12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bundan sonra Qarabağın yükünü POLİSİMİZ ÇƏKƏCƏK... - HƏM DƏ ŞƏRƏFLƏ...



Azərbaycan tərəfi suverenliyini bərpa etmək üçün ya hərbi əməliyyatlara start verməli, ya da ermənilərin nazını çəkməli idi. Bunun üzərinə böyük güclərin ərazidəki maraqlarını da nəzərə alsaq, vəziyyətin necə qəliz olduğunu görərik.

Rəsmi Bakı antiterror tədbirləri keçirmək üçün dialoqun tükənməsini, zəminin yetişməsini və vaxtı gözləyirdi. Hətta prosesin startından bir gün əvvəl rəsmi Bakı son xəbərdarlığını və təklifini etdi. Ancaq separatçı rejim geri addım atmadı. Bundan əlavə ABŞ ilə Ermənistan arasında hərbi təlim də, İranın neytral qalmasına səbəb oldu. Beləcə, antiterror üçün hər şey hazır oldu və sentiyabr ayının 19-u saat 13:00-da “vur” komandası verildi.

Qarabağda bütün istiqamətlər üzrə eyni vaxtda tədbirlər başladı. Azərbaycan ordusu bütün vasitələrdən istifadə edərək separatçıların yerləşdiyi bütün hərbi mövqelərə ara vermədən zərbələr endirdi. Azərbaycan tərəfinin hədəfi separatçıların siyasi və hərbi yöndən təslim olması idi. 24 saat tamam olmadan separatçıların həm hərbi, həm də siyasi qanadı ağ bayraq qaldırmağa məcbur edildi.

Azərbaycan ordusu təkcə artileriya zərbələri ilə yox, piyadaların da hərəkəti ilə qarşı tərəfi təslim etdi. Laçın sərhəd-keçid məntəqəsinin açılması onsuzda separatçı rejimin manevr imkanlarını aşağı salmışdı. Bundan əlavə onların hərbi yardım almasının qarşısını almışdı. Azərbaycan ordusu antiterror tədbirlərinə başlayarkən separatçıların Qarabağ daxilində fəaliyyətini məhdudlaşdırmaq üçün əsas yollara nəzarəti ələ keçirməyi hədəflədi. Nəticədə üç istiqamətdən irəliləmə baş tutdu. Beləcə Ağdərə ilə Əskəranın, Əskəranla Xocavəndin, Xankəndi ilə digər istiqamətlərin əlaqəsi kəsildi. Beləcə separatçılar daxildə əlaqəsiz və rabitəsiz qaldı. Artileriya və raketlər separatçıların düşünməyə və hərəkət etməyə vaxt vermirdi.

Qarşı tərəf hiss olunurdu ki, 44 günlük müharibədən dərs çıxarıb və ciddi hazırlıq görmüşdü. Onlar onsuzda çətin olan relyefi daha da çətinləşdirib, mühəndis istehkam işləri görüb, sıx meşələrdə pusqular hazırlamışdı. Günlərlə yağıntının olması isə onsuzda çətin olan vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Azərbaycan ordusu bu çətin vəziyyətdə son dərəcə çətin tapşırığı yerinə yetirirdi. Tapşırığın çətinliyi isə mülki əhali və obyektlərə zərər verilməməsi idi. Separatçılar bir yandan raket artileriya bölmələrini kəndlərin ortasında yerləşdirmişdi, digər yandan isə kənarda olan mövqelərinin yanında mülki maşınlar saxlamışdı. Beləcə onlar çalışırdı ki, dünyaya “Azərbaycan soyqırım törədir” deyə bilsinlər. Məsələ ondadır ki, tədbirlər zamanı nəinki bir mülki şəxs, heç mülki obyekt belə zərər görmədi. Erməni mənbələrində bununla bağlı bir dənə nə foto, nə də video görüntü oldu. Beləcə Azərbaycan daha bir çətin prosesin öhtəsindən gəldi.

Kənardan elə görünə bilər ki, heç separatçılar da Azərbaycanın mülki obyektlərinə zərbələr endirməyib. Bu belə deyil. Ən azı Şuşanın atəşə tutulduğunu və bir mülkinin şəhid olduğunu bilirik. Bundan əlavə isə separatçıların bir neçə raketi Azərbaycanın əvvəlcədən gördüyü tədbirlər nəticəsində havadaca məhv edildi. Rəsmi Bakı antiterror tədbirləri ilə yanaşı təhlükəsizliklə bağlı da bütün tədbirlərini görmüşdü.

Bildiyimiz kimi qələbə üçün təkcə hərbi yox, həm də siyasi yöndən qalib gəlmək şərtdir. Sahədə qalib olub, ancaq siyasi baxımdan məğlub olmaq qələbə sayılmır. Azərbaycan tərəfi həm sahədə qələbəni təmin etdi, həm də siyasi baxımdan istəyinə çatdı. Misal üçün BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla bağlı nəinki hansısa bir qətnamə, heç qınaq da gəlmədi.

Əgər Azərbaycan tərəfi mülki əhaliyə və obyektlərə zərbə endirmiş olsa idi, hesab edirəm ki, bunun ağır nəticələri ola bilərdi.

Cəmiyyətdə Xankəndində, Ağdərədə niyə Azərbaycan bayrağı sancılmır deyilir. Məsələ ondadır ki, Azərbaycan bunu etmək üçün şəhərlərə girməli idi. Şəhərlərə girmək isə mülkiləri də hədəf edə bilərdi. İstər separatçıların, istər Ermənistanın, istərsə də Rusiya, İran və Fransanın gözlədikləri baş tutmadı. Bu qədər maneələrə baxmayaraq Azərbaycan tərəfinin istəklərinin baş tutduğunu deyə bilərik.

Rəsmi Bakı artıq separatçı rejimin təslimçiliyə necə əməl edəcəyini gözləyir. Azərbaycan ordusu çıxdığı mövqelərdən geri çəkilməyib. Yəni, əgər separatçılar yenə və yeni oyun oynamağa cəhd etsələr, təslimçilikdən vaz keçsələr, orduya yenidən “vur” əmri verilə bilər.

Separatçılar arasında nə müqavimət göstərmək istəyən qalıb, nə də silah təhvil verməyən. O gün "the end" yazanda niyə yazdığımı bilirdim. Məsələnin hərbi yönü artıq tarix oldu. Bundan sonra Qarabağda iş ordunun yox, polisin, Daxili Qoşunların üzərinə düşəcək.

Səxavət Məmməd

Tarix: 25-09-2023, 15:30 Oxunub: 15


Bölməyə aid digər xəbərlər