12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Aqiyə Naxçıvanlı: “Görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında olan xidmətləri müstəsna əhəmiyyət kəsb edir”

Aqiyə Naxçıvanlı: “Görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında olan xidmətləri müstəsna əhəmiyyət kəsb edir”


“Azərbaycan səhiyyəsinin ən görkəmli simalarından biri, keçmiş SSRİ miqyasında tanınmış alim-oftalmoloq Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Həmin ilin may ayında Zərifə xanımın atası Əziz Əliyev yarımçıq qalmış təhsilini bitirmək məqsədilə Bakıya köçmək qərarına gəlir. Bakıda Əziz Əliyev universitetin tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək elmlər namizədi adını alır. Qısa bir zaman çərçivəsində o, doktorluq dissertasiyasını müdafiə edir və 1929-cu ildə artıq 32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə Komissarlığında səhiyyə komissarının müavini vəzifəsində çalışırdı. Əlbəttə ki, belə bir nümunə qarşısında Zərifə xanımın da öz gələcək taleyini tibb elminə həsr etmək barədə qərar qəbul etməsi heç də təəccüblü deyil. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə bu ali təhsil müəssisəsini əla qiymətlərlə bitirir. Həmin illərdə keçmiş sovetlər birliyinin bir çox respublikalarında, xüsusilə də Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı və bu xəstəliyə qarşı hələ də təsirli müalicə üsulları tapılmamışdı. Məhz buna görə bu infeksiya ilə effektiv mübarizə sadəcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyə sistemi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında profilaktik söhbətlər aparırdı. Zərifə xanımın məhz bu fəaliyyəti onun növbəti illərdə traxoma infeksion xəstəliyinin müalicəsində əldə etdiyi misilsiz uğurlar üçün möhkəm zəmin yaratmış olur.”

Bu sözləri görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasımım 101-ci ildönümü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən deputat Zərifə xanımın fundamental elmi araşdırmaları əsasında müxtəlif göz xəstəliklərinin müalicə üsullarının və profilaktik tədbirlərin işlənib hazırlandığını qeyd edib: “Gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq niyyəti Zərifə xanımı bir müddət sonra Moskva şəhərinə aparır. Burada Zərifə Əliyeva Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır və 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərməyə başlayır. 1950-ci ildə isə Zərifə xanım aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını da davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir. Bu dövrdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.”

Daha sonra A.Naxçıvanlı Zərifə xanım Əliyevanın həm də xoşbəxt bir ailənin necə qurulması və qorunması baxımından bütün Azərbaycan xanımlarına bir örnək olduğunu vurğulayaraq bunları deyib: “Zərifə xanım Əliyeva özünün bütün əhatəli elmi fəaliyyəti ilə yanaşı, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuş, sahib olduğu ailə ocağının daim xoşbəxt olmasını təmin edə bilmişdir. Ulu Öndər Heydər Əliyev Zərifə xanımın bu xüsusiyyətlərini qeyd edərək belə demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.” Bütün bunlarla yanaşı Zərifə xanım elmi fəaliyyətini də uğurla davam etdirir, xalqına xidmətini bir an belə olsun səngitmirdi. 1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. Görkəmli alim, qayğıkeş ana olan Zərifə xanım Əliyeva xalqımız tərəfindən hər zaman ehtiramla yad olunur, onun xalq qarşısında, Azərbaycan səhiyyəsi qarşısında misilsiz xidmətləri daim yüksək qiymətləndirilir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Tarix: 8-04-2024, 08:56 Oxunub: 24


Bölməyə aid digər xəbərlər
26-08-2023, 09:26 Şərəfli xidmət missiyası