Avqustun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub.
aia.az xəbər verir ki, açılış mərasimində AHİK sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirak edib.
Məlumat verilib ki, mərkəzdə 100 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar kondisioner, televizor, soyuducu, seyf, fen və xalatlarla təchiz olunub. Eləcə də burada ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri də mövcuddur. Mərkəzin ərazisində ikimərtəbəli müalicə korpusu da var ki, bunun da birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri yerləşir. Qapalı hovuz da istirahət edənlərin istifadəsindədir. Həmçinin müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan zalda hər cür şərait var.
Ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.
AHİK sədri istirahət mərkəzinin ərazisini gəzib, korpuslara baxış keçirib, istirahət üçün yaradılmış şəraitlə tanış olub.
Yaradılmış şəraiti yüksək qiymətləndirən Konfederasiya sədri mərkəzin rəhbərliyinə xidmətlərin daha da yüksək səviyyəyə qaldırılması və yarana biləcək hər hansı problemin dərhal aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.
Bölməyə aid digər xəbərlər