Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qədim adət-ənənələrinə, tariximizə, milli-mədəni irsimizə hər zaman böyük dəyər verib. Təsadüfi deyil ki, sovet hakimiyyəti illərində qeyd olunmasına sərt qadağa qoyulduğu Novruz bayramının uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd olunmasına başlanması da məhz həmin ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi sayəsində mümkün olmuşdu. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramı yenidən milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başladı.
Ulu Öndərimiz həmçinin qeyd etmişdi ki, gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Ötən il 28 illik fasilədən sonra Prezidentimiz İlham Əliyev qədim şəhərimiz olan Şuşada bayram tonqalı qaladı. Bu hadisə xalqımızda böyük qürur hissi doğurdu.
Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Ölkənin birinci xanımının 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir.
Novruz xalqı birləşdirən bayramdır. Bu bayramda siaysi mövqeyindən asılı olmarayaq, müxtəlif partiyaların rəhbərləri də bir birilərini təbrik edirlər. Ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiya fonunda bu gözəl ənənə daha da inkişaf edir. Bu amil də milli həmrəyliyimizi və birliyimizi daha da gücləndirir.
Turqay Qəribov-Ramana bələdiyyəsinin sədri
Bölməyə aid digər xəbərlər