12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Kreml Paşinyanı niyə vicdansız elan etdi: Qərb isə İrəvanı Rusiyanı sanksiyalardan yayındırmaqda suçlayır

Kreml Paşinyanı niyə vicdansız elan etdi: Qərb isə İrəvanı Rusiyanı sanksiyalardan yayındırmaqda suçlayır


Rəsmi İrəvan Rusiyaya hərbi sənayedə də istifadə oluna bilən müasir elektrotexnika avadanlıqlarının ötürülməsini təmin edir, Ermənistan bankları Kremlin maliyyə vəsaitləri tranzitində önəmli rol oynayır... Paşinyan hakimiyyətinin Rusiyaya münasibətdə maliyyə-iqtisadi manipulyasiyaları ifşa olunmağa başlayıb və bu prosesin Qərbin Ermənistana qarşı sanksiya tətbiq etməsinə qədər inkişaf edə biləcəyi də qətiyyən istisna olunmur...

Ermənistan son dövrlərdə israrla yürütdüyü “sürüşkən xarici siyasət”in nəticələri ilə artıq tədricən üzləşməyə başlayıb. Paşinyan hakimiyyəti dönəmində Ermənistan Rusiyadan uzaqlaşmaq xəttinə üstünlük verməkdədir. Hazırda, rəsmi İrəvanın “Kremldən uzaqlaşmaq siyasəti” öz məzmun və keyfiyyətini dəyişərək, “Rusiyadan qaçış” xarakteri almağa başlayıb. Və bu siyasət hazırda Ermənistan üçün ən real təhlükəyə çevrilmıəkdədir.

Məsələ ondadır ki, rəsmi İrəvan nə qədər Rusiyadan uzaqlaşamağa çalışsa da, ABŞ və Qərbə qətiyyən yaxınlaşa bilməyib. Əksinə, bu avantürist manevrlər sadəcə, Rusiyanın Ermənistana ənənəvi münasibətinin ciddi şəkildə dəyişməsindən başqa heç nəyə yaramayıb. İndi Kremldə Paşinyan Ermənistanına Rusiyaya xəyanət etmiş regional for-post kimi yanaşırlar.

ABŞ və Qərbin Ermənistana münasibəti isə öz sabitliyini qoruyub, saxlamaqdadır. Belə ki, Qərbdə Ermənistanı Rusiyadan qoparmağa çalışmaq niyyətləri olsa da, Paşinyan hakimiyyətinin hazırda buna nail olduğu qənaətindən çox-çox uzaqdırlar. Hətta Ermənistan hələ də Rusiyanın postsovet məkanındakı əsas vassallarından biri hesab olunur. Və bu, Paşinyan hakimiyyətinin avantürist siyasi hədəflərinin boşa çıxdığını, uğursuzluğa düçar olduğunu göstərir.

Buna əmin olmaq üçün Qərb siyasi dairələrinin rəyini və mövqeyini ifadə edən nüfuzlu "The Economist" jurnalının son araşdırmasına nəzər salmaq tamamilə yetərlidir. Belə ki, adıçəkilən jurnal müxtəlif parametrlər - hərbi, siyasi, iqtisadi, ticari və s. sahələr üzrə araşdırmaları ümumiləşdirərək, dünya ölkələri arasında Rusiyaya geopolitik yaxınlıq reytinqini hazırlayıb. Və həmin reytinq cədvəli Ermənistan üçün sözün əsl mənasında, məyusedici hesab oluna bilər.

Əvvəlcə onu qeyd edək ki, həmin reytinq cədvəlində Azərbaycan ilk onluqda ümumiyyətlə, yer almır. Yəni, Azərbaycan dünyada Rusiyaya geopolitik yaxınlığı olan ölkə kimi xarakterizə edilmir. Rəsmi Bakının yalnız Azərbaycanın dövlət maraqlarına istinad edən müstəqil xarici siyasət kursunu bu baxımdan, uğurlu və hədəflərinə çatmış hesab etmək olar.

Ancaq Ermənistan haqqında eyni fikirləri söyləmək sadəcə, mümkün deyil. Belə ki, "The Economist" jurnalı Ermənistanı Belarusdan sonra Rusiyaya geopolitik yaxınlığı ən yüksək olan ölkə olaraq, təqdim edir. Halbuki, Paşinyan hakimiyyəti son bir neçə il ərzində israrla Rusiyadan məsafə saxlamağa, Qərbin isə dəstəyini Ermənistanın arxasına almağa çalışırdı.

Görünür, Ermənistanın ikibaşlı oyunları Qərb siyasi dairələrinin diqqətindən yayınmır və rəsmi İrəvanın bütün ümidlərinin əksinə olaraq, artıq işə yaramır. Hər halda, müasir texnologiyalar dövründə beynəlxalq ictimaiyyəti aldatmaq artıq əvvəlki kimi asan deyil. Və rəsmi İrəvanın “Qərbpərəst siyasi manipulyasiyaları”nın ifşa olunması çətinlik törətmir.

Ona görə də, nüfuzlu "The Economist" jurnalının nəticələrini açıqladığı araşdırmalar Qərbə doğru dartınan Ermənistanın Rusiyaya geri qaytarılması kimi də xarakterizə oluna bilər. Kreml rəsmi İrəvana güvənmədiyi kimi, Qərb siyasi dairələri də Ermənistanın avantürist manevrlərinə etibar etmir. Və bu baxımdan, hesab etmək olar ki, rəsmi İrəvan Rusiyanın əvəzinə nə qədər yeni himayədar axtarsa da, əslində, Ermənistan müəyyən mənada, hələ də sahibsiz buraxılıb.

Maraqlıdır ki, hazırda Ermənistan çarpaz təzyiqlər altına düşməyə başlayıb. Belə ki, Kreml rəsmi İrəvanı Rusiyaya xəyanət etməkdə suçlayır. Əsas arqument kimisə, Paşinyan hakimiyyətinin ABŞ və Qərbi, o cümlədən də, Avropa Birliyinin mülki müşahidə missiyasını Ermənistanda yerləşdirməsinə işarə edir. Və Qərbin Ermənistandakı bütün fəaliyyəti birbaşa Rusiyaya qarşı yönəldiyindən, Kremlin bu arqumenti kifayət qədər əsaslı görünür.

Digər tərəfdən, Paşinyan hakimiyyətinin hər imkanda Rusiyanın patronajlığı altında olan KTMT-nın fəaliyyətini sabotaj etməsi də Kremli ciddi şəkildə qıcıqlandırır. Üstəlik, baş nazir Nikol Paşinyanın vaxtaşırı Rusiyanı və rus sülhməramlıları ittiham etməsi də münasibətləri gərginləşdirir. Erməni baş nazirin 10 noyabr üçtərəfli anlaşmasına görə, Rusiyanın Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmanatçısı olduğunu vurğulaması, Kremli bu öhdəliyi yerinə yetirə bilmədiyi halda, BMT-yə dəstək üçün müraciət etməyə çağırması münasibətləri daha da tündləşdirib.

Məsələ ondadır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova baş nazir Nikol Paşinyanın dediklərini onun vicdanına buraxdığını vurğulayıb. Bu, dolayısı ilə erməni baş nazirin vicdansızlıqda ittiham edilməsi anlamına gəlir. Üstəlik, M.Zaxarova erməni baş nazirə Rusiyanın öhdəlikləri barədə fantaziyalar qurmaq əvəzinə üçtərəfli anlaşmanı açıb, diqqətlə oxumağı da məsləhət görüb. Və bu, rəsmi İrəvanın bütün anlaşmaları yalnız öz maraqlarına uyğun şəkildə uydurma iddialarla yozduğuna işarədir.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan nə qədər ört-basdır etməyə çalışsa da, Rusiya və Ermənistan arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Halbuki, rəsmi İrəvanın Qərblə münasibətlərində də situasiya bundan fərqli deyil. Belə ki, bəzi məlumatlara görə, baş nazir Nikol Paşinyan Almaniya səfəri zamanı olduqca xoşagəlməz sualların hədəfinə çevrilib. Xüsusilə də, erməni baş nazirə Ermənistanın Kremlə Rusiyaya qarşı sanksiyalardan yayınmağa yardım göstərdiyi açıq şəkildə xatırladılıb.

Maraqlıdır ki, Qərbdə rəsmi İrəvanın bəzi malları Ermənistan əhalisinin ehtiyacından yüzdəfələrlə artıq həcmdə idxal etməsindən şübhələniblər. Qərb siyasi dairələri hətta həmin malların Rusiyaya ötürüldüyü barədə ciddi faktlara da malikdirlər. Hesab olunur ki, hərbi sənayedə də istifadə oluna bilən və Ermənistan tərəfindən Rusiyaya ötürülən həmin müasir texnika Kremlə sanksiyalardan yayınmaq imkanları verir.

Digər tərəfdən, Ermənistan banklarının da Rusiyanın maliyyə vəsaitlərinin tranzitində önəmli rol oynadığı barədə məlumatlar mövcuddur. Rusiyaya qarşı sanksiyalardan sonra minlərlə rusun Ermənistanda bank hesabları açması bu tranzitdə yalnız “aysberqin üzdə görünən hissəsi”dir. Yaxın vaxtlarda Paşinyan hakimiyyətinin Rusiyaya münasibətdə maliyyə-iqtisadi manipulyasiyaları barədə daha ciddi faktların ortaya çıxa biləcəyi də vurğulanır. Hesab olunur ki, son vaxtlar Qərb siyasi dairələrinin Ermənistana münasibətdə mövqelərini nisbətən sərtləşdirməyə başlaması da daha çox bunun bağlıdır. Və bu prosesin Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasına qədər inkişaf edə biləcəyi də qətiyyən istisna edilmir.(Yeni Müsavat)

Tarix: 18-03-2023, 09:00 Oxunub: 30


Bölməyə aid digər xəbərlər