12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"ATƏT-in Minsk Qrupu və onunla əlaqədar bütün təsisatlar artıq ləğv edilməlidir" - Politoloq Ülkər Piriyeva ilə MÜSAHİBƏ



Politoloq Ülkər Piriyeva

Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixdə qalıb. Heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun bu munaqişəni həll etməsini 30 il gözləməkdən səbri tükənən Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə nəhayət 2020-ci ildə cəmi 44 gün ərzində ölkənin ərazi bütövlüyünü bərpa edərək regionda kimin söz sahibi olduğunu gostərdi. Bundan sonra ATƏT-in Minsk Qrupu və onunla bağlı təsisatlar bağlanacaqmı? Azadmedia.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Ülkər Piriyeva Sonxeber.az-ın suallarını cavablandırıb.


- ATƏT-in Minsk qrupu ləğv ola bilərmi?


- Əvvəla onu qeyd edim ki, birmənalı olaraq Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixdə qalıb. 2020-ci ildə baş verən 44 günlük müharibədən və nəticə olaraq, qazandığımız şanlı Zəfərdən sonra regionda konkret olaraq kimin söz sahibi olduğunun möhürünü vurmuş olduq. Əlbətdə ki, Cənab Ali Baş Komandanın təmin etdiyi bu cür sülh şəraitində münaqişədən danışmaq belə absurddur. Düşünürəm ki, buna görə ATƏT-in Minsk Qrupu eyni zamanda, onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin artıq vaxtıdır. Hər birimizə də, məlumdur ki, Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür. Belə ki, Rəsmi Bakı regiondakı mövcud reallıqlar fonunda ATƏT-in Minsk Qrupuna artıq heç bir ehtiyac qalmadığını, Minsk qrupunun, tamamilə fəaliyyətsiz strukturlarının artıq ləğv edilməsinə də çağırış edib. Bütün bunlarla da yola çıxarsaq əgər, məlumdur ki, Minsk qrupu onsuz da işləmirdi. Fikrimcə, yalnız kağız üzərində qalmış bir təşkilatı heç təşkilat belə adlandırmaq olmaz və onun qısa bir zamanda ləğvi labüddür.

- Qarabağ münaqişəsinin həllindən sonra bu qurumun fəaliyyəti kimlərə maraqlıdır?


-Təbii olaraq açıq-aydın görünür ki, həmsədrlər qismində olan Rusiya xaric, ABŞ və Fransa da bir sıra məsələlərdə sadəcə və sadəcə Ermənsitana dəstək verir. Belə bir halda Qarabağ münaqişəsinin həllindən sonra bu qurumun fəaliyyətinin artıq kimlərə maraqlı ola biləcəyi göz önündədir. Qısacası, bu qurumun bu saatdan sonrakı fəaliyyəti sadəcə Cənubi Qafqaz regionunda sakitlik və sabitlik istəməyən, dünyanın dörd bir yanında hər daim qaynar münaqişə ocaqları yaradan ABŞ və Fransa kimi ölkələrin marağına və işinə yaraya bilər.

- Ermənistan baş naziri N.Paşinyanın bu barədə çıxışını necə qiymətləndirirsiniz?

- Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırdı. Yaxın saatlarda da Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh prosesi kontekstində ATƏT-in Minsk Qrupunun ləğvini mümkün saydığını qeyd elədi.
Qeyd edim ki, Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini artıq bərpa edib. Bununla yanaşı, Ermənistan mövcud reallığı qəbul edib. Hesab edirəm ki, ölkə olaraq nümayiş etdirdiyimiz bütün addımlar Qafqazda hər daim sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Cənab Prezidentimiz İlham Əliyevin də vurğuladığı kimi, "Biz Qafqazda sülh gündəliyini təşviq edirik və bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir."
Bəli, madam ki, biz xarici işlər nazirləri səviyyəsində birbaşa görüş keçirdiksə, həmçinin delimitasiya və demarkasiya məsələləri üzrə komissiyanın birbaşa görüşlərini təşkil etdiksə, bu istiqamətdə belə bir halda üçüncü tərəflərə - ATƏT-in Minsk Qrupuna və ya qeyrisinə nə gərək var?!
Ancaq hər bir halda, Ermənistan hər nə qədər dırnağarası sülhə yönəlik addımlar atmaq istəyini göstərməyə çalışsa da, Ermənistanın baş nazirinin avqustun 31-də keçirdiyi mətbuat konfransında növbəti dəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən bir sıra açıqlamalar verməsi əlbətdə ki, təəssüf doğurur. Bu da öz növbəsində, Azərbaycana qarşı gizli gündəminin mövcudluğunu nümayiş etdirir. Ancaq düşünürəm ki, Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübuta yetirmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan artıq çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz real addımları ilə hörmət etdiyini göstərməlidir. Ermənistan üçün tam da bunun vaxtı gəlib, keçir belə..
Lakin hər bir halda, atalarımız gözəl deyib: "İtlə dostluq elə, amma çomağı əldən qoyma!"


Fəxriyyə Adil


Tarix: 3-09-2024, 10:07 Oxunub: 19


Bölməyə aid digər xəbərlər
27-09-2023, 12:09 Müqəddəs ali ehtiram