Hazırda ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük işlər aparılır, təhsil sahəsində İslahat Proqramı çərçivəsində təhsilin müxtəlif aspektlərini əhatə edən Dövlət Proqramları həyata keçirilir, təhsilin maddi-texniki bazası möhkəmləndirilir, məzmunu və onun təşkili formaları yeniləşdirilir, kadr potensialını gücləndirməklə bağlı müəyyən işlər görülür.
Məktəb direktorunun bir rəhbər kimi özünütəsdiqində və nüfuzunun yüksəldilməsində onun şəxsi mənəvi keyfiyyətləri, peşəkarlığı ilə bərabər, qəbul etdiyi qərarların ədalətliliyi daha böyük rol oynayır. Çünki insanlar həmişə rəhbərin hərəkətlərində və münasibətlərində onun ədalətli olmasını istəyir. Ədalətli rəhbər hər zaman əməkdaşların hörmətini, etibarını qazanır, kollektivdə, cəmiyyətdə yüksək nüfuza malik olur. Hər hansı bir şəxsin məktəb direktoru vəzifəsinə təyin edilməsi barədə əmr verildikdə təhsili idarəetmə orqanı tərəfindən ona müəssisəyə, oradakı kollektivlərə rəhbərlik etmək hüququ, səlahiyyəti verilir, şəxsi nüfuzla bağlı əmrə heç nə əlavə edilmir.
Məktəb direktoru bir idarəedici kimi yüksək intellektə malik ziyalı olmalı, "savadlı, elmli, bilikli, cəmiyyətdə özünü apara bilən, tərbiyəli" - mədəni insan olmalıdır. Məktəb təlim, tərbiyə, təhsil məbədi, mədəniyyət beşiyidir. Ona görə də belə müəssisənin rəhbəri yüksək idarəetmə mədəniyyətinə malik olmalıdır. İdarəetmə mədəniyyəti insanın və cəmiyyətin rifahı və xoşbəxtliyinin zəruri şərtidir. İntellektual, etik və hüquqi mədəniyyətlə yanaşı, idarəetmə mədəniyyətinin yüksəldilməsi bütövlükdə təhsil sisteminin təkmilləşdirilməsinə və nüfuzunun artmasına xidmət edərdi. Təhsil idarəçiləri bilməlidirlər ki, onların yüksək daxili mədəniyyəti insanların qarşılıqlı anlaşmasına, onlar arasında harmoniyanın yaranmasına, daha təkmil idarəçiliyin formalaşmasına aparan yoldur.
Məktəb direktoru, eyni zamanda yaxşı psixoloq olmalıdır.
O, nəinki ümumi psixologiyanı, eyni zamanda pedaqoji psixologiyanı, yaş fiziologiyası və psixologiyasını yaxşı bilməlidir, əks halda, müxtəlif yaş qruplarına aid olan uşaqlar, yeniyetmələr, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri ilə qarşılıqlı anlaşma yaratmadan idarəçilikdə uğur əldə etmək çətindir. Müəssisənin rəhbəri işçilərin psixi xüsusiyyətlərini, xarakterini yaxşı bildiyi zaman onları təşkil edib qarşıya qoyulan məqsədə çatmaq üçün səfərbər etmək asan olur, iş uğurla nəticələnir. Məktəb direktoru işçilərdən kimin hansı temperamentə (xolerik, melanxolik, sanqvinik, fleqmatik) malik olduğunu, xarakterinin zəif və güclü cəhətlərini bildikdə onlara yanaşma yollarını müəyyənləşdirmək, onlarla işçi münasibətlərini qurmaq asanlaşır, kimə hansı işi tapşırmaq, kimin fəaliyyətinə necə nəzarət etmək və s. məsələlər aydınlaşır.
Təranə müəllimə
Salyan şəhər Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli Gimnaziyanın direktoru
Bölməyə aid digər xəbərlər