Azərbaycanla Qırğızıstanı ortaq dəyərlər birləşdirir




Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstanda, 1998-ci ilin may ayında isə Qırğızıstanın ölkəmizdə səfirlikləri fəaliyyətə başlayıb. Ölkələrimiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və s. kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər. Azərbaycanla Qırğızıstan arasında əlaqələrin daha da inkişafını zəruri edən başqa bir məqam isə ondan ibarətdir ki, hər iki xalq eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdir. Bizi, eyni zamanda, dil yaxınlığı və din eyniliyi də birləşdirir. Hazırda Qırğızıstanda 20 mindən artıq soydaşımız yaşayır və onlar dost ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Məlumat üçün onu da qeyd edək ki, Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərdə qaniçən Sovet rəhbərliyinin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Əsasən Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayan soydaşlarımız tarixi yurdlarından ayrı düşmələrinə baxmayaraq dil və adətlərini bu gün də qoruyub saxlayırlar. Həm Azərbaycan, həm də Qırğızıstan çar Rusiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunub. SSRİ-nin tərkibində olan dövrdə iki müttəfiq respublika arasında sıx iqtisadi və mədəni əlaqələr formalaşıb. Nəhəng imperiya 70 illik ömrünü başa vurduqdan və postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Sevindiricidir ki, diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində iki türk dövləti münasibətlərini artıq strateji müttəfiqlik səviyyəsinə çatdırıblar.
Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Ölkələrimiz belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək. Ortaq tariximiz, mədəni irsimiz, dilimiz, dinimiz, adət və ənənələrimiz, eyni kökə və eyni etnosa mənsub olmamız bu əlaqələri daha möhkəm edəcək.
Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru 



Tarix: 26-04-2024, 10:46 Oxunub: 24


Bölməyə aid digər xəbərlər