12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Aqiyə Naxçıvanlı: “Qarabağ erməniləri ölkəmizdə yalnız Azərbaycan vətəndaşı olaraq yaşaya bilərlər”

Aqiyə Naxçıvanlı: “Qarabağ erməniləri ölkəmizdə yalnız Azərbaycan vətəndaşı olaraq yaşaya bilərlər”


“Erməni vandallarının 30 il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərində törətdikləri misli görünməmiş vəhşilikləri, insanlıq əleyhinə yönəlmiş qanlı cinayətləri bu gün artıq bütün dünya ictimaiyyəti etiraf edir. Cari ilin avqust ayının 1-də Ölkə Prezidenti cənab İlham Əliyev Şuşa şəhərində “Euronews” televiziyasına müsahibə vermişdir. Müsahibənin gedişində müxbirin səsləndirdiyi suallarda da bu məqam açıq-aşkar öz təsdiqini tapır. Belə ki, “Euronews”un müxbiri Qarabağın Cənubi Qafqazın yeni tarixində ən zorakı epizodların cərəyan etdiyi səhnə olduğunu deməklə erməni işğalçılarının ölkəmizə və xalqımıza qarşı törətdikləri ağır cinayətlərin dağıdıcı mahiyyətini bir daha qeyd etmiş oldu. Əlbəttə, azad edilmiş ərazilərə çoxsaylı səfərlər edən beynəxalq təşkilatların nümayəndələri də, dünyanın aparıcı media qurumlarının təmsilçiləri də erməni faşizminin törətdikləri dağıntıları öz gözləri ilə gördükdən sonra bu dəhşətli həqiqətləri heç kim dana bilməz. Bununla belə, möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olmasına rəğmən, yenə də sülh prosesinin əsas təşəbbüskarı və müəllifi kimi çıxış edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat həmçinin qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasının bütün Cənubi Qafqaza yeni inkişaf perspektivləri vəd etdiyi halda qarşı tərəfin hələ də bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləməyi tamamilə anlaşılmazdır: “Öz müsahibəsində cənab Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunan Brüssel görüşlərinin əhəmiyyətini qeyd etdi. Əlbəttə ki, sülh sazişinin imzalanmasından öncə bir çox həssas məsələlər öz həllini tapmalıdır. Bu məslələrdən biri sərhədlərin gələcək parametrləri ilə bağlıdır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bilavasitə keçmiş SSRİ-nin dağılması ərəfəsində başlanması faktı nəzərə alınmaqla, iki ölkə arasında sərhədlərin müəyyən edilməsinin vacibliyi xüsusilə qabarıq formada ortaya çıxır. Çünki yerlərdə real vəziyyət də məhz bu məsələnin həllindən asılı olacaq. Eyni zamanda kommunikasiyalarla bağlı vəziyyətə tam aydınlıq gətirilməlidir. Ermənistan imzaladığı 10 noyabr tarixli Bəyanatda üzərinə götürdüyü öhdəliyə nəhayət ki, əməl etməli və Azərbaycanın Naxçıvan kimi eksklavına çıxışı təmin olunmalıdır. Yalnız bütün bu məsələlərə Ermənistan tərəfindən konstruktiv yanaşma olarsa və əlbəttə ki, əgər rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoyarsa, bu zaman iki ölkə arasında sülh sazişinin imzalanması reallaşa bilər.”

Daha sonra A.Naxçıvanlı Qarabağda yaşayan erməni əhalisi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhmiyyətini vurğulayaraq bunları deyib: “Qarabağda vəziyyətin normallaşması üçün tələb olunan əsas məqamlardan biri budur ki, bu bölgədə, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar məhz Azərbaycanda yaşadıqlarını qəbul etməlidirlər. Həmin insanlar, Ölkə Prezidentinin dediyi kimi, digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Qarabağdakı ermənilər onlara daim yalan danışmış, dinc əhalini öz ambisiyalarının girovuna çevirmiş qondarma liderlərinin arxasınca artıq getməməlidirlər. Onlar nəhayət başa düşməlidirlər ki, yalnız Azərbaycan vətəndaşı olaraq ölkəmizdə təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə normal həyat yaşaya bilərlər. Yox, əgər kimsə Azərbaycan vətəndaşı olmağı qəbul etmirsə, bu zaman istər Ermənistana, istərsə də dünyanın digər hər hansı bir ölkəsinə çıxıb gedə bilər. Biz Qarabağa tarix boyu heç bir ermənini dəvət etməmişik və indi də dövlətimiz heç kimi ölkədə zorla saxlamaq niyyətində deyil”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Tarix: 2-08-2023, 11:52 Oxunub: 105


Bölməyə aid digər xəbərlər