“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi “ İctimai Birliyi
Mətbuat xidmətindən aia.az -a bildirilib ki, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Qlobal Əməkdaşlıq Araşdırmaları Mərkəzi” MMC tərəfindən icra edilən “Əlilliyi olan uşaqlara və onların valideynlərinə COVID-19 pandemiyasından sonra normal həyata qayıtmaq və pandemiyanın təsirləri ilə mübarizə aparmaq üçün dəstək” təşəbbüsünü həyata keçirir. Təşəbbüsün ümumi məqsədi əlilliyi olan uşaqların valideynləri arasında bacarıqların artırılması yolu ilə əlilliyi olan uşaqlar üçün inklüziv və keyfiyyətli mühiti dəstəkləməkdir. Təşəbbüsün icra müddəti 10 ay olmaqla, 2023-cü ilin sentyabr ayından başlayaraq, 2024-cü ilin iyul ayına qədər davam edəcəkdir. Təşəbbüsün əsas məqsədi isə əlilliyi olan uşaqların valideynləri pandemiya və digər qlobal sağlamlıq böhranı dövründə əlilliyi olan uşaqların ehtiyaclarını ödəyə bilmək iqtidarında ola bilmələridir. Təşəbbüs Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarını əhatə edir.
Layihə proqramına uyğun olaraq, 22-25 May tarixlərində Gəncə şəhərində “Güclü valideynlər, Güclü uşaqlar: Əlilliyi Olan Uşaqların Valideynləri üçün təlim” tədbiri həyata keçirildi. İştirakçılar Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarından qatılan nümayəndələr, əlilliyi olan uşaqlar və 20 nəfər valideyn idi.
Gəncə şəhərində “Əlilliyi olan uşaqlara və onların valideynlərinə COVID-19 pandemiyasından sonra normal həyata qayıtmaq və pandemiyanın təsirləri ilə mübarizə aparmaq üçün dəstək” təşəbbüsünə aid 3 günlük tədbirin rəsmi açılışında Dövlət Himnimiz səsləndirildi və Şəhidlərimizin əziz xatirəsi yad edildi. “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədova əlilliklə bağlı dövlətin və ümumilikdə cəmiyyətin onlara qarşı artan diqqətinin, onların cəmiyyətə inteqrasiya prossesinin daha da sürətləndirilməsi üçün atılan vacib addımlardan məruzə etdi. Həyata keçirdikləri bu layihənin bu istiqamətdə necə vacib rol oynadığını qeyd edərək, regionlarımızdan gələn iştirakçıları salamladı və onlara uğurlar arzuladı. Açılışdan sonra layihə tədqiqatçıları Rima Məmmədova və Kəmalə Qəhrəmanova əlillik və ona yanaşma növləri, vətəndaşların dövlət proqramlarına müraciət qaydaları, valideynlərin psixoloji və emosional sağlamlığı, ailədaxili münasibətlər və əlilliyi olan uşaqların adaptasiyasının yüngülləşdirilməsi yolları haqqında maarrifləndirici təqdimatlarla çıxış etdilər.
Həmçinin təlimdə, əlilliyi olan uşaqların sosial/fiziki məsafənin və psixoloji sağlamlıqlarının idarə edilməsi qaydaları, mövcud tibbi vəziyyətə görə infeksiya qorxuları, infeksiyaya yoluxma zamanı cəmiyyətdə üzləşdikləri ayrı-seçkiliklər, əlilliyi olan uşaqlara sahib olan valideynlərin karyera fəaliyyətlərində yaşadıqları problemləri, təhsil və məktəb fəaliyyətlərinin məhdudlaşdırılması, tibbi müayinə və müalicə zamanı üzləşdikləri bir sıra çətinliklər, valideynlərin əlilliyi olan uşaqların qarşısında psixoloji və məişət zorakılığını yaşama qorxusu, müntəzəm tibbi müayinələrə gedilməsində üzləşdikləri çətinliklər və s. bu kimi müxtəlif mövzular müzakirə olundu.
Bunlardan əlavə “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İB-nin Rəqəmsal Xidmətlər Mərkəzinin direktoru Vüsal Bəxtiyarov "Sosial şəbəkələrin düzgün yaradılması və səmərəli istifadə qaydası" və Gəncə Dövlət Universitetinin Umumi pedaqogika kafedrasının muəllimi Lamiyə Hacımuradova inkluziv təhsilin önəmi mövzusunda iştirakçılarla geniş və maraqlı müzakirələr apardılar. Əlilliyi olan uşaqların valideynlərinə psixoloji dəstək məqsədi ilə Sano Psixologiya və Nitq Mərzinin baş psixoloqu Şura Heydərova meditasiya proqramı ilə çıxış etdi. Təlim zamanı həmçinin “V-handmade accessoires” təsisçisi-Vüsalə Hacıyeva özünün fiziki məhdudiyyəti haqqında valideynlərlə fikirlərini bölüşdü və onların motivasiyasını yüksəltmək üçün müxtəlif master klasslar həyata keçirdilər.
Təlim proqramına uyğun olaraq, tədbir 3 gün davam etdi. Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyalar təşkil olunaraq, fiziki məhdudiyyətli uşaqların sərgiləri ilə yaxından tanış oldular. Tədbirin sonunda layihə iştirakçıları sertifikatlarla təltif olundu, hədiyyələrlə mükafatlandırıldılar.
Bölməyə aid digər xəbərlər