Almaniya Ermənistan sərhədlərini satın alır: İrəvan Rusiyanı yenə arxadan vurur

Almaniya Ermənistan sərhədlərini satın alır: İrəvan Rusiyanı yenə arxadan vurur


Almaniya Cənubi Qafqazda yerləşmək üçün Ermənistanın sərhəd təhlükəsizliyinin təmin olunmasını öz üzərinə götürməyə cəhd göstərir... Rəsmi Berlin Paşinyan hakimiyyətinə maliyyə yardımı vəd etsə də, Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması cəhdlərinə Kreml radikal reaksiya verə bilər...
Rusiyanın Ermənistan ilə münasibətlərində kəskin siyasi-diplomatik böhranın yaşandığı artıq inkaredilməz reallıqdır. Kremin bütün cəhdlərinə baxmayaraq, Rusiya və Ermənistan münasibətlərində sabitliyin bərpa edilməsi mümkün olmur. Əksinə, rəsmi İrəvanın "xaotik davranışları" iki ölkə arasında əlaqələri qəlizləşdirməkdə davam edir. Və bu, hazırda Rusiyanın Cənubi Qafqazdakı geopolitik maraqları qarşısında əsas problemlərdən biri hesab olunur.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Rusiyaya münasibətdə manipulyativ xarici siyasət yürüdür. Ermənistanın maraqları tələb edəndə rəsmi İrəvan Rusiyanı ən yaxın tərəfdaş elan edir. ABŞ və Qərbdən aldığı birbaşa təlimatlara uyğun davranaraq, qısa müddətdə də bu mövqeyini dərhal dəyişir. Və Rusiyanı Ermənistanın bütün hərbi-siyasi uğursuzluğunun əsas günahkarı kimi təqdim edir.

 Böyük ehtimalla Paşinyan hakimiyyəti dönəmində rəsmi İrəvanın Rusiyaya yönəlik bu manipulyativ mövqeyi öz ardıcıllığını qoruyub, saxlayacaq. Çünki Paşinyan hakimiyyəti ABŞ və Qərbin siyasi dəstəyini itirməkdən ciddi şəkildə qorxur. Əgər, bu dəstək olmazsa, Ermənistanda hakimiyyət dəyişikliyinin qaçılmaz olması Paşinyan hakimiyyətini ABŞ və Qərbin Rusiya əleyhinə təlimatlarını icra etmək məcburiyyətində buraxır. Və indiki situasiyada rəsmi İrəvanın Qərbin müəyyən etdiyi cizgidən kənara çıxıb, müstəqil siyasi qərarlar qəbul etmək şansı yoxdur.

Halbuki, rəsmi İrəvanın davamlı ittihamları Kremldə artıq qıcıqla qarşılanmağa başlayıb. Xüsusilə də, Paşinyan hakimiyyətinin Rusiya sülhməramlı qüvvələrinin Qarabağı könüllü şəkildə tərk etmiş erməni azlığının təhlükəsizliyini təmin etməməsi barədə ittihamları Kremli açıq-aşkar qəzəbləndirir. Və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın bu barədə son sərt açıqlamasını elə bunun təzahürü hesab etmək olar.

Belə ki, rus diplomatiyasının rəsmi təmsilçisi Ermənistanın Rusiya sülhməramlı qüvvələrinə qarşı ittihamlarının əsassız olduğunu vurğulayıb. Ardınca isə Paşinyan hakimiyyətindən Qarabağı könüllü şəkildə tərk etmiş erməni azlığına qarşı zorakılıq törədilməsi barədə faktları dərhal açıqlamağı tələb edib. Eyni zamanda, rəsmi İrəvanın belə faktlara malik olmasınına inanmadığını bildirib. Və bu, Kremlin rəsmi İrəvan tərəfindən israrla gündəmə gətirilən erməni azlığına qarşı "etnik təmizləmə" barədə iddiaların uydurma olduğunu birmənalı şəkildə təsdiqləməsi anlamına gəlir.

Böyük ehtimalla Kremlin erməni manipulyasiyalarına bu reaksiyası Rusiyanın Ermənistana növbəti xəbərdarlıq mesajıdır. Yəqin ki, Kremldə hesab edirlər ki, erməni uydurmalarının ifşa edilməsinin davamlı xarakter daşıya biləcəyi məzmunlu mesajla Ermənistanın Rusiya əleyhinə ittihamlarını bloklamaq mümkün ola bilər. Halbuki, bu, o qədər də inandırıcı təsir bağışlamır. Və rəsmi İrəvanın Rusiya ilə siyasi-diplomatik qarşıdurmanı davam etdirəcəyi qətiyyən şübhə doğurmur.

Əsas səbəb isə ABŞ və Qərbin Paşinyan hakimiyyətindən Rusiya əleyhinə mövqe tutulmasını tələb etməsi ilə birbaşa bağlıdır. Rəsmi İrəvandan tələb edilir ki, Ermənistanı Rusiyanın təsir dairəsindən mümkün qədər tez bir zamanda uzaqlaşdırsın. Rusiya hərbi bazaları Ermənistan ərazisindən çıxarılsın, qarşılıqlı əməkdaşlıq sahələrinin sırası məhdudlaşdırılsın. Və ABŞ, Avropa Birliyi, xüsusilə də, Fransa bu istiqamətdə Ermənistanı intensiv şəkildə yönləndirir.

Maraqlıdır ki, son vaxtlar ABŞ, Avropa Birliyi və Fransanın sırasına Almaniya da qoşulub. Kremlə yaxın mənbələrdən Rusiya KİV-lərinə sızdırılmış məlumata görə, Almaniya Ermənistanın "satın alınması" variantına üstünlük verir. Belə ki, rəsmi Berlin Rusiya sərhəd qoşunlarının Ermənistandan ən qısa zaman ərzində çıxarılmasında maraqlıdır.

Bəzi iddialara görə, Almaniya da Fransa kimi, Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək üçün səbəb və mexanizmlər axtarışına başlayıb. Belə səbəblərin sırasında isə Almaniya hərbçilərinin Rusiya sərhədçilərinin əvəzinə Ermənistanın sərhəd təhlükəsizliyini öz üzərinə götürməsi ilə bağlı variant da nəzərdən keçirilir. Və rəsmi Berlinin bu variantın reallaşdırılmasının əvəzində Paşinyan hakimiyyətinə maliyyə yardımları təklif etdiyi də bildirilir.

Mətbuata sızdırılmış məlumata görə, Almaniya maliyyə dəstəyi qarşılığında Ermənistanı məhz Qərbin Ermənistan əleyhinə planlarına daxil etməyə cəhd göstərir. Rəsmi Berlin Rusiya-Ermənistan münasibətlərini mümkün qədər korlamağı hədəflıyib. Almaniya Rusiya sərhədçilərinin çıxarılması ilə yanaşı, Ermənistan dövlət aparatının Kremlə simpatiyası olan məmurlardan təmizlənməsini də istəyir. Xüsusilə də, Paşinyan hakimiyyətindən ordunun, kəşfiyyat qurumlarının və hüquq mühafizə orqanlarının Rusiya təsirindən uzaqlaşdırılması tələb olunur.
Almaniya bütün bunların reallığa çevriləcəyi təqdirdə, rəsmi İrəvana genişmiqyaslı maddə-texniki dəstək vəd edib. Eyni zamanda, rəsmi Berlin Paşinyan hakimiyyətinə vəd edib ki, Qarabağ ermənilərinin Avropa Birliyi ölkələrinə kütləvi emiqrasiyası prosesini dayandırmaq istiqamətində dəstək də söz verilib. Və bu, onu göstərir ki, Almaniya da rəsmi İrəvanı "satın" alaraq, öz "geopolitik alət"inə çevirməyə çalışır.

Son vaxtlar Paşinyan hakimiyyətinin dövlət orqanlarında və hərbi strukturlarda "rus agenti ovu"na çıxmasının səbəbləri indi aydınlaşmağa başlayır. İndi məlum olur ki, baş nazir Nikol Paşinyanın yaxın ətrafı vəzifədən uzaqlaşdırılmış məmurları niyə Rusiyaya xidmət etməkdə syçlayırmış. Görünür, rəsmi Berlini Ermənistana vəd etdiyi maliyyə yardımlarını göndərməyə inandırmaq üçün buna ehtiyac duyulub. Və nəticədə rəsmi İrəvan Ermənistanı para vəd edən hər kəsə atmağa hazır olduğunu təsdiqlədi.

Belə anlaşılır ki, Almaniya Cənubi Qafqaza yerləşmək üçün ilk növbədə Ermənistan sərhədlərini "satın almaq" niyyətinə düşüb. Rəsmi İrəvan bu "siyasi bazarlıq"da satıcı rolunda çıxış etsə də, alıcının - Almaniyanın "rus sərhədçilərini çıxart" tələbini icra etmək o qədər də asan olmayacaq. Bu məsələ rəsmi şəkildə gündəmə gətiriləcəyi təqdirdə, Rusiyanın verəcəyi reaksiyanı təxmin etmək hələlik bir qədər çətindir.

Tarix: 17-01-2024, 09:00 Oxunub: 76


Bölməyə aid digər xəbərlər