhkəmə qarşısına çıxarılır. Sonra da ölüm cəzasına məhkum edilir. Demək istəyirəm ki, iddialar doğru ola bilər. Bəzən belə beynəlxalq təşkilatlar kimliyini araşdırmadan, bu şəxsin cinayətkar olub-olmamasına baxmadan ona yardım edə bilərlər. Ola bilsin ki, Xaçaturyan məsələsində BQXK-nin səhlənkarlığı da olub. Məsələn, bir ailə müraciət edir ki, xəstəmiz var, onu Xankəndidən İrəvana aparmaq lazımdır. “Qırmızı Xaç” araşdırma aparmadan Xaçaturyanı avtomobilə qoyub, sərhəddən keçirmək istəyib, Azərbaycan hüquq-mühafizə orqanları da onu yaxalayıb. Bu variant da mümkündür. Yəni ola bilsin ki, Xaçaturyanın ailəsi BQXK-ya müraciət edib, təşkilat da ciddi araşdırma aparmadan onu İrəvana aparmaq istəyib.

- Son vaxtlar Qarabağ ətrafında sanki “əsəb savaşı” gedir. Laçınla sərhədə “humanitar yük” adı altında TIR-ların yığılması, cinayətkar Xaçaturyanla bağlı ermənilərin etirazları fonunda Azərbaycanın psixoloji təzyiqi də müşahidə olunur. “Əsəb savaşı”nın sonunu necə proqnozlaşdırmaq olar?

- Ermənilər “əsəb savaşı”nı müxtəlif təxribatlara, insidentə çevirə bilərlər. Bu ehtimal həmişəki kimi qalmaqdadır. Amma onu da anlayırlar ki, Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatlar Üçüncü Qarabağ müharibəsinin başlamasına şərait yaradacaq. Bununla eyni zamanda, Azərbaycanın manevr imkanları artacaq. Azərbaycan Rusiya sülhməramlılarını iki il müddətinə ərazilərindən yola salmaq və məsələni tam şəkildə bitirmək istəyir. Amma təxribat olarsa, bu addım daha tez atılacaq. Bunu separatçılar anlamamış deyillər. Separatçılar başa düşürlər ki, indi 1990-cı il deyil ki, Rusiyanın silahlandırması ilə, Ermənistanın və erməni lobbisinin dəstəyi ilə revanşa əl ata, yenidən işğalçılıq edə bilərlər. Azərbaycan təxribata elə zərbə ilə cavab verəcək ki, bunun altından çıxa bilməyəcəklər.

Tarix: 3-08-2023, 16:00 Oxunub: 28


Bölməyə aid digər xəbərlər